Onlayn ictimai-siyasi qəzet
“Palatanın fəaliyyəti təkcə büdcəyə rəy verilməsi və hökumətin fəaliyyətinə nəzarətin həyata keçirilməsi deyil, eləcə də ali audit orqanı olaraq parlamentin - deməli, xalqımızın iradəsini ifadə edən təmsilçilik hakimiyyətinin konstitusion səlahiyyətlərinin birbaşa həyata keçirilməsinə xidmət edir”.
Milli Məclisin iclasında çıxış edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Hesablama Palatasının hesabatına münasibət bildirib.
Musavat.com-un məlumatına görə, deputat deyib ki, ötən günlərdə Komitədə hesabatın müzakirələrindən sonra media məkanına çıxan məlumat kütləsi üzərindən dövlət hakimiyyəti orqanlarının kəskin ittihamlara məruz qoyulması tam əsassızdır.
Zahid Oruc ardınca bunları açıqlayıb:
“Əminliklə demək olar ki, Hesablama Palatası peşəkarlıq səviyyəsinə görə institusional orqana çevrilib, hazırlanan rəylər obyektivdir, informativdir, beynəlxalq audit meyarlarına tam cavab verir, o cümlədən, sözügedən qurumun ilk yarandığı dövrdə yaşanan arzuolunmaz praktikanı bəzən audit təmsilçiləri müvafiq hökumət orqanlarının binasına buraxmamaq hallarını bir daha xatırladıqda müqayisə olunmayan böyük inkişaf yolu keçilib.
Digər tərəfdən, ictimai və media vasitəsilə təzyiq amillərini, vəzifə mövqeyindən təsir və çəkindirmə mexanizmlərini nəzərə aldıqda Palatanın çoxşaxəli fəaliyyətinin dövlətə və milli mənafelərimizə cavab verən, eləcə də maliyyə məsuliyyətini artıran və üç mühüm prinsipin - səmərəlilik, uyğunluq, maliyyə auditi meyarlarına tam cavab verdiyini söyləmək olar. Ona görə də Palatanın rəhbəri hörmətli Vüqar Gülməmmədov başda olmaqla qurumun kollektivinə Milli Məclisin xalq qarşısında mövqeyini gücləndirən fəaliyyətinə görə təşəkkür edirik”.
Z.Oruc deyib ki, bir qurumdan obyektivlik tələb edənlər aşkarlanan büdcə pozuntuları, maliyyə intizamsızlığı, yaxud konkret qanunsuz hərəkətlər barəsində təqdim olunan hesabatı hökumətin bütün fəaliyyətinin linç edilməsi üçün çirkli məqsədləri naminə istifadə edə bilməz:
“Söhbət cəza tədbirlərindən gedirsə, o haqda da konkret addımların atıldığına dair müfəssəl məlumatlar təqdim olunub. Nəzərə alaq ki, hesabatın maliyyə əhatəsi 8.3 milyard manat büdcə vəsaitinin auditini nəzərdə tutduğundan və dövlət büdcəsinin 40 milyard manatdan çox olduğunu qeyd edərək, sənədi bütün dövlət orqanları üçün yol xəritəsi adlandıra bilərik. Çünki auditin bütün büdcə vəsaitini əhatə edəcəyi təqdirdə pozuntuların qarşısının alınması imkanları daha böyük olardı, lakin dünyada belə praktika yoxdur. Çünki Palatanın ştat tərkibinin limiti var və biz ötən il müqayisəli təhlillə onun əməkdaşlarının sayının artırılmasını təklif etmişdik.
Hesabatda diqqətinizi cəlb etmək istədiyimiz məqam qeyri-büdcə fondları ilə bağlıdır.
Bildiyiniz kimi, məhz cərimə və sanksiyalar əsasında formalaşan belə fondların istər gəlir, istərsə də xərclərinin şəffaflığına dair ictimai fikirdə çoxlu sual yaranır. Ona görə də Palatanın fəaliyyətində getdikcə büdcə sisteminin təkmilləşdirilməsinə dair irəli sürülən təkliflərin mütləq əksəriyyətini qəbul etmək hökumətin fəaliyyətinə, bütün növ maliyyə fəaliyyətinə dair aydın təsəvvür yaratmağa imkan verərdi”.
Komitə sədri əlavə edib ki, ikinci mühüm məsələ Böyük Qayıdış proqramının icra olunması ilə bağlıdır:
“Hər birimiz qürurla bəyan edirik ki, Prezident İlham Əliyevin liderliyi ilə azad olunan torpaqlarda yeni Vətən quruculuğu həyata keçirilir. Əlbəttə, cəmi bir dəfə həmin bölgələrə səfər edən insan hansı ağır şərtlərdən keçərək yüz minlərlə vətəndaşımızın doğma yurdlarına dönüşünün təmin olunduğunu görə bilər.
Ötən günlərdə Ağdamdan Xankəndiyə, daha sonra Şuşaya gedərkən on minlərlə insanın, minlərlə texnikanın hansı miqyasda işlər gördüyünü yaxından müşahidə etmək həqiqətən təsirli hadisəydi. Bizə görə, orada işləyən fəhlənin, iş icraçısının və şirkətlərin hər biri qəhrəmandır. Müqəddəs əməyi təmsil edirlər və digər ərazilərdə çalışanlardan fərqləndirilməlidirlər, ona görə də Qarabağda çalışanların fəaliyyətinə daha həssaslıqla yanaşılmalıdır.
Söhbət qurulu şəraitdə və hazır infrastrukturu olan yerlərdə çalışmaqdan getmir. Ona görə də azad torpaqlarda çalışan hər bir insan üçün ödənişlərə dair meyarlar və standartların dəyişdirilməsi zəruridir. Biz sovet illərində böyük yazıçılarımızın Mil-Muğan çöllərində gedən quruculuq işlərini necə tərənnüm etdiyini yaxşı xatırlayırıq. İndi isə inşaat meydanlarında həqiqətən xüsusi təyinatlı bir ordunun - silahsız tikinti briqadalarının millətimizin gələcəyi üçün fədakar əməyini görürük.
İnanırıq ki, müxtəlif dövlət təltifləri də Yeni Vətən quruculuğunda çalışan insanlarımıza veriləcək. Çünki onlar 44 günlük müharibədə qəhrəmanlıq göstərən oğullarımızın müqəddəs işlərini davam etdirirlər”.
E.Paşasoy,
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ