Onlayn ictimai-siyasi qəzet
Maliyyə Nazirliyi Almaniya Federativ Respublikasındakı səfirliyimizdə qorxunc korrupsiya faktları aşkara çıxarıb. 2014-cü ildən 2021-ci ilə qədərki dövrdə səfirlikdə “bank çıxarışlarındakı məlumatların dəyişdirilərək saxtalaşdırılması, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarının təyinatından başqa hesablara köçürülməsi yolu ilə mənimsənilməsi” aşkar edilib. Fakt o qədər ciddidir ki, nazirlik bunu araşdırmaq üçün prokurorluğa yox, birbaşa DTX-ya təqdim edib.
İşin başqa maraqlı detalı odur ki, Maliyyə Nazirliyi bu yoxlamaları ilin əvvəlindən aparıb, lakin oradakı səfirimizə hər hansı “blok” qoyulmayıb. Hətta onu avqustda Cənubi Koreyaya səfir göndəriblər. Yəqin yaxşı işlədiyi üçün. Hər halda, Cənubi Koreya da bizim üçün vacib ölkələrdən biridir. İqtisadi əlaqələrimiz zirvələrdə uçur. Bəzi oliqarxlarımız orada hətta gəmi zavodları almışdır. Ora məhz yaxşı yeyici adam lazımdır.
Eyni zamanda hökumət televiziyalarındakı Almaniyanın dağılması, Avropa iqtisadiyyatının çökməsi haqda süjetlərin haradan qaynaqlandığı ortaya çıxmaqdadır. Almaniya dağılmasaydı, səfirliyimizdə yeyinti olmazdı. Dağılan ölkədə mümkün qədər çox yeməlisən, dərialtı piy qatı minerallarla zəngin olmalıdır, boyun yoğunlamalıdır ki, dövlətin qırıntıları altında salamat qalasan. Biz bunu uşaq vaxtından bilirik, hamımıza anamız xörək çəkəndə mütləq belə şərh vermişdir: “Yaxşı yeməsən Mamedin oğlu (misal üçün) sənin ağız-burnunu dağıdacaq”.
Deməli, nəticə çıxır: səfirliyimizdə korrupsiyanın günahkarı Olaf Şolts, ondan da qabaq Angela Merkel olmuşdur. Bizim səfirin, konsulluq zəhmətkeşlərinin nə günahı var? Təmiz uşaqlardır. Yeganə fəaliyyətləri Azərbaycan həqiqətlərini dünyaya yaymaqdır.
İsa Qəmbərin (belə məqamlarda bunu xüsusi vurğulamalıyıq) Almaniyada yaşayan qardaşı Rövşən müəllimin qəfil yel kimi respublikamızda peyda olması və şəhərsalma ilə bağlı müdrik, yağlı təkliflər irəli sürməsi də elə bu tənəzzülün əlamətidir. Almaniya dağılmasa, niyə bura qaçırdı?
Bu temada bir aforizm də var: “İstəyirsən dünyanı su bassın, ördəyin nə vecinə?” Doğrusu, bizim mövzuya aidiyyəti yox idi, heç bilmirəm niyə yazdım. Yəqin insan 70 faiz sudan ibarət olduğu üçün su mövzusu həmişə bizi çəkir. Lakin eyni məntiqlə xiyarlar suyu daha çox düşünməlidir, çünki bir xiyarın ortalama 95-96 faizi sudur. O cümlədən bəzən təhqir üçün insanlar bir-birinə “xiyar” deyərək müraciət edir, bu da tərkib etibarilə yanlış yanaşmadır. Gərək insan həmin bitkiyə çevrilmək üçün əlavə olaraq 35 faiz də su qəbul eləsin. Nəsə, inşallah, bu araşdırmaya başqa vaxt yenidən qayıdarıq.
Orada (Almaniyaya qayıtmışıq, mövzu korrupsiyadır) hələ Reyn çayı da yayda qurumuşdu, suyun dibində nələrin yatdığı ortaya çıxmışdı. Çürümüş gəmilər, Hitlerin bombaları, nə bilim, Göbbelsin aftafası... Almanlar çox qəribə artefaktlar tapmışdılar. Biz də çayın qurumasının nəticələriylə üz-üzəyik. Ümid eləyək daha Reyn çayı qurumasın.
İndi ağlıma gəldi, “quruması” sözü ilə “qurumsaq” sözünün qulaq qafiyəsindən yaxşı şeir yazmaq olar. Bu qafiyəni reperlərimizə, məsələn, hörmətli Pasterə bağışlayıram. Təzə bir rep yazsın, yenə içəri bassınlar, yoxsa qlamurlaşma meylləri duyulur. Bu gedişlə rep üzrə respublikanın əməkdar artisti adına layiq görüləcək.
Almaniya səfirliyimizdəki yeyintinin bizi hansı maraqlı istiqamətlərə apardığına canlı şahid oldunuz. Deməli, korrupsiya vacibdir. Nəinki vacibdir, hətta zəruridir. Atalar sözündə deyilən kimi: “Dövlətin malı dənizdir, Onu yeməyən donuzdur”.
Allaha şükür, biz hamımız müsəlman ümmətiyik.
P.S. Təsəvvür elə, səfiri tutasan, o isə məhkəmədə belə ifadə verə: “Babam Berlin uğrunda döyüşdə həlak olduğu üçün Almaniyaya nifrət edirəm. Bu pulları da onu dağıtmağa xərcləmişik”.
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ