Onlayn ictimai-siyasi qəzet
Ağ Evin məlumatına görə, sentyabrın 29-da ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Benyamin Netanyahu və Qətərin lideri ilə üçtərəfli telefon danışığı baş tutub.
Danışıq zamanı Netanyahu Dohada İsrailin həyata keçirdiyi hücuma görə üzr istəyib.
Ağ Ev bildirib ki, Netanyahu həmçinin İsrailin Qətərin suverenliyini pozmasına görə təəssüfünü ifadə edib və “İsrailin gələcəkdə belə bir hücuma yol verməyəcəyini təsdiqləyib.”
Ağ Evin açıqlamasında vurğulanıb:
“Liderlər Qəzzada müharibəyə son qoymaq üçün irəli sürülən təklif, Yaxın Şərqdə daha təhlükəsiz gələcək perspektivləri və ölkələri arasında daha böyük anlaşma zərurəti barədə müzakirə aparıblar".
Bəs Netanyahu niyə məhz indi üzr istəməli oldu? Bu üçtərəfli telefon danışığının regionun gələcək diplomatik proseslərinə hansı təsirləri ola bilər?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb.
Politoloqun fikrincə, Netanyahunun indi üzr istəməsinin səbəbi Qərb dövlətlərinin İsrailə təzyiq göstərməsi və Fələstinin tanınma məsələsini qabartmasıdır:
"Bu məsələdə də məlum olduğu kimi, ən güclü vasitəçi ölkə məhz Qətər çıxış edirdi və Fələstinin tanınması mövzusu İsrail üçün çox ciddi diplomatik problemlər yaradıb.
Eyni zamanda, ABŞ bölgədə barışığın əldə edilməsi missiyasını həyata keçirmək istəyir. Məhz Trampın Qəzza bölgəsi ilə bağlı planı təqdim edilib. Trampın əsas niyyəti aparıcı ərəb dövlətlərinin bu planı qəbul etməsi və Qəzza bölgəsində öz istədiyi idarəçilik formasını yaradaraq planlarını həyata keçirməsidir.
Digər bir məsələ isə Qətər və Səudiyyə Ərəbistanı, eləcə də Birləşmiş Ərəb Əmirliklərindən ABŞ-ın investisiya təmin etmək niyyətidir. İsrail-Qətər münaqişəsi fonunda ABŞ-ın Qətərdən investisiya cəlb etməsi müəyyən qədər problemlər yaradırdı.
Əlavə olaraq, mühüm faktorlardan biri də Səudiyyə Ərəbistanının Pakistanla bağladığı hərbi ittifaqdır. Nəzərə alsaq ki, Pakistan nüvə gücünə malikdir, Səudiyyə Ərəbistanının bu ittifaqı İsraildə narahatlıq doğurur. Çünki Pakistan hal-hazırda regionda təsirli bir qüvvə kimi görünməkdədir. Bu da münasibətlərin normallaşması istiqamətində, İsrailin Qətərdən üzr istəməsinə şərait yaradan amillər sırasındadır.
Ancaq böyük ehtimalla, Netanyahu Qətərin baş nazirindən bu üzrü məhz Trampın təzyiqi fonunda istəyib. Həmin üzrün tələb edilməsinin əsas səbəblərindən biri də Donald Trampın yaxın perspektivdə Qəzza bölgəsində öz siyasətini həyata keçirməsi və idarəçilik formasını qurmaq üçün ərəb dövlətlərinin dəstəyini qazanmaq istəyi ilə bağlıdır".
Xalidə Gəray
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ