Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi deputat Ceyhun Məmmədov “Ali təhsil haqqında” qanun layihəsinin daxil edilməsini təklif edib.
Musavat.com xəbər verir ki, C.Məmmədov bunu Milli Məclisin payız sessiyasının gündəliyində çıxış edərkən deyib.
“Bu gün ali təhsil müəssisələrinin belə bir qanuna ehtiyacı var. Biz təhsil haqqında qanun qəbul etmişik. Qanun layihəsində ali təhsil sisteminin elektronlaşdırılması, maliyyələşdirilməsi, tədqiqat universitetlərinin yaradılması, akademik heyətin hüquq və vəzifələri, ali təhsil müsəəsiələrinin muxtariyyəti və digər mühüm vəzifələr əksini tapıb. Bu gün heç bir halda qaydalar qanunu əvəz etmir”,-deyə Ceyhun Məmmədov bildirib.
Ali təhsil haqqında qanun layihəsinin qəbul edilməsinə niyə ehtiyac duyulur?
Deputatın dediyi - mövcud qaydaların qanunu əvəz edə bilməməsi nəyi ifadə edir?
Mövzu ilə bağlı təhsil mütəxəssisi Elşən Qafarov Musavat.com-a danışıb:
"Bildiyiniz kimi, müstəqillik dövründə Azərbaycan Respublikasında iki dəfə təhsil haqqında qanun qəbul edilib. Biri 7 oktyabr 1992-ci ildə qəbul olunan təhsil qanunudur ki, 19 iyun 2009-cu ilə qədər qüvvədə olub. Hazırda qüvvədə olan təhsil qanunu isə 19 iyun 2009-cu ildə qəbul edilib.
Lakin 2017-ci ilə qədər belə bir baxış var idi ki, ölkədə bir təhsil qanunu varsa, bu, təhsilin bütün sahələrini əhatə edir. Amma 2017-ci ildən etibarən bu yanaşma dəyişdi. 2017-ci ildə “Məktəbəqədər təhsil haqqında” qanun qəbul edildi. 2018-ci ildə “Peşə təhsili haqqında” qanun qəbul olundu. 2019-cu ildə isə “Ümumi təhsil haqqında” qanun qəbul edildi. “Ali təhsil haqqında” qanun isə artıq 6 ildən çoxdur ki, müzakirə olunur. Bu 6 il ərzində artıq üçüncü parlament “Ali təhsil haqqında” qanun layihəsini müzakirəyə çıxarıb. Mən düşünürəm ki, “Ali təhsil haqqında” qanunun qəbul edilməsinin bu qədər gecikməsinin ciddi bir səbəbi yoxdur.
Beynəlxalq təhsil sisteminə uyğunlaşmaq üçün orta ixtisas təhsili məsələsi, yəni kolleclərin ləğv edilməsi və ali təhsilin bir pilləsinə çevrilməsi vacibdir. Yəni, ali təhsilin pillələri yalnız bakalavr, magistratura və doktoratura ilə məhdudlaşmamalıdır. Təklifimiz bundan ibarətdir ki, ali təhsilin dörd pilləsi olsun. Bu, beynəlxalq təhsil sistemində də belədir: bakalavr birinci pillə, bakalavrın ikinci pilləsi, magistratura və yaxud da rezidentura üçüncü pillə, doktorantura isə dördüncü pillə.
Düşünürəm ki, “Ali təhsil haqqında” qanunun qəbul edilməsində çox gecikmişik.
Məsələ ilə bağlı onu da bildirmək istəyirəm ki, Ceyhun Məmmədov Azərbaycanda universitet yaradan rektorlardan biridir, İlahiyyat Universitetinin ilk rektoru olub və ali təhsil sistemini çox gözəl bilir. Hesab edirəm ki, eyni zamanda, ölkənin aparıcı universitetlərinin rəhbərlərinin, istər dövlət, istərsə də özəl universitetlərin rektorlarının da bu məsələdə fikirləri alınmalıdır.
“Ali təhsil haqqında” qanun mütləq qəbul edilməlidir və artıq daha çox gecikməyə yol verilməməlidir".
Xalidə Gəray
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ