Onlayn ictimai-siyasi qəzet
“Zelenskinin “Sülh planı” fiaskoya uğraya bilər”.
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib.
Onun sözlərinə görə, Ukrayna prezidentinin son ABŞ səfəri arzu olunan səviyyədə getmir:
“Zelenskinin Pansilvaniya əyalətinə səfərində yaşanan insidentlər Ukraynanın da taleyinə təsir göstərə bilər. Belə ki, Zelenski bu əyalətdə demokrat namizəd Kamala Harrisin əsas müttəfiqi sayılan qubernator Coş Şapiro ilə birlikdə silah-sursat fabrikinə baş çəkib. Bu isə Respublikaçıların bərk qəzəbləndirib. Ukrayna prezidentinin bu ziyarətini demokratlara dəstək və ABŞ seçkilərinə qarışmaq qiymətləndirən Respublikaçılar onu sərt tənqid atəşinə tutublar. Bəhanələri isə ziyarətə niyə onları da dəvət etməməsi olub. Bu da azmış kimi prezidentliyə namizəd Donald Tramp Zelenskinin ona yazdığı xahişlərlə dolu məktubu özünün social şəbəkə səhifələrində paylaşıb. Beləcə, sanki Zelenskini aşağılamaq istəyib”.
Heydər Oğuz hesab edir ki, Ukrayna savaşına açıq-aşkar qarşı çıxan və dəfələrlə Zelenskinin ABŞ-a səfərlərini tənqid edən Tramp əslində əlinə düşən fürsətdən faydalanaraq Ukrayna prezidentini nüfuzdan salmaq istəyib:
“Düzdür, sonra Zelenskinin görüşmək ricasını guya qəbul edib. Amma daha sonra jurnalistlərə verdiyi müsahibəsində onun təqdim edəcəyi “Sülh planı”na əhəmiyyət verməyəcəyinə eyham vurub. Jurnalistlər namizəddən bu gün keçiriləcək görüşdə Ukrayna prezidentinə nə deyəcəyini soruşublar, Tramp isə belə cavab verib: "Deyəcəyəm ki, gəlin, sülh bağlayaq. Bizə sülh lazımdır! Ölüm və dağıntıya son qoyulmalıdır. Sizcə belə deyilmi? Bu pis olardı?". Zənnimcə, bu sözlər Trampın Zelenskini əliboş geri çevirəcəyi anlamına gəlir”.
Siyasi şərhçi qeyd edib ki, Trampın Zelenskinin “Sülh planı”nı dəstəkləməməsi 2025-ci ildən etibarən Ukraynanın Rusiyaya qurban verilməsi ilə nəticələnə bilər:
“Çünki ABŞ-da aparılan rəy sorğuları Trampın tədricən öz reytinqini artırdığını göstərir. Onun son seçkilərdə qələbə çalmaq şansı böyükdür. Hətta seçilməsə belə, Zelenskinin Respublikaçılar partiyası ilə arasının pozulması çox ağır nəticələr doğura bilər. Zira Ukraynanın silahla təchiz olunması təkcə ABŞ prezidentindən asılı olmayan məsələdir. Prezidentlə yanaşı Nümayəndələr Palatası və Senat da buna razılıq verməlidir. ABŞ Konqresində isə hər iki partiyanın qüvvələr nisbəti bir-birinə yaxındır. Hətta Nümayəndələr Palatasında respublikaçılar demokratları üstələyir. Deməli, Ukrayna haqqında qəbul olunacaq qərarlar üçün mütləq respublikaçıların da razılığı alınmalıdır. Keçən il yaşanan təcrübələr isə onu göstərir ki, respublikaçıların razılığını almaq asan başa gəlmir. Hətta Kamala Harrisin seçkiləri qazanacağı təqdirdə Konqresdə ötən ilki təcrübənin yenə də təkrarlanacağı gözlənilir. Bu isə silahların göndərilməsində əngəllərə və ya ləngimələrə yol aça bilər”.
Həmsöhbətimizin fikrincə, Ukraynanın bu şəkildə tək buraxılmasında İsrailin Yaxın Şərqdə apardığı müharibənin də böyük təsiri var:
“Təcrübələr göstərir ki, İsrail ərəb ölkələri ilə savaşdığı zamanlar yəhudi lobbisi digər coğrafiyalarda davam edən müharibələrin maliyyələşdirilməsinə o qədər isti baxmır. Vyetnam müharibəsinin ABŞ-ın məğlubiyyəti ilə nəticələnməsində yəhudi lobbisinin bu siyasətinin önəmli rol oynadığı bildirilir. Məlumdur ki, 1955-ci ildən 1975-ci ilə qədər 20 il davam edən Vyetnam müharibəsinin sonlarında (1973) Yom Kippur müharibəsi çıxdı və ABŞ bütün diqqətini bu müharibəyə ayırdı. 1973-cü ildə ABŞ prezidenti Riçard Niksonun qoşunları geri çəkmək haqqında əmrindən sonra üstünlük kommunistlərin əlinə keçdi. 1975-ci ildə kommunist qüvvələri ölkəni tamamilə ələ keçirdi və Vyetnam müharibəsi bitdi. Trampın hakimiyyətə gəlməsi ilə eyni hadisələrin təkrarlanması ehtimalı var”.
Heydər Oğuz qeyd edib ki, Avropa İttifaqı Ukraynanı ABŞ-ın iştirakı olmadan dəstəkləmək istiqamətində müəyyən addımlar atmağa çalışsa da, bu səylərin nəticə verəcəyinə inanmaq sadəlövhlükdür:
“Çünki Avropanın özü də ABŞ-ın təhlükəsizlik çətiri altına girib. Ukrayna müharibəsi “qoca qitə”ni tamamilə əldən salıb, iqtisadi böhranlara sürükləyib. Hətta deyərdim ki, Avropa İttifaqı ABŞ-ın təzyiqləri ilə Ukraynanı dəstəkləyirlər. ABŞ geri çəkildikdən sonra onların bu iradələrini davam etdirəcəkləri şübhə doğurur. Heç uzağa getməyək, indidən Avropa ölkələrinin əksəriyyətində Rusiya ilə münasibətləri normallaşdırmaq istəyən partiyalar hakimiyyətə doğru irəliləyirlər. Qlobalist iqtidarlar getdikcə tənəzzülə uğrayır və seçkilərdə xalqın dəstəyini ala bilmirlər. ABŞ-da Tramp hakimiyyətə gələcəyi təqdirdə bu proseslər daha da güclənəcək. Bəlkə də Avropa İttifaqının özünün taleyi belə təhlükə altına düşəcək. Bütün bu neqativ hadisələr Zelenskinin “Sülh planı”nın perspektivinə inamı azaldır”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ