Onlayn ictimai-siyasi qəzet
Makron Fransasında etirazlar yenidən baş qaldırır, bu dəfə əmək haqqının qaldırılması tələbləri gündəmə gətirilir. Amma ölkə əhalisinin problemlərini həll edə bilməyən “Böyük bacı” yenidən səxavət kisəsini açıb və Ermənistana Qarabağdan köçən ermənilər üçün BMT-nin ərzaq proqramına 1 milyon avro ayırdığını açıqlayıb. Bundan əvvəl Fransa XİN rəhbəri Ketrin Kolonna Ermənistana ayrılan yardımın artırıldığını söyləmişdi.
Qarabağ kartı əlindən çıxan Fransa indi heç olmasa “erməni məcburi köçkünlər” kartından yararlanmağa çalışır. Elə bilirsiniz məqsəd-məram ermənilərə “gün ağlamaq”, onlara normal gələcək bəxş etməkdir? Xeyr! Fransa bu yolla Ermənistanın içərilərində özünün yerini genişləndirmək, gələcəkdə Rusiyanı buradan sıxışdırıb çıxartmaq, Qafqazlarda kök salmaq, Ermənistanın nəyi varsa, ona sahiblənmək, eyni zamanda həm İran, həm Türkiyə, həm də Azərbaycan sərhədlərində özünə “yuva” qurmaq niyyətindədir, məkrli planları naminə. Ermənilər də elə zənn edirlər ki, Makron, ya Kolonna xala onları xilas etmək üçün bütün beynəlxalq platformalarda qollarını çırmayıb...
Fransanı Qarabağ ermənilərinin taleyi düşündürsəydi, 30 illik həmsədrliyi dönəmində onlara başa salardı ki, silahı yerə qoysunlar, Azərbaycanın daxilində adam kimi yaşamaq yolunu seçsinlər. Etmədilər ki? Heç olmasa 44 günlük müharibədən sonra Qarabağdakı separatçıları başa salardılar ki, daha xam xəyalları bir kənara tullayın, 21-ci əsrin ordusuna sahib Azərbaycanla üz-üzə gəlməyi ağlınızın ucundan keçirməyin, əgər o ağıl varsa?..Demədi. Heç olmasa bir günlük sentyabr antiterrpor tədbirindən sonra Qarabağdakı mülki ermənilərə başa salardılar ki, daha xunta rejimi də darmadağın oldu, bundan sonra başınızı salın aşağı, yaşayın burada, bir də başınız bədəninizə ağırlıq eləməsin. Yenə etmədi. Hətta bir-birinin ardınca erməni separatizmini, terrorizmini diriltməyə yönəlik cəhdlərə əl atdı BMT TŞ-də, AP-da, AŞ PA-da...İndi də əl çəkmir, gündə bir dəstə özünə oxşarları toplayıb Qarabağdan könüllü şəkildə köçmüş ermənilər üçün yasxana açır, Azərbaycanı ittiham edir, ölkəmizə qarşı sanksiya təhdidləri səsləndirir. Düzdür, Makron sanksiyaların Azərbaycana təsir etməyəcəyi barədə etirafını dilə gətirib, amma o da istisna deyil ki, bu yolla özünü “yaxşı oğlan” kimi göstərmək istəyir, axı, danışıqlarda masa arxasında oturmaq arzusundadır.
Fransa erməni “köçkünlər”ə xərc çəkməkdənsə, onlara çağırış edə bilərdi ki, Azərbaycan dövlətinin təklifini dəyərləndirin, vətəndaşlığını qəbul edin, yaşayın! Bu halda Fransanın əlini cibinə salmasına ehtiyac qalmazdı, vətəndaşlığını qəbul edən ermənilərin xərcini Azərbaycan dövləti çəkərdi. Makron gedib Marsel ermənilərinin dərdiniçəkməkdənsə, onların tələblərini yerinə yetirməkdənsə, Qarabağ ermənilərinin qurduğu tamaşadan gözlərini çəkə bilmir.
Məhz elə Fransa kimi ölkələrin katalizator rolunu oynamasının nəticəsidir ki, “reanimasiyada, süni nəfəs aparatında qoyuşmuş vəziyyətdə” olan Qarabağ caniləri yenidən dirilməyə başlayırlar. Budur, Samvel Babayan iddia edib ki, “artsax”a “xüsusi status, muxtar vilayət statusu verilməsə, “artsax sakinləri geri qayıtmayacaq və ora köçməyəcəklər”. Sərsəmliyin, axmaqlığın, nə bilim nəyin də həddi-hüdudu olar, amma bu, babayanlara aid deyil. Tökdüyü qanlara görə nə vaxtsa cəzasını alacağını anlayan bu axmaq hələ xuntanın keçmiş başçısı Samvel Şahramanyanın “fərmanı”nı da geri oxutmağa çalışır, “parlament” yolu ilə, daha nələrlə. Axı, Şahramanyan xunta rejiminin özünü buraxdığını elan etmişdi, Babayan əleyhinə çıxır. Səbəb? Sözsüz ki, həm də Avropa Şurası Parlament Assambleyasının sonuncu anti-Azərbaycan qətnaməsidir. Düzdür, rəsmi Bakı AŞ PA-nın qətnamə və tövsiyələrini qətiyyətlə rədd edib, cavab özünü gecikdirməyib. Amma özünü beynəlxalq təşkilat adlandıran, Fransanın ağuşundakı bu ermənipərəst təşkilatın öz ərazi bütövlüyü və suverenliyini təmin edən Azərbaycandan nəyisə tələb etməsinin özü utanc gətirən haldır. İkinci Dünya Müharibəsində darmadağın edilən alman faşistlərinə görə beynəlxalq aləm kimin müdafiəsində durdu, on milyonlarla insanın məhvinə səbəbkar olan faşistlərinmi? Yaxud Nürnberq Məhkəməsində faşistlərin hansı iddiası təmin edildi, bəlkə onların “hüquq və azadlıqları”, “humanitar böhranla üzləşməsi” müzakirə predmeti oldu. Olmasın İkinci Dünya Müharibəsi, olsun İkinci Qarabağ müharibəsi. Hər ikisində işğal varmı? Var! Hər ikisində zərərçəkən tərəf varmı? O da var! Azərbaycan alman faşistləri ilə müharibədə 300 mindən artıq insanını itirmişdisə, erməni faşizminə qarşı Vətən savaşında üst-üstə 30 min şəhid verib. Miqyası müzakirə edəndə heç də az itki deyil. Həm də faşist Njdenin nəvələri ilə savaşda... Üstəlik, alman faşistlərindən daha çox qəddarlıq edən erməni faşizminə qarşı döyüşüb Azərbaycan. Alman faşistləri mülki əhaliyə qarşı ermənilərin Xocalı, Meşəli, Bağanis Ayrım, Ağdaban...və digər ərazilərdəki kimi qəddarlıq etməmişdilər.
Bütün bu faktların fonunda AŞ PA-nın Azərbaycan əleyhinə qətnamə qəbul etməsi əclaflığın iki qatıdır. Bəs harda qaldı beynəlxalq hüquq, haqq-ədalət, konvensiyalar?! Yalnız 44 günlük müharibədən sonrakı 35 ay ərazində Azərbaycanın 400-ə yaxın vətəndaşı mina terrorunun qurbanı olub, AŞ PA-dakılardan səs çıxmayıb bu müddətdə. Doğrudanmı vicdanı o qədər itirmək lazımdır ki, Qarabağı yenidən tikən Azərbaycanın mülki vətəndaşlarına qarşı mina terrorunu davam etdirənlərdən heç olmasa bu alçaq əməli dayandırmağı, mina xəritələrini təqdim etməyi istəməyəsən?!
Avropa Parlamentinin qərəzli, saxta iddialarının ardınca Avropa Şurası Parlament Assambleyasının da Azərbaycana erməni şərini atmağa çalışması dünya hüquq və parlamentarizm sisteminə ayıb hadisədir. Özü də bu, 21-ci əsrdə baş verir! Ermənistan Azərbaycanın əsas hissəsi ilə yarım milyon əhalisi olan Naxçıvan Muxtar Respublikası arasındakı dəmir və avtomobil yollarının bərpasına imkan vermir. Amma AŞ PA öz qətnaməsində Naxçıvana açıla biləcək yolun erməniləri narahat etməməli olduğunu önə çəkir. Yaxud Azərbaycandan öz istəkləri ilə köçən ermənilərin guya hansısa təzyiqlərə məruz qaldıqları haqda heç bir fakta söykənməyən iddiaları rəsmiləşdirir. Azərbaycanın qarşısında tələblər qoymağa cəhd göstərilir, Qarabağ erməniləri ilə bağlı sərsəm iddialar irəli sürülür, iştahları da çox böyükdür, rəsmi Bakı onların yersiz istəklərini icra edib, gecikmədən Strasburqa, “böyük bacılar”a məlumat verməliymiş. Özlərini Mərkəzi Komitə hesab edirlər deyəsən. Ermənistan 4 min azərbaycanlının taleyinə aydınlıq gətirmir, təkcə azad olunmuş ərazilərdən 500 vətəndaşımızın qalıqları aşkarlanıb, AŞ PA Qarabağ ermənilərinin halına ağlayır.Niyə? Kim onlara “get” dedi? Azərbaycan hətta əməliyyatın qızğın vaxtında erməni mülkilərin zərər çəkməməsi üçün əlindən gələni etdi və hansısa erməni sakinin ölümü, yaralanması barədə bircə fakt belə yoxdur. AŞ PA-dakı çoxluq niyə bu faktlara kor və kardır?!
Özlərini “demokrat” adlandıran dəstənin qəbul etdiyi sənədə Naira Zoqrabyanın elə Strasburqda qoyduğu ada etirazımız yoxdur: “Zibil”. Adı ilə yaşasın!
Zibillikdə eşələnənlərin iddiası odur ki, Azərbaycan Qarabağın erməni əhalisinə qarşı hər hansı etnik təmizləmə həyata keçirməyəcəyinə inandırmalıdır. Axmaqlığın həddi-hüdudu yoxdur. Baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləməni həm Qərbi Azərbaycanda, həm də Qarabağda hələ 30-35 il əvvəl həyata keçirmişdi, amma AŞ PA-dakılar kor qalmışdılar bu həqiqətə. İndi Azərbaycan strasburqdakıları inandırmaq üçün nə etsin: bəlkə... “Dədə Qorqud” filmində bir səhnə var: Beyrəyin ağlamaqdan kor olmuş atası deyir oğlum olduğunu ondan bilərəm ki, barmağını çərtib, qanını gözlərimə sürtsün, açılsa, demək...”
İndi ermənilərin yalançı hay-küyünə, vay-şivəninə illərdir yas tutub, ağlayan və ağlamaqdan gözləri kor olmuş AŞ PA, AP, Aİ kimi beynəlxalq təşkilatların bəsirət gözlərinin açılması üçün Azərbaycan barmağını çərtməlidir?..
Elşad Paşasoy,
Musavat.com
21 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
09 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
21 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
13 Oktyabr 2024
10 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ