Onlayn ictimai-siyasi qəzet
Rusiya və Belarusun birgə “Zapad-2025” hərbi təlimləri “Suvalki dəhlizi” adlanan ərazini ələ keçirmək üçün əməliyyatı imitasiya edir.
Musavat.com xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin analitiki Julian Röpke bu fikirdədir: "İştirak edən nisbətən az sayda əsgər - cəmi 18200, o cümlədən 5500 rus - manevrlərin təhlükəli xarakterinə kölgə salmamalıdır. Vladimir Putin və Aleksandr Lukaşenko Qərbə qarşı birgə müharibə üçün üç yeni strategiya tətbiq edirlər".
Analitikə görə, təlimlərin mərkəzi elementi nüvə silahının, xüsusən də Qərbə qarşı yeni orta mənzilli “Oreşnik” raketlərinin istifadəsinin imitasiyasıdır. Röpkenin sözlərinə görə, təlimlərin bu hissəsi müstəsna olaraq psixoloji məqsəd güdür - Belarusun qonşularını qorxutmaq.
Təlimlərin heç də az əhəmiyyətli olmayan ikinci vəzifəsi “müdafiə döyüşü, müdafiəni yarıb keçmiş düşmənə qalib gəlmək və dövlətin ərazi bütövlüyünün bərpasına şərait yaratmaq” kimi rəsmi elan edilmiş hərəkətləri məşq etməkdir.
Röpke qeyd edir ki, Rusiya təbliğatına görə, “müdafiə əməliyyatı” Kalininqrad vilayəti və onun ətrafında baş tutacaq. Yəni Belarusda və Baltik dənizində: "Kalininqradın "müdafiəsi" üçün Rusiya ordusu Belarusdan "Suvalki dəhlizi" adlanan, Polşa və Litvaya məxsus olan, Belarusla Kalininqrad arasında cəmi 60 kilometr enində olan quru körpüsü ilə irəliləməlidir. Sadə dillə desək: Rusiya Kalininqradın müdafiəsini tətbiq etdiyini iddia etsə də, əslində NATO-ya hücumu məşq edir".
Nəhayət, təlimlərin üçüncü hissəsi düşmən agentləri və təxribatçılarına qarşı mübarizə üsullarının tətbiqi kimi elan edilir. Röpkenin sözlərinə görə, reallıqda söhbət Belarus rejimini tənqid edənlərə qarşı təlim keçməkdən və NATO-ya qarşı təxribat törətməkdən gedir: "Nəhayət, çərşənbə günü baş verən kütləvi dron hücumu göstərir ki, Rusiya bu təlimləri Avropa və Qərbə qarşı hibrid müharibəsinin bir hissəsi kimi görür".
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ