İnsanlara hürriyət, millətlərə istiqlal!

Zevsin qardaşı Kürdəxanıda - Zamin Hacı YAZIR...

Xəbər lentində gördüm: “Zevs”in qardaşı saxlanıldı”. Açığı, öncə Zevs sözünün dırnaq işarəsi arasında olmasına fikir verməmişdim, o üzdən belə zənn etdim ki, şanlı hüquq-mühafizə orqanlarımızın qüdrəti artıq tək olimpiya idman növlərində medal qazanan yol polisi zəhmətkeşlərinin sayı ilə ölçülmür, buraya Olimp dağı üzərində asayişin keşiyində durmaq da daxildir. Nöşün ki, Zevs, adından məlum olduğu kimi, qədim yunan tanrılarından biri, hətta onların dahi lideridir, bütün dünyanın hökmdarıdır və Olimp dağının təpəsində özünə ofis qurmuşdur, hərdən camaatın təpəsinə ildırım çaxır, boş vaxtlarını isə bizim Məşədi İbaddan təsirlənərək adaxlıbazlığa sərf edir. 

Burada bir haşiyə çıxaraq təəssüflə qeyd etməliyəm ki, bayaq “adından məlum olduğu” sözlərini çox əminliklə yazmadım. Çün, hazırda bizim təhsil sistemi bərbad vəziyyətdədir və orta məktəb dərsliklərində qədim yunan mifologiyasını yox, əsasən müsəlman dünyasının əsatirlərini öyrədirlər. Mən bu yaxınlarda bir yuxarı sinif şagirdinə Heraklın 12 qoçaqlığı haqda sual vermişdim, üzümə Homer kimi baxdı. Nəsə, çox dərinə getməyək, Allah hamının işini avand eləsin, hərəyə öz qəlbinə görə versin, ilahi, amin, yazdı Zamin.

Uzun sözün qısası, Zevsin qardaşının saxlanılması, hardasa izolyatora, qazamata salınması məndə bir sual da yaratdı ki, görəsən qədim yunan allahlarının başçısının məhz hansı qardaşı ələ keçirilmişdir, çünki əsatirə görə Zevs müəllimin iki qərdeşi vardır. Bunlardan biri cəhənnəmin müdiri Aid müəllim, ikincisi isə dənizlər tanrısı Poseydon müəllimdir. Zevsin bundan başqa 3 bacısı da vardır, lakin mövzumuza dəxli olmadığı üçün adlarını çəkmirəm. 

Orqanlarımızın gücü, qüdrəti ilə fəxr edərək xəbərə dərindən daldım. Axı, zarafat deyil, birbaşa cəhənnəm tanrısını tutub ona cəhənnəmi yaşadırsan. Sonra getsin hara istəyir şikayət eləsin. Yaxud, Poseydonu basırsan Şüvəlan türməsinə, dəniz üzünə həsrət qalır. Arada məhkəməyə aparıb gətirəndə də hündür hasarın o üzündən dənizi görə bilmir.

Çox təəssüf... Yenə bizi umsuq elədilər. Dırnaq işarəsinə, bu “Zevs”in ləqəb olmağına fikir vermək lazım imiş. Özü də bu lotubala yutuberin yetərincə tragikomik tərcümeyi-halı varmış. Məsələn, bir dəfə korona vaxtı hökumət buna 190 manat yardım verib, bu da həmin pulun hamısına qarpız alıb, qarpızları şıllaq ataraq sındırıb, videosunu paylaşıb, minlərlə bekar zəhmətkeşimiz izləyib.

Qardaşının lotuluğu isə daha iri miqyaslı imiş. İnternetdə inək şəkli qoyub, camaat da həmin inəyin şəklinə pul atırmış. (Zarafat eləmirəm). Guya inək şəklinə qoyduğun hər 100 manat sonra 150 olacaqdır və sairə. (Məbləğləri məsəl üçün yazdım – elə idiot maliyyə piramidalarının detalları 30 ildir mənə maraqlı gəlmir). Və bu minvalla 21 yaşlı dələduzun ələ keçirdiyi məbləğ sizcə neçə manatdır? 700000. Yeddi yüz min manat. İnanılmazdır. Bir lotu tələ qurur, hamı da düşür.

Maraqlıdır ki, həmin dələduzluğun qurbanı olanları danışdırsan hamısı pulsuzluqdan dəm vurar. Amma dələduzla rastlaşanda səxavət kisəsini açırlar. Sonra da ağlaşma qurulur.

İnsafən, burada dələduza şərait yaradan hökumətin də rolu var. Məsələn, normal birja, qiymətli kağızlar bazarı, ümumən liberal bazar iqtisadiyyatı olsa insanlar qazancını banklara, iqtisadiyyata, qiymətli kağızlara-filana yatırar, pul qazanar, hansısa dələduzun əlində, dilində gözü qalmaz, tora düşməz. Ancaq dahi klassikimiz demişkən, axı heç o dördayaqlı canlı da bir dəfə girdiyi palçığa ikinci dəfə girmir, biz isə insanıq! Bu maliyyə piramidalarına neçə dəfə aldanmaq olar? Axı necə ola bilər ki, havadan, heç bir əziyyətsiz pul qazanasan?  “Vahidbank” gedir, muncuq düzənlər gəlir, onlar gedir, inək şəkli gəlir... Savadsızlıq davam etdikcə lotuların da çörəyi həmişə yağlı olacaq.

Əslində bu bir az da nağılvari həyatda yaşamağımızın təsiridir. Yadınıza salın: süfrəni açırsan, üstü yeməklə dolur. Qız bir dəfə üfürür, daş qızıla çevrilir. Lələyi yandırırsan, Zümrüd quşu peyda olur və sairə.

Hərçənd, deyəsən bircə quş sözü verən hələlik olmamışdır.

Gecə uzundur, ona da çatarıq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR