İnsanlara hürriyət, millətlərə istiqlal!

Zorən diplom(at)

“Ax!.. Necə kef çəkməli əyyam idi,

Onda ki, övladi-vətən xam idi!"

(Sabir)

Elm və təhsil naziri bu iki sahədəki vəziyyəti ən yaxşı bilən adamdır. Ona görə də nazir “son illərdə tarixçilər hüquq ixtisasına qəbul oluna bilməyənlərdir” söyləyirsə, bizim buna şübhə etməyə əsasımız yoxdur. Ümumiyyətlə, şübhə eləmək kafirlikdir, şeytan əməlidir, bunu da yadda saxlayın, ilahiyyat fakültəsinə sənəd verəndə lazımınız olar.

Hərçənd, hökumət dini təmayülün üstünə bərk düşüb, İrandan gələnləri tutub basmaqla məşğuldur. Əli Kərimli əhvalatı sönüb, yerində Kərimə-çilər başlayıb. Uca millətimizin çoxu kimi, şəxsən mən də bu əhvalatların mənasını bilmirəm. Yenə bir az Əli bəyi tanıyırdıq, bu “Kərimə dövləti” nə hoqqadırsa qanmaq çətindir.

Məncə, hökumət də fikirləşməlidir ki, nə üçün onun rəiyyəti İranın-filanın dalıyca qaçır. Deməli, daxili siyasətdə nələrsə düzgün qurulmayıbdır. 70-80 nəfəri polisə aparıb şəklini çəkməklə iş bitmir. Profilaktika lazımdır. Adamlar Allaha yalvarmağa başlayırsa (Allah heç qoymasa, bu dəqiqə bölgədə Allah-təalanın səlahiyyətli nümayəndələri guya İrandan gələn lotulardır; bəlkə “ bu dəqiqə”ni səhv yazdım, 400 ildir belədir), dərdinin əlacını göylərdə və “o biri dünyalarda” axtarmağa məcburdursa, deməli yerdə, “bu dünyada” problem boğaza çatmışdır. Həmişə dindarlıqla kasıblıq düz mütənasib əlaqədə olmuşdur.

Prokuror ola bilməyib, necə deyərlər, zorən tarixçi olan zəhmətkeşlərimizə gələndə, əslində nazir hələ az deyib, bu tendensiya bütün əmək sahələrinə, az qala hər peşəyə aiddir. Məsələn, gömrükçü, vergi inspektoru ola bilməyib jurnalist işləyən neçə adamı şəxsən tanıyıram. (Biri bu dəqiqə sizin üçün yazı yazır). Adam var şərqşünaslığa sənəd verib, indi babasil həkimi işləyir. Riyaziyyat müəllimliyinə düşə bilməyib aqronom, baytarlığı yazıb psixologiyaya girən, nə bilim, manıs olmaq üçün imtahan verib rəssamlığa, şairliyə sənəd verib ferma müdirliyinə (bizdə 5-ci qrupda belə ixtisaslar var), heyvandarlığa hazırlaşıb mühəndisliyə, dərziliyi oxuyub dəlləkliyə düşən... Qısası, bizdə ixtisas seçimi və yerləşdirmə sferaları tam dərəbəylikdir. Bir gömrük generalımız var idi, yadınıza gəlirsə ixtisasca qarmonçalan idi. Əlbəttə, mənim qarmona heç bir etirazım yoxdur, ancaq biz niyə insanları arzularından uzaqlaşdırırıq? Nəticədə həm iqtisadiyyat, həm mədəniyyət itirir. Şair demişkən, “Duman dağı dolanar, Qiyamət olar, Duman yola sallanar, Müsibət olar. Müsibət oluruq biz, Səhv düşəndə yerimiz”. Düzdür, şairin özü də yerini səhv salmışdı, gedib AYB-yə girmişdi, ancaq mövzumuz bu deyil.

Ona görə də biz naziri dəstəkləyib təhsil konsepsiyamıza yenidən baxmalıyıq. İlk növbədə, test üsulunu - bu alternativ ixtisas seçimlərinə imkan yaradan formanı ləğv eləməliyik. Axı bunun özü ilk gündən, təməldən səhvdir! Elçibəyin əməlləridir. Necə ola bilər ki, kasıb-kusubun uşağı hüquqa, vergiyə, bankirliyə, başqa pullu ixtisaslara girsin? Köhnə bir hind filmində deyilən kimi, oğrunun uşağı oğru olmalıdır, prokurorun uşağı prokuror. Camaat 30 ildir ixtisası özü seçir, köhnə vaxtları unudublar. O vaxt gəlirdin müəllimin qabağında otururdun, bilet çəkirdin. Professor da açırdı dəftəri, baxırdı. Əgər pul verənlər, ya da tapşırılanlar (“dayday” deyirdilər tapşırana; bu, mütləq çox yüksək vəzifəli birisi olmalıydı) siyahısında adın yoxdursa, səni kəsirdilər, rədd olub gedirdin kənddə üzüm, pambıq yığmağa. Ya da Baykal-Amur Magistralını qayırmağa yollanırdın. Maşallah, alternativlər var idi. Yoxsa indiki kimi... Prokurorluğa sənəd verir, tarixə düşür, bununla da iş bitir.

Tarix kitablarını prokurorluğa düşə bilməyənlər yazdığı üçün hazırda tarix elmimiz işgəncə alətidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR