İnsanlara hürriyət, millətlərə istiqlal!

“32 ildən sonra deyirlər ki, evdən çıxın, Ucara gedirsiniz” – Qazanxananın həyətində yaşayan 36 ailə çətin vəziyyətdə - Fotolar

Paytaxtın Səbail rayonunda, “Azəristiliktəchizat” ASC-nin 4 saylı İstilik Sistemləri İstismar Sahəsinin ərazisində yerləşən 66 saylı qazanxananın həyətində yaşayan keçmiş məcburi köçkünlər təlaş içindədirlər. Musavat.com-a müraciət edən sakinlərin sözlərinə görə, Zəngilan və Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə gələrək onlara evlərini tərk etməli, Ucar və Goronboy rayonlarına köçməli olduqlarını bildiriblər.

Hadisə yerinə yollanan Musavat.com əməkdaşı həmin məhəllədə olub və sakinlərin gərgin vəziyyəti, narahatlıqları ilə tanış olub. Məlumata görə, qazanxananın həyətyanı və daxili ərazisində ümumilikdə 36 ev yerləşir — bu evlərə sakinlər 1990-cı illərin çətin dövründə, köçkün düşəndən sonra məcburi şəkildə yerləşiblər. Ən çox Zəngilan rayonundan olanlar yaşayır; Füzuli, Kəlbəcər və Cəbrayıl köçkünləri də var.

Sakinlər deyirlər ki, 30 ildən artıqdır ki, burada məskunlaşıblar və evlərini özləri tikiblər:

“32 il bundan əvvəl bu əraziyə gəlib, qazanxananın həyətində özümüzə ev tikdik. 90-cı illərdə yataqxanalar belə dolu idi -harasa getməliydik. Qarabağdan əli yalın gəlmişdik, başqa çarəmiz yox idi”, - deyə sakinlərdən biri deyir.

4f4333d5-f52e-43eb-922b-1f780e74f568.jpg (154 KB)

Onların sözlərinə görə, icra nümayəndələrinin rəsmi izahı qazanxananın qəzalı vəziyyətində olmasıdır. Lakin keçmiş məcburi köçkünlər sual edir — niyə bu məsələ illərdir diqqətdən kənarda qalıb və niyə onların gələcəyi qəfil olaraq bu şəkildə müəyyənləşdirilir?

Sakinlərin ən böyük narahatlığı onların Bakıdakı məşğulluğu və uşaqlarının məhz paytaxtda təhsil almasıdır:

“Bizə deyirlər: sizi Ucara və Göyçaya köçürəcəyik. Biz isə cavab veririk: bizim işimiz, övladlarımızın təhsili Bakıdadır. Orada bizi işlə təmin etmirsinizsə, necə dolanaq? Gedib orada necə yaşayacağıq? Biz işimizi itirməmək üçün yenidən Bakıya qayıdıb kirayədə qalmalı olacağıq ,bu, bizə ikiqat zərbədir”, — deyə bir sakin bildirir.

Başqa bir keçmiş məcburi köçkün isə əlavə edib: “Mən Zəngilandan gəlmişəm. Niyə məni öz doğma torpağıma, evimə deyil, Ucara aparırlar? Biz istəyirik ki, hökumət bizi köçürsə, öz doğma yurdumuza aparsın”.

a920d4e1-1095-4374-a342-e17feac1416b.jpg (128 KB)

Sakinlər bildirirlər ki, 32 il ərzində heç kim onlarla maraqlanmayıb - qəfil belə qərarın verilməsi onları təəccübləndirir:

“Bu məsələ əvvəldən nəzərə alınsaydı, biz öz ayağımız üstə dayanar, alternativ yollar axtarar, ailəmizi hazırlayardıq. İndi isə bir neçə gün əvvəl icra orqanları gəlib deyir ki, siz bu sahəni tərk etməlisiniz”.

Ərazidəki keçmiş məcburi köçkünlərin yeganə arzusu - ya doğma yurdlarına qayıtmaq, ya da paytaxtda işləməyi və uşaqlarının təhsilini davam etdirməyi təmin edəcək uyğun məskən və iş yeri ilə təmin olunmaqdır. Onların sözlərinə görə, Goronboya və Ucara köçürülməklə onları “öz çarələrinə buraxmaq” ədalətsizdir:

“Biz bu evləri tərk etməyə hazırıq — yalnız bir şərtlə: bizi Qarabağa aparsınlar. Zəngilandan olan keçmiş məcburi köçkünü niyə Goranboya aparıb “başının çarəsinə bax” deməlisiniz?”.

Sakinlərin narahatlığı reallaşarsa və ya alternativ təminat göstərilməzsə, paytaxtın bu kiçik qapalı məhəlləsində yaşayan 36 ailənin taleyi sual altında qalacaq.

İllərlə qurduqları evlərini itirən sakinlər həm də iş və təhsil bağlarını itirmək riski ilə üz-üzə qalacaqlar.

Musavat.com məsələ ilə bağlı Zəngilan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Sayta bildirilib ki, köçlə bağlı məlumatlı deyillər.   

eaad0423-74f5-48b7-a805-b525c052fb2f.jpg (131 KB)1c2fbb75-6e0a-4b65-bdea-e1303d39d928.jpg (177 KB)c65ada4a-d67e-45c2-9f93-512b61c529cc.jpg (77 KB)f1928e72-6b12-4136-893b-5b00b17a030a.jpg (151 KB)

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR