İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Putinin “Gəl Moskvaya görüşək” təklifini qəbul edəcək?

Vladimir Putin bildirib ki, Moskva Rusiya və Ukrayna arasında mümkün zirvə görüşü üçün ən yaxşı yerdir. O əlavə edib ki, “biz mütləq iş şəraiti və təhlükəsizliyi təmin edəcəyik. 100% zəmanət veririk”.

Putin beynəlxalq diplomatiyanın vacibliyini vurğulayaraq tərəflərin qarşılıqlı etimad çərçivəsində görüşünün əhəmiyyətini qeyd edib. Moskva hələlik görüşün konkret tarixini açıqlamayıb, amma bu bəyanat tərəflər arasında danışıqların davam etdiyini göstərir.

Bəs Ukrayna tərəfi Moskvada görüşə razı ola bilərmi? Moskvada görüşə getməyin anlamı nə olar?

elxan.jpg (68 KB)

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Ukraynaya belə bir təklifin verilməsi əslində Putinin Zelenski ilə görüşmək istəmədiyi deməkdir:

“Putin belə bir görüşün baş tutmasını istəmir ki, Zelenskini məhz Moskvaya dəvət edir. Bu, məntiqə də ziddir, sən bir ölkənin ərazisinə hücum edirsən və işğal edirsən, yüz minlərlə insan həlak olur, şəhərlərini bombalayırsan, sonra da deyirsən ki, gəl mənim ölkəmin paytaxtıma burada söhbət edək. Bunun qəbul edilməsi mümkün olan deyil. Zelenski yox, istənilən kimsə Ukraynada prezident olsa özünə bunu sığışdırmaz”.

Politoloq qeyd edib ki, əgər Putin həqiqətən də görüşmək istəyirsə, müxtəlif ölkələr var:

“Məsələn, Türkiyədə görüş ola bilər, Avropa ölkələrindən birinin olması mümkündür. Başqa variantlar da ola bilər. Amma Putin məhz Moskvaya gəlməyi təklif edirsə, o deməkdir ki, o, Zelenski ilə görüşməkdə maraqlı deyil. Sadəcə təklifi verməklə beynəlxalq aləmə mesaj göndərir ki, görürsünüz, məhz Zelenski ilə görüşdən imtina etmirəm. Lakin elə bir formada təkliflə çıxış edir ki, görüşün reallaşması mümkün olmayacaq. Volodimir Zelenski heç zaman indiki şərtlər altında Moskvaya getməyəcək. Çünki Putin Zelenskiyə qəbul edilməz təklif göndərib”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR