İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəcəfdən gələn fətva İsraili dayandıra biləcəkmi?

"İraqın Nəcəf şəhərində yerləşən dini məktəbin rəhbəri, bölgədə güclü nüfuzu olan din xadimi Ayətullah Seyid Əli Sistani İsrailin Livana hücumu ilə bağlı səfərbərlik haqqında fətva verib".

Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev deyib.

ZEYNAL .png (200 KB)

Politoloqun fikrincə, Qəzzada həyata keçirdiyi əməliyyatdan sonra Hizbullahı bitirmək üçün Livanı ağır şəkildə bombardman edən İsraili dayandırmağa çalışan regionun ərəb ölkələri müxtəlif səylər göstərsə də, onların hansısa müsbət nəticə əldə edəcəyini gözləmək sadəlövhlük olar.

"İsrail ərəb dövlətlərinin bu məsələdəki təzyiqini okeanın o tayından gələn dəstəklə yox edə bilər. Ancaq Nəcəfdən gələn fətva bölgədə İsrailə qarşı güclü müqavimət hərəkatının formalaşmasına səbəb ola bilər", - deyə Zeynal Əmrəliyev qeyd edib.

Politoloq xatırladıb ki, Ayətullah Seyid Əli Sistani bu cür fətvanı 10 il əvvəl də verib:

"2014-cü ildə İŞİD Mosulu işğal edib, Bağdada doğru irəliləyərkən Sistaninin Kərbəladakı nümayəndəsi həmin ilin iyulun 10-da İraq xalqına müraciət edərək, onları bu qrupa qarşı silahlı müqavimətə çağırmışdı. Nəticədə cəmi 3 gün ərzində 100 min nəfər iraqlı orduya yazılmış və bölgənin önəmli silahlı qruplarından olan "Həşd-Şabi" yaradılmışdı. Bağdadı tutmağa cəmi 56 km məsafəsi qalmış İŞİD məhz bu ordunun vasitəsi ilə məğlub edildi və cəmi 3 il sonra Mosulda sonuncu qalıqları da yer üzündən silindi.

Sistaninin ABŞ ordusuna qarşı gəlməməsi Buş administrasiyasının İraqda işini xeyli asanlaşdırırdı. İsrailə qarşı verilmiş fətvadan sonra bölgədə güclü müqavimət hərakatının yaranması ehtimalı var. Bu cür hərəkat 3 cür təşkil edilə bilər. Birinci variant eynən 10 il əvvəl olduğu kimi, yeni təşkilat yaradılması və İsrailə qarşı bu qrupun mübarizə aparmasıdır. Bu zaman İran dəstəkli Hizbullahın da nüfuzu zəifləyəcək. Bu variant ABŞ-ın maraqlarına cavab verir.

İkinci variant Livan ordusuna dəstək verilməsidir. Bu, bir qədər zəif gözləntidir. Livan ordusunun İsrailə qarşı hərəkət dairəsi məhdud olacaq. Çünki bu qurum dövlətə tabedir. Bunun üçün Livan rəsmi şəkildə İsrailə qarşı müharibə elan etməlidir ki, bu da kifayət qədər zəif olan bu dövlət üçün xoş olmayan nəticələrə səbəb ola bilər.

Üçüncü variant isə Hizbullaha dəstək göstərilməsidir. Bu variant İranın maraqlarına cavab verir, ancaq Qərb ölkələrinin ən arzu etmədiyi variantdır. ABŞ ilə normal münasibətlərə malik olan və İrandakı "vilayəti-fəqih" sisteminə qarşı çıxan Nəcəf dini məktəbinin bu məsələni nəzərə alacağı gözləniləndir".

Politoloq qeyd edib ki, 94 yaşlı din xadiminin bu fətvasının Netanyahu hökumətini çətinə salacağı şübhəsizdir:

"Nəzərə alaq ki, İranla münasibətlərinin gərgin olmaması səbəbindən başda Körfəz olmaqla bir çox ərəb ölkəsindəki şiələr İrandakı Qum mədrəsəsinə deyil, İraqdakı Nəcəf mədrəsəsinə biət edirlər. Bu isə Sistaninin ərəb dünyasında gücünü xeyli artırır. İran dəstəkli Hizbullahın yeni doğacaq güclə İsrailə qarşı ittifaq yaratması bölgədə yəhudi dövlətinə qarşı böyük gücün ortaya çıxmasına səbəb ola bilər ki, bu da İsrail üçün arzu edilməyən nəticələrə səbəb olacaq.

Ehtimal ki, Netanyahu Livana hücumu yarımçıq dayandırmalı olacaq. Ancaq İsraildə bu fikir hakimdir ki, Hizbullah təhlükəsini aradan qaldırmadan ölkənin şimalında təhlükəsiz yaşamaq mümkün olmayacaq. Buna görə də insanlar ölkənin şimalında məskunlaşmaq istəmir. Bu isə gələcəkdə İsraildə böyük demoqrafik və iqtisadi böhrana səbəb ola bilər".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR