İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Trampa istədiyini verdi – Ukrayna nə qazandı, nə itirdi?

"ABŞ və Ukrayna arasında "Bərpa üzrə İnvestisiya Fondunun yaradılması" haqqında saziş, başqa adı ilə "mineral anlaşma" imzalandı. İmzalanan sənədin önəmli tərəfi odur ki, Ukraynanın bütün yeraltı və yerüstü sərvətlərinin Ukrayna dövlətinə aid olduğu göstərilir".

Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq qeyd edir ki, investisiya fondunda hər iki dövlətin əllinin-əlliyə nisbətdə payı olacaq:

"ABŞ fonda həm maliyyə yardımı göstərəcək, həm də investisiyaların və texnologiyaların cəlb olunması istiqamətində səy göstərəcək.

Sənədin heç bir yerində Trampın bəhs etdiyi Ukraynanın olan borcu və onun qaytarılmasından bəhs edilmir. İmzalanan sazişin hər iki tərəf üçün müsbət və mənfi tərəfləri var. Donald Tramp uzun müddətdir ki, belə bir sazişi imzalamağı əsas hədəfi elan etmiş, Bayden administrasiyasının Ukraynaya verdiyi vəsaiti geri qaytaracağını vəd etmişdi. Bu sənədin imzalanması respublikaçıların demokratlar qarşısında üstünlüyünü artıracaq. Tramp komandası Baydenin Ukraynaya xərclədiyi pulları geri qaytardığı haqqında rəy yaratmağa çalışacaq.

İkinci bir məsələ isə ABŞ-ın bununla Ukraynanı uzunmüddətli möhkəmlənmə üçün zəmanət altına almasıdır. Bu, müharibədən sonra Ukraynada Vaşinqtonun təsirinin qorunub saxlanmasına xidmət edəcək mühüm sənəddir. Digər önəmli məsələ isə ABŞ-ın bu yolla müharibədən sonra Ukraynanın bərpasında əsas söz sahibi olacağı ilə bağlıdır. Çin və ABŞ arasında bu məsələ ilə bağlı ciddi mübarizə gedir və müharibə bitdikdən sonra qarşıdurmanın kəskinləşəcəyi gözlənilir. İmzalanan sazişlə ABŞ Ukrayna daxilində Çinə qarşı güclü gediş etdi.

İmzalanan sənəddən Ukraynanın qazancı ilk növbədə mineral ehtiyatlarını qoruyub saxlamaq oldu. Sənədin Ukrayna üçün ən müsbət tərəflərindən biri “Naftoqaz” və “Ukrnafta” kimi şirkətlərin gəlirlərinin bu fonda daxil edilməsinin nəzərdə tutulmamasıdır. İkinci bir məsələ isə ABŞ-ı Ukraynada maraqlı tərəfə çevirməkdir. Zelenski bununla Tramp üçün günahkar olmaqdan qurtuldu. Eyni zamanda ABŞ-dən Ukraynaya hərbi dəstək paketinin ayrılması da gözlənilir".

Politoloqun fikrincə, Ukraynanın məsələdən digər qazancı müharibədən sonrakı ərazilərinin bərpasına özünün nəzarət mexanizminin olmasıdır:

"Yaradılan fondun 50 faizi Ukrayna dövlətinə məxsusdur və ölkəyə qoyulacaq investisiyada əsas söz sahibi də yenə özü olacaq.
Ancaq sazişin həyata keçməsində böyük maneələr var. Hazırda müharibə davam edir. Mineral ehtiyatların istismarı üçün savaş dayandırılmalıdır. ABŞ və Ukrayna arasında imzalanan bu cür saziş Rusiyanın da danışıqlarda əlavə və daha ağır şərtlər irəli sürməsinə səbəb olacaq.
Digər önəmli məsələ isə Ukraynanın öz təbii sərvətlərinin dəqiq hesablanmaması və faydalı yataqların yerləşdiyi əsas bölgələrin Rusiyanın nəzarətində olmasıdır. Bu, sənədin həyata keçməsi ilə bağlı reallığı sual altında qoyur. Xüsusilə ABŞ-ın Rusiya–Ukrayna danışıqlarından çəkildiyini bəyan etməsindən sonra müharibənin hələ uzun müddət davam edəcəyi fikri gerçəyə çevrilir. Bu isə Vaşinqton və Kiyev arasında imzalanmış sənədin əhəmiyyətini zəiflədə bilər. Çünki müharibə davam etdikcə Ukraynanın mineral sərvətlərinin istismarı mümkün deyil".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

03 May 2025

BÜTÜN XƏBƏRLƏR