İnsanlara hürriyət, millətlərə istiqlal!

5-ci kolona xidmət edən zootexnik

“Əti sənin, sümüyü mənim”

(ata sözü)

Kənd təsərrüfatı sektorumuz yüngülvari böhran yaşayır. Pambıq əkdik, qozasından bir şey çıxmadı, ipəkqurdu saxladıq, atlas olmadı. Halbuki, səbr ilə halva bişməliydi, ən azı. Kartof yenə İrandan-Turandan gəlir, çay Seylondan, nə bilim, un Qazaxıstandan. Bircə heyvanlarımıza ümidimiz var idi, düşünürdük danalar bizi darda qoymaz. Ancaq sən saydığını say... Ət qıtlığı yaranıbdır. Qəssablar qan ağlayır. (Kino sənayemiz dirçəlsə, təzə mədəniyyət naziri bu sahədə işlər görə bilsə “Qan ağlayan qəssablar” adıyla maraqlı qorxu filmi çəkmək olar).

Saymaq demişkən, mən adətən gecələr gec yatıram. (Bu yerdə “sən gecələr yat, a Qurban” sitatının yeridir, lakin yuxarıda yazdım – milli kinomuz inkişaf edəndən sonra. Hələlik bu sitatın işlənməsi məqsədəuyğun sayılmır). Yuxuya getmək üçün çox vaxt dədə-babadan qalma, klassik üsuldan istifadəyə məcburam: bir çəpər təsəvvür edirəm və onun üstündən aşıb qaçan qoyunları sayıram. Təzəlikcə görün başıma nə gəlib. Qoyunların arası kəsildi! Bəli. Sözün əsl mənasında, yuxuya getmək üçün saydığım qoyunlar yoxa çıxdılar. Dəhşət içində, qan-tərə batmış yuxuya daldım və səhər oyananda fikirləşdim ki, ey dadi-bidad, artıq təsəvvürlərimizdəki qoyunlar da qəhətə çıxır. Real qoyunların qıtlığına dözmək olar, otdan-ələfdən yeyib birtəhər yaşayarıq, təsəvvür edilən qoyunların yox olması pis əlamətdir. Merkuri və Saturnun bir xətt üzərində gəzişməsi, yaşıl quyruqlu kometin Ayın böyrünə dümsük vurması, Tolikə xəbərdarlıq edilməsi kimi amilləri üst-üstə gəlsək, perspektiv yaxşı görünmür.

Tolik verilişdə hökuməti tənqid eləmişdi, ona görə xəbərdarlıq aldı. Düşünürəm ki, “Sərhədsiz reportyorlar” Tolikin sıxışdırılmasına gərək biganə qalmazdı. Bəs sabah xalqımızın səsini hansı efirlərdən eşidəcəyik? Xoşqədəm xanımın verilişini dimedrolsuz qoymuşuq, dərman qıtlığı yaşanır. “Ay Zaur” tənqid edilir. Elgiz elsiz qalıb. Bu da belə...

Elə efirdən söz düşmüşkən, bəziləri danaların qıtlığını Dadaş dayı adlı multfilmin veriliş aparması ilə bağlayır. Qiyamət günü əlamətlərindən biri bu imiş: canlı insanları multfilmlər əvəz edəcəkdir. Doğrudur, ət qıtlığında Dadaş dayı faktoru rol oynayır, lakin bu, başqa Dadaş dayıdır. Milli yanıltmaclarımızdan birinin qəhrəmanından söhbət gedir. Gəlin birgə oxuyaq: “Dadaş dayı Dəmirin danalarını damın dalında döydü. Dedim, Dadaş dayı, danaları damın dalında döymə. Dadaş dayı dedi: Dəmirin danaları damın dalındakı darıları dağıtdığıyçün danaları döyəcəyəm. Dadaş dayı danaları döydü”. Sitatın sonu. Bax, kənd təsərrüfatının düşməni budur! Yoxsa inhisar belə getdi, azad bazar iqtisadiyyatı elə gəldi, korrupsiya-filan... Nə qədər ki, Dadaş dayı kimilər Dəmirin danalarını döyəcəklər, piştaxtalarımızda ət ya baha olacaq, ya da heç olmayacaq.

Yazını isə bir kriminal xəbərlə bitirirəm. Hesab edirəm ki, aqrar böhranda aqrar universitetimizin rolu böyükdür. Aqronom, baytar, zootexnik yetişdirmək əvəzinə bir-birini qırırlar:

“Gəncə məhkəməsində Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Azər Xəlilovun kafedranın baş müəllimi Təvəkkül Sadıqovdan şikayətinə baxılıb. “Yerin quruluşu” kafedrasının müdiri müəllimin sosial şəbəkələrdə paylaşımlarla onu təhqir etdiyini, ünvanına böhtanlar səsləndirdiyini iddia edib. Məhkəmədə həmin statuslar və şərhlər oxunub. (Kaş biz də oxusaydıq – Z.H.) T.Sadıqov kafedra müdirinin siyasi mənsubiyyəti, fəaliyyəti ilə bağlı müxtəlif fikirlər yazıb, onun “5-ci kolon”a xidmət etdiyini bildirib. T.Sadıqov ifadəsində kafedra müdiri barəsində yazdıqlarını etiraf edib. Məhkəmə T.Sadıqovu Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir) ilə təqsirli bilərək ona 1500 manat cərimə kəsib”.

Bu şəraitdə heyvandarlıq inkişaf edə bilməz yazıb nöqtə qoyuram.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024