İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizinin sonunda hələ işıq görünmür

Rusiya mövqeyində israrlıdır və Ermənistanın kapitulyasiya aktını sonadək icra etməsinin alternativi qalmır; Paşinyan monitorinq və nəzarət sözlərinin fərqini bilmir?

Ermənistan rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı düşdüyü çuxurdan çıxmaq üçün hər cür söz oyununa, həyasız açıqlamalara davam edirlər. İş o yerə çatıb ki, İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatını belə, kontekstdən çıxarmağa cəhd edir.

Xatırladaq ki, Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı bəyanatın sonuncu bəndində yazılıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.

Ermənistan bəyanatın imzalanmasından sonrakı 4 il ərzində dəfələrlə üzərinə götürdüyü öhdəlikləri icra etməməyə çalışdı, hər dəfə dərsini alandan sonra növbəti addımı atdı. İndi də Zəngəzur dəhlizi ilə bağlı “ayaqlarını yerə dayayıb”, irəli getmək istəmir. Sözsüz ki, bu, rəsmi İrəvanın iradəsinin nəticəsi deyil, onu havadarları buna təhrik edirlər. Paşinyan hakimiyyəti nə qədər riskli oyunun içərisində olduğunu anlayır, ona görə də vaxtaşırı manevrlərlə vəziyyəti yumşaltmağa, cəza mexanizmindən yayınmağa çalışır.

İndi də Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə verilməsini nəzərdə tutan 9-cu maddəni təkzib etməyə cəhd göstərirlər. Həyasızlıqla iddialar da səsləndirilir ki, guya sözügedən maddədə, ümumiyyətlə, Rusiyanın adı yoxdur. Bugünlərdə isə hay rəhbərliyi yeni termin tapıb, bildirilir ki, Rusiya nəzarət yox, dəhlizin monitorinqini apara bilər. Halbuki razılaşma Rusiya Sərhəd Xidmətinin funksiyasını monitorinq kimi deyil, nəzarət kimi müəyyən edir. Sözügedən bəyanatın 9-cu bəndi köhnə və yeni redaksiyada eyni məzmuna malikdir, yeni redaksiyada onun nömrəsi dəyişərək 10 olub. Bir daha xüsusi vurğulayaq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”. Nəzarət daha geniş anlayışdır, həm də monitorinqi nəzərdə tutur. Lakin “nəzarət” termini həm də vəziyyətə nəzarəti nəzərdə tutur ki, bu da kommunikasiyaların təmin edilməsi baxımından daha böyük səlahiyyəti özündə ehtiva edə bilər. Bu halda ortaya sual çıxır: Paşinyan monitorinq və nəzarət sözlərinin fərqini bilmirmi?

Aydındır ki, 2020-ci ilin məlum sənədi Azərbaycan Ordusunun “ayaq səsləri” altında imzalanmışdı. Paşinyan ötən zaman müddətində Qərbdən gələn dəstəyə, necə deyərlər, “dana ürəyi”nə arxayınlaşıb və özündə Zəngəzur dəhlizinə nəzarəti Rusiyaya verməmək cəsarəti tapıb. Ona görə də Paşinyan gah sözügedən sənədin məlum maddəsində Rusiyaya nəzarətçi deyil, monitorinq funksiyası verir. Bu həm də Rusiyanın aşağılanması mesajıdır. Yada salaq ki, bir müddət əvvəl Rusiya XİN başçısı Ermənistanın 10 noyabr razılaşmasını sabotaj etdiyini deyib. Ermənistan rəhbərliyi 10 noyabr razılaşmasından imtina etmək cəhdi göstərsə də, Azərbaycanın xəbərdarlıqları, həmçinin Rusiyanın “göz ağartması” nəticəsində yerində oturub. Yeri gəlmişkən, Zəngəzur dəhlizi ilə bağlı müddəanın sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığın əldə olunduğu elan olunandan sonra Rusiyanın hərəkətə keçməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında quru əlaqənin təmin olunması zərurəti barədə mövqelərin ifadə olunması Paşinyan komandasını da çətin durumda qoyub. Odur ki, növbəti dəfə masaya qayıdan mövzu ilə bağlı Paşinyan səviyyəsində açıqlama verilib. Hansı ki, ötən illərdə Ermənistan rəhbərliyi Zəngəzur dəhlizində nəzarəti Ermənistanın mühafizə edəcəyi iddiasını irəli sürürdü. Bu dəfə isə İrəvan “U dönüşü” etməli oldu.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli bəyanatın 9-cu bəndində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə Zəngəzur dəhlizinə nəzarət deyil, monitorinq funksiyasının verilməsi imkanını nəzərdə tutan sözlərini şərh edib. Oxu.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, diplomat qeyd edib ki, Rusiya üçtərəfli format çərçivəsində ən yüksək səviyyədə əldə olunmuş razılaşmaları rəhbər tutur. “Rusiya, Azərbaycan və Ermənistan liderləri adından yaradılan üçtərəfli işçi qrupu Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistanın Sünik (Zəngəzur-E.P.) vilayətindən keçən tranzit də daxil olmaqla, dəmir yolu əlaqəsinin bərpa olunmasının əsas parametrlərini razılaşdırıb. Bu məsələlərə baxılan formatda müxtəlif şərhlərin əlaqələndirilməsi məqsədəuyğundur, ona görə də biz buna (üçtərəfli sazişlərə - red.) alternativ görmürük və bu istiqamətdə işi davam etdirəcəyik”, - deyə M.Zaxarova vurğulayıb. Göründüyü kimi, Rusiya mövqeyində israrlıdır və Ermənistanın kapitulyasiya aktını sonadək icra etməsinin alternativi qalmır. Amma bağlı qapılar arxasında hansısa hiyləgər planın hazırlana biləcəyi də istisna edilmir. Xüsusilə də Qərbdən, o cümlədən İran və Rusiyadan  Paşinyanın açıqlamasına sükutlu reaksiya suallar doğurur. Bəs Zəngəzur dəhlizi ilə bağlı müzakirələr hara aparır? Ekspertlərin məsələ ilə bağlı şərhləri necədir?

Sahib Alıyev: Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbi məhz  milli həmrəylimiz oldu - AZƏRTAC

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Paşinyanın Zəngəzur dəhlizində Rusiyanın nəzarət yox, monitorinq həyata keçirəcəyi haqda açıqlaması MDB sammiti çərçivəsində Putinlə keçirilən görüşdən sonra əldə olunan razılaşmanın ikinci hissəsidir: “Məhz indi tam anlaşılır ki, Kremlin guya Ermənistanın İran və Türkiyə ilə sərhədinin qorunması məsələsində İrəvana güzəştə getməsi elə Zəngəzur dəhlizinin üçlü bəyanatda nəzərdə tutulduğu şəkildə açılması qarşılığında indiyədək buna izn verməyəcəklərini deyən Paşinyanı lap pis vəziyyətdə qoymamağa və "Yeni Müsavat"a ötən açıqlamamda da qeyd etdiyim kimi, İranın mövqeyini yumşaltmağa hesablanmış addımdır". S.Alıyev xatırlatdı ki, Rusiya ilə Ermənistan arasında birincinin ikincinin sərhədlərini qoruması haqda heç bir müddət, yəni vaxt çərçivəsi göstərilməyən anlaşma var: “Rusiya Ermənistanı onun əbədi nökərinə çevirən bu anlaşmadan çətin ki, imtina etsin. Qərbdəkilərin gözünə kül üfürmək üçün sərhədçilərin yerini dəyişə, Ukraynadakı savaşa görə onların bir hissəsini haylarla əvəzləyə bilər. Amma Rusiya Ermənistan sərhədlərinə kontrolu qətiyyən Ermənistana vermək istəməyəcək. Və mən bu fikirdəyəm ki, Zəngəzur dəhlizini də açdıracaq. Paşinyan əvvəlki mövqeyindən geri çəkilməsinə cəmiyyəti, ən çox da İranla Qərbi hazırlamaq üçün daha yüngül terminlər işlədir. Ancaq Moskvada ona başa salınıb ki, üçtərəfli bəyanatın 9-cu maddəsini yerinə yetirməkdən başqa çıxış yolu yoxdur və olmayacaq”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Zəngəzur dəhlizi mövzusu avqustun əvvəllərində, Putinin Azərbaycana səfərindən sonra xeyli aktuallaşdı: “Çünki Rusiya bu dəhlizin işləməsində və onun nəzarəti altında olmasında çox maraqlıdır. Odur ki, mövzu geniş müzakirə olunmağa başladı. Halbuki buna qədər Azərbaycan və Ermənistan tərəfi razılaşmışdı ki, Zəngəzur dəhlizi mövzusu sülh sazişinin mətnində olmayacaq. Bu razılaşma ona görə əldə edilmişdi ki, dəhliz mövzusu sülh sazişinin imzalanmasına mane olmasın, çünki proses uzanır. Razılaşmaya baxmayaraq, Zəngəzur dəhlizi mövzusu yenidən aktuallaşıb. Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin toplantısı çərçivəsində, Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü və elə bir razılaşma əldə olundu ki, Rusiya İran sərhədindəki sərhədçilərini geri çəkəcək, ora erməni sərhədçiləri yerləşəcək. Aydındır ki, Putin bu addımı güzəştsiz atmazdı”. E.Şahinoğlunun fikrincə, ola bilsin ki, bunun qarşılığında Paşinyan Zəngəzur dəhlizində Putinin istəklərini yerinə yetirəcəyini bildirib: “Təsadüfi deyil ki, bir neçə gün bundan əvvəl 2020-ci ilin 9-10 noyabr bəyanatına əsasən, Rusiya dəhlizdə monitorinq apara bilər. Əslində monitorinqlə nəzarət arasında elə bir fərq yoxdur. Monitorinq olsa, bu, elə nəzarət deməkdir. Yaxud Ermənistan və Rusiya hərbçilərinin birgə nəzarəti deməkdir. Amma Paşinyan bu razılaşmanı yerinə yetirəcəkmi? Bunu zaman göstərəcək. Bütün hallarda hazırda əsas diqqət sülh sazişi mətni üzərinə köklənib. Amma biz nə dərəcədə sülh sazişinin imzalanmasına yaxınlaşmışıq?” Politoloq qeyd etdi ki, bugünlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan əslində sensasiya sayılacaq açıqlama versə də, bunun ardı gəlmədi: “Anlaşıldı ki, əslində belə bir razılaşma yoxdur. Simonyan dedi ki, guya sülh sazişindəki 16 bəndin hamısı razılaşdırılıb və elə bu gün sənədi imzalamaq olar. Halbuki son günə qədər 16 bəndin 13-ünün razılaşdırıldığını deyirdilər. Yaxşı, 16-sı da razılaşdırılıbsa, onda niyə sülh sazişinin imzalanması ləngiyir və niyə Paşinyan özü bu haqda açıqlama vermir? Yəni əsas məsələ budur ki, erməni siyasətçilərin nə dediklərinə yox, nə etdiklərinə diqqət yetirmək lazımdır. Açıqlamaları ilə etdikləri tərs mütənasibdir”. 

Beləliklə, Zəngəzur “sükut”u pozulub, gözləyək, görək tunelin sonunda işıq görünəcəkmi? Azərbaycan gələn ilin ortalarında dəhlizin özünə aid hissəsini başa çatdıracaq, Ermənistan isə “daşı daş üstə qoymayıb”. Bu mənada Paşinyanın bəyanatı siyasi-diplomatik hiylə də ola bilər...

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR