Onlayn ictimai-siyasi qəzet
İordaniya Kral Film Komissiyası İordaniya əsilli erməni rejissor Sarin Ayrapetyanın “Mənim şirin ölkəm” sənədli filmini “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatına təqdim etmək üçün seçib.
Musavat.com xəbər verir ki, bu barədə Deadline.com yazır. Film Qarabağın mənzərəli kəndində yaşayan və diş həkimi olmaq arzusunda olan 11 yaşlı Vrejenin hekayəsindən bəhs edir. Filmdə 11 yaşlı erməninin gələcək döyüşlərə hazırlaşmasından bəhs edilir.
Film artıq Sheffield DocFest sənədli film festivalında nümayiş olunub. İrəvan premyerası “Qızıl ərik” film festivalı çərçivəsində baş tutub.
Hazırda ABŞ-da yaşayan erməni əsilli rejissorun Azərbaycana qarşı film hazırlaması və bu filmin məhz İordaniya Kral Film Komissiyası tərəfindən “Oskar”a namizəd kimi göstərilməsi dərin təəssüf doğurur.
İordaniya Haşimilər Krallığı Azərbaycanın müstəqilliyini 1991-ci ilin 28 dekabrında tanıyıb. 1993-cü ildə Azərbaycan ilə İordaniya arasında diplomatik münasibətlər qurulub. 2006-cı ildə Azərbaycanın İordaniyada, 2007-ci ilin may ayının 5-də isə İordaniyanın Azərbaycanda səfirliyi açılıb. Hər iki ölkənin dövlət başçıları qarşılıqlı səfərlər ediblər.
Bunun göstəricisi kimi 2006-cı il avqustun 22-23-də İordaniya kralı II Abdullahın Azərbaycana ilk rəsmi səfərini misal göstərmək olar.
II Abdullanın Azərbaycana səfərinə cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il iyulun 29-da İordaniyaya rəsmi səfərə gedib. İordaniya kralı II Abdullahla görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, həmçinin, qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. Səfər çərçivəsində Azərbaycan və İordaniya hökumətləri arasında müdafiə sahəsində əməkdaşlıq; beynəlxalq avtomobil əlaqələri; fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş; təhsil, elm, mədəniyyət və incəsənət, gənclər və idman, səhiyyə və media sahələrində əməkdaşlıq üzrə İcraedici Proqram; ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya haqqında Protokol; səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş sənədləri imzalanıb.
Səfər çərçivəsində həmçinin, İlham Əliyevə İordaniya Universitetinin siyasi elmlər üzrə Fəxri doktoru adı verilib. Bundan başqa Əmman şəhərinin mərkəzi küçələrindən birinə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adının verilməsi mərasimi keçirilib.
2008-ci il mayın 5-də II Abdullah növbəti səfərlə Azərbaycana gəlib. Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullahın görüşündə ikitərəfli münasibətlərə, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimiyyə Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya" və "Azərbaycan Respublikası və İordaniya Haşimiyyə Krallığı arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş" imzalanıb.
Hətta 2015-ci ilin 12 iyunda İordaniya şahzadəsi Feysal bin Hüseyn Bakıda 1-ci Avropa Oyunlarının açılış mərasimində iştirak edib.
İordaniya dəfələrlə Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək verdiyini təsdiqləyib, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib, Azərbaycanın, habelə beynəlxalq ictimaiyyətin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləyib. İordaniya Senatı Xocalı soyqırımı ilə bağlı 2013-cü ildə Bəyanat qəbul edib, 2016-cı ildə isə rəsmi olaraq qətliam kimi tanıyıb.
Hələ bu ilin aprel ayındakı açıqlamasında İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacir Məsələləri Nazirliyinin sözçüsü Sufian Qudah bildirmişdi ki, Azərbaycan və Ermənistan arasında dörd kəndlə bağlı əldə olunan razılaşmaya və iki ölkə arasında davam edən demarkasiya səylərini dəstəkləyir. O, İordaniyanın iki ölkə arasında sabitlik və təhlükəsizliyin gücləndirilməsinə xidmət edən bu təşəbbüsləri dəstəklədiyini deyib.
Sufian Qudah bu cür razılaşmaların daha geniş sülh danışıqlarına yol açdığını bildirərək qlobal sülh və təhlükəsizliyin gücləndirilməsində əhəmiyyətli olduğunu vurğulayıb.
Bu cür bəyanatlar verən bir ölkənin Film Komissiyasının revanşist qüvvələrə hesablanmış və bölgədə qızışdırıcı funksiyanı yerinə yetirən filmi beynəlxalq arenaya çıxarması təəccüb və təəssüf doğurur.
Bu arada bir hadisəni də xatırlatma etsək, yerinə düşər. 44 günlük müharibədən sonra İordaniyaya səfər etmiş Ermənistanın o vaxtkı prezidenti Armen Sarkisyan İordaniyadakı erməni icması ilə görüşdə İordaniya kralı tərəfindən aldığı dəvəti belə şərh etmişdi: “Bu dəvət sübut edir ki, Ermənistan üçün ən ağır dövrdə İordaniya bizə yardım əlini uzatdı və bütün dünyaya, ilk növbədə də islam dünyasına göstərdi ki, Ermənistan yalnız deyil”.
Yardım əli deyərkən biz söhbətin hansı köməkdən getdiyini dəqiqliklə deyə bilmərik. Hələ 2020-ci ildə Haqın.az saytı yazırdı ki, İordaniya Haşimilər Krallığı Ermənistanla hərbi-siyasi ittifaqa girən ölkələrdən imiş. Sayt bildirirdi ki, Ermənistanla İordaniya arasında hərbi-siyasi əməkdaşlığın əsası Ermənistan prezidentinin 2019-cu ilin aprelində Əmmana səfəri zamanı qoyulub.
Saytın 4 il öncəki yazısndan bir hissə: “Hazırda İordaniya ilə Ermənistan arasında sıx hərbi-texniki əməkdaşlıq geniş spektri, o cümlədən İrəvana silahların və döyüş sursatlarının, xüsusən də İordaniyada istehsal olunan tank əleyhinə əldə daşınan qumbaraatan kompleksinin (RPQ-32) təchizatını əhatə edir. Rusiyadan sonra İordaniya 2013-cü ildən başlayaraq bu qumbaraatanları istehsal edən ikinci ölkədir və həmin silahı Əmmanda “Naşşab” rəsmi adı ilə buraxırlar. Hazırda İordaniya həmin qumbaratanları xarici bazarlara, xüsusən də Ermənistana satır.
İnformasiyalı hərbi qaynaqlar deyiblər ki, İordaniya tərəfdən Ermənistanla hərbi-texniki əməkdaşlığı Baş qərargahın rəisi, general-mayor Yusif Huneyti kurasiya edir. Erməni tərəfdən isə layihəyə qalmaqallı silah alverçisi, hazırda Rusiyada axtarışda olan David Qalstyan cəlb edilib”.
Doğrudur, sonradan İordaniya hökuməti Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmalar zamanı krallığın Ermənistana silah göndərməsi barədə yayılan məlumatları təkzib etdi.
Biz o zaman da demişdik, indi də xatırladırıq Azərbaycan Müdafiə Nazirliyinin saytında göstərilir ki, bu ölkə Azərbaycanın da hərbi-strateji tərəfdaşıdır. Hərbi-strateji tərəfdaşımız olan ölkə ermənilərin hamisi kimi davrana bilməz!
Şahanə Rəhimli
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ