İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayının qanacağı

İdman sahəsində aparılan işlərin respublikamıza böyük xeyir verdiyini dəfələrlə görmüşük. Məsələn, paralimpiyaçılarımız arasında gözü açılan, yeriməyi öyrənən əlillərə rast gəlinmişdir.

Elə bunlardan biri Gürcüstanda cüdo yarışına, Avropa çempionatına qatılmaq istəyən idmançımız olmuşdu, keçən ay onu Tiflisdə yoxladılar, gördülər sapsağlam adamdır. Qalmaqal qopdu, deyildi ki, guya biz əlil yarışlarına sağlam adam göndəririk, idmançılara dopinq vururuq və sairə. Halbuki adam əvvəl əlil olub, uğurlu siyasət sayəsində yeriməyi öyrənibsə, burada neqativ nə var? Bizdə belə işlər tarixən mövcud olubdur. Məsələn, Şəkidə Saqqız piri var idi, ora gedən lalın dili açılırdı, korlar görürdü, şillər durub qaçırdı. 

Dopinqə gələndə, buna da bizim ehtiyacımız yoxdur. Biz heç dabaq dananın ətini yeyəndə yoluxmuruq, əlavə gücləndirməyə nə ehtiyacımız? Bunu özümdən yazmıram, dabaq idarəmizin müdiri Bayandur xan təzəlikcə narahat xarici qara qüvvələrə izahat verdi (biz bilirik), dedi azərbaycanlıların dabağa yoluxma ehtimalı sıfıra yaxındır. 

Sözgəlişi, 2-ci dünya savaşı vaxtı da bir sumqayıtlını faşistlər qaz kamerasında boğmaq istəmişdilər, görmüşdülər uzanıb “oxqay, oxqay” deyir, Siklon B qazını ciyərlərinə çəkir. 

Bu arada, Ermənistanda korona xəstəliyinin olmadığını öyrəndik. Əks halda, hökumətimiz QHT nümayəndələrini uçağa doldurub İrəvana göndərməzdi. Axı onlar gəlib bizi yoluxdurardı! Ah, vax... Deməli, ilkin olaraq quru sərhədlərimizi Ermənistana aça bilərik. İndi söz əlaqədar Operativ Qərargahındır. 

Qayıdaq mövzuya. İdman sahəsinin harasını qaldırsan uğur çıxır. Dünən AsanTV vasitəsilə yayılan bir süjeti izlədim. Orada niderlandlıya ərə getmiş azərbaycanlıdan bəhs olunurdu (yeri gəlmişkən, 2020-ci ildən rəsmi qərar var, artıq biz Niderlanda Hollandiya deyə bilmərik). Onların tanışlıq səbəbi isə... futbol olub. Keçən il Niderlandın “Ayaks” klubu Bakıya, “Qarabağ”la oynamağa gələndə hava limanında üz-üzə gəliblər, aşiq olub evləniblər. Çox romantik əhvalatdır, inşallah, axırda Xoşqədəm xanımın verilişinə çıxmasınlar, ilahi, amin. 

Sözü ona gətirirəm ki, futbol sayəsində xalqımız xoşbəxt olur, ailə qurursa, bu, AFFA-nın düzgün yolda olmasına dəlalət etmirmi? Edir. Hər dəfə bir nəfər bu minvalla koronavirus epidemiyasından, pandemiyadan canını qurtarıb xaricə axın etsə, baxarsan quru sərhədini açmağa heç ehtiyac qalmamışdır. Şair demişkən, toy olsun, bayram olsun, həyat firavan olsun...

Firavanlıq heyvanlar aləmimizə də müsbət təsirini göstərir. Bu yaxında hansısa rayonda ayı heyvan otaran vətəndaşa hücum çəkmişdi. İtlər ayını qovmuşdular. Vətəndaş yüngülvari xəsarətlə qurtularaq jurnalistlərə intervü verirdi. Allah bilir, bəlkə də bu, onun həyatda yeganə intervüsü olaraq qalacaqdır. Yəni bəzən efirlərə çıxmaq üçün vətəndaşlara “həcilər və rəislər” sponsorluq edirsə, bəzən də ayılar işə qarışır. Lakin indi diskussiya mövzumuz bu deyil. Heç ayının qış yuxusuna getməkdə çətinlik çəkməsi, lazım olan qədər piy toplaya bilməməsində Ramiz Mehdiyevin çirkin fəaliyyətini də qeyd etmək fikrim yoxdur. Məni ayının qanacağı düşündürdü. İzah edim. 

Bir cavan uşağın başqasını bıçaqlayıb öldürməsi videosuna baxmışdım. Əhvalatın qısa süjeti belə idi: ustalar yeyib-içib, sərxoş vəziyyətdə, söyüş söyərək küçədə gedirmişlər. Bu yeniyetmə ilə ağızlaşıblar, nəticədə ölüm olub. Yeniyetmənin ciblərində 2 bıçaq var imiş. Amma onun vəkilləri iddia edirdilər ki, gənc çox mehriban adamdır, qəsdən insan öldürməklə də arası yoxdur. (Mənim versiyama görə, iki bıçağı türkçü olduğu üçün gəzdirirmiş, çünki qıpçaq qəbilələrinin tamğasının iki bıçaq şəklində olduğu, “qıpçaq” sözünün məhz belə, “iki bıçaq” ifadəsindən yarandığı ehtimalı vardır).

Əlbəttə, deyə bilərsiniz ki, ölüm olub, bir yeniyetmənin də həyatının bundan sonrakı hissəsi qaralıb, heç sinizmin, qara yumorun yeridirmi? Deyin da bə. Açığı, artıq bu cür hadisələrə ciddi və kədərlə yanaşa bilmirəm. Ağzına və əlinə yiyə dura bilməyənlərə niyə acımalıyam? 

Üstəlik, yuxarıda yazdım, ayı belə itlər hürəndə qaçıb, amma biz insanlar hay-küyə fikir vermədən insan öldürməyə davam edirik. Ayılar insanlardan mərifətlidir. Buna and içə bilərəm. 

P.S. Dünən bir “ağıllı” da yazmışdı ki, qətllər artıb, buna görə də... ölüm cəzasını bərpa etməliyik. Etiraf edim, buna da xeyli güldüm. Üzrlü sayın. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR