İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə bu dövlət müəssisələri özəlləşdirməyə çıxarılmır? 

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layiyəyə görə, Bakı Gəmiqayırma Zavodu rüsumlardan azad olunur.

Musavat.com-un məlumatına görə, bir sıra deputatlar layihə ilə bağlı fikirlərini səsləndirərək layihəni dəstəkləyiblər.

Deputat Qüdrət Həsənquliyev çıxışı zamanı bunları bildirib:

“Müzakirə olunan məsələ ilə bağlı hörmətli həmkarım Razi Nurullayevdən fərlqi olaraq, mən bu dəyişikliyi gözəl hesab etmirəm.

Hesab edirəm ki, bu bizim Konstitusiyamıza ziddir, həm də ədalət hissinin pozulmasıdır. Konstitusiyaya ona görə ziddir ki, Konstitusiyamızın “Mülkiyyət hüququ” adlanan 29-cu maddəsində qeyd olunur ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir.

Mən əminəm ki, həmin sənaye parkındakı Bakı Gəmiqayırma Zavodu özəl bir şirkət olsaydı, bu güzəştlər nəzərdə tutulmayacaqdı. Bakı Gəmiqayırma Zavodu 20 sentyabr 2013-cü ildən fəaliyyətə başlayıb və vergilərdən azad olunub.

İndi daha 6 il də onu vergilərdən, gətirdikləri mallara görə gömrük rüsumlarından azad edirik. Vergiləri kim ödəməlidir? Pinəçilər və corab satanlar, yəni kiçik sahibkarlar vergiləri ödəməlidir?

Axı büdcənin gəlirlər hissəsi artmalıdır ki, biz bir çox sosial xərcləri qarşılaya bilək, bir çox problemləri həll edə bilək. Arayışda da qeyd olunub, təzad da buradadır: Bakı Gəmiqayırma Zavodu Xəzər regionunda ən böyük sənaye müəssisələrindən biri olmaqla Azərbaycan dəniz donanmasının müasirləşdirilməsinə öz müsbət töhfəsini verməkdədir”.

Q.Həsənquliyev internet üzərindən araşdırma apardığını da vurğulayıb:

“Bu illər ərazində 10-dan artıq yeni gəmi tikilib, 170-dən artıq gəmi təmir olunub. Yəni bu gəlirlə işləyən bir müəssisədir. Niyə biz bunu vergidən azad etməliyik?

Donanmanın yeniləşdirilməsində iştirak edir, əslində donanma da çox təəssüf ki, dövlət mülkiyyətindədir. Bunlar əgər gəlirlə işləyə bilmirsə, onda biz bunları niyə özəlləşdirmirik? Bunları özəlləşdirsəydik, biz heç onları vergidən azad da etməli deyildik.

Bundan başqa, mən əvvəllər də bu məsələni qaldırmışam, vergilərin müəyyənləşdirilməsi və onun həcminin müəyyən olunması birbaşa Milli Məclisin səlahiyyətinə aid olan məsələdir. Məsələn, aksiz markaları. Əslində aksiz də verginin bir növüdür. Bəzi aksiz vergisini biz Vergilər Məcəlləsi ilə müəyyənləşdiririk.

Bəzilərini müvafiq icra hakimiyyəti orqanına verirdik ki, aksiz dərəcələrini özləri müəyyənləşdirsinlər.

Konstitusiyanın 149-cu maddəsində qeyd olunur ki, normativ hüquqi aktlar haqqa, ədalətə, bərabər mənafelərə, bərabər münasibətə əsaslanmalıdır.

Normativ hüquqi aktlar haqqında konstitusiya qanununun 64.8-ci maddəsində qeyd olunur ki, “vəzifəli şəxsin öz mülahizələrindən asılı olaraq, fiziki və hüquqi şəxslərə ümumi qaydalardan istisnalar müəyyənləşdirmək imkanı nəzərə tutula bilməz”. Yəni Konstitusiya qanununun da tələbidir.

Bilirsiniz ki, Konstitusiya qanunu həm də Konstitusiyanın əsas mətni ilə ziddiyyət təşkil etmirsə, Konstitusiyanın tərkib hissəsi sayılır.

Ona görə də mən bunun qəti əleyhinəyəm və hesab edirəm ki, biz böyük ədalətsizliyə yol vermiş oluruq ki, kiçik sahibkarlardan, fiziki şəxslərdən vergilər topladığımız halda bu qədər böyük bir dövlət müəssisəsini vergilərdən yayındırırıq”.

Deputat qeyd edib ki, Milli Məclis hökumət qarşısında məsələ qaldırmalıdır:

“Bütün dövlət müəssisələri ödədikləri vergilərin həcmini ilin sonunda açıqlasınlar. Yəni burada aşkarlıq olmalıdır. Onda bəlli olacaq ki, böyük dövlət müəssisələri xərclərini şişirdirlər və çox az miqdarda vergi ödəyirlər. Belə olduğu halda həm də o məsələ gündəmə gəlir ki, niyə bu dövlət müəssisələri özəlləşdirməyə çıxarılmır? Mən qanun layihəsinin əleyhinə səs verəcəyəm”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR