İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu gün prestij zahiri görünüş və ya dəbdə olmaqla deyil” - Məleykə Abbaszadə

“Bu gün prestij artıq zahiri görünüş və ya dəbdə olmaqla deyil, faydalı olmaq, problemləri həll etmək və işini peşəkarcasına yerinə yetirməklə ölçülür. Əgər əvvəllər prestij vizual təəssüratla əlaqələndirilirdisə, indi insanın cəmiyyətə verdiyi real dəyər əsas göstərici hesab olunur”.

Musavat.com-un xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi “PeşəFest” festivalının yekun tədbirində deyib.

DİM sədri qeyd edib ki, gənclər peşə seçərkən nüfuz anlayışına yenidən baxmalıdırlar. O, süni intellektin və dördüncü sənaye inqilabının əmək bazarına təsirinə diqqət çəkib:

“Artıq bəzi peşələr yoxa çıxır, yeniləri yaranır, peşələr arasında sərhədlər itir. Rəqəmsal bacarıqlara malik olmayan həkim və ya müasir modelləşdirmə proqramlarını tanımayan inşaatçı gələcəkdə rəqabətə davam gətirə bilməyəcək”.

Məleykə Abbaszadə onu da qeyd edib ki, tənqidi düşüncə, düzgün suallar vermək, çeviklik, özünü inkişaf etdirmək və öyrənmə bacarığı – bunlar gələcəyin əsas bacarıqlarıdır:

“Doğru qərarlar dəb və stereotiplərə deyil, real ehtiyac və imkanlara əsaslanmalıdır”.

Sonda DİM sədri bildirib ki, qurum gənclərin peşə yönümünü müəyyənləşdirmək məqsədilə xüsusi testlər hazırlayıb:

“Bu testlər vasitəsilə gənclərə düzgün istiqamət seçməkdə kömək edirik. Hər ayın sonunda keçirilən açıq qapı günlərində gənclər bu testlərdə iştirak edə bilərlər”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR