İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yusif çantanı açanda ŞOK oldu, içində yarım milyon vardı” - Bakıda inanılmaz hadisə

Bakıda iş adamına hücum edərək içərisində 479 075 manat olan çantasını əlindən alan şəxslərin məhkəməsi başa çatıb.

News24.az-ın əldə etdiyi məlumata görə, 1971-ci il təvəllüdlü Elşən M. və 1996-cı ildə anadan olmuş Faiq N. Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü (Quldurluq - 181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədilə və sağlamlığa ağır zərər vurulmaqla) maddələri ilə təqsirləndiriliblər.

Məlum olub ki, hadisə ötən ilin 16 avqust tarixində paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yerləşən binanın dəhlizində baş verib. Elşən və Faiq əvvəlcədən hazırladıqları plana əsasən iş adamı, valyutadəyişmə fəaliyyəti ilə məşğul olan Bəxtiyar S-i izləyiblər. Belə ki, nazirliklərdən birində sürücü işləyən və hadisə yerinə xidməti avtomobillə gələn 52 yaşlı Elşən pusquda dayanıb. Faiq isə əvvəlcədən öyrəndiyi kodla binanın qapısını açaraq dəhlizdə Bəxtiyarı gözləyib.

Bəxtiyar əlindəki komputer çantası ilə bloka daxil olarkən Faiq ona hücum edərək vəhşicəsinə döyüb. O, daha sonra huşunu itirən biznesmenin çantasını götürərək qaçıb və Elşənin avtomobilinə minərək uzaqlaşıb. Onlar cinayəti təşkil etmiş Elşənin qohumu Yusifin yanına gediblər və çantanı açdıqda içərisində 479075 manat (5540 manat ekvivalentində 200000 rus rublu, 365500 manat ekvivalentində 215000 dollar və 108000 manat) aşkar edərək aralarında bölüblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən Faiq N. hadisə barədə bunları deyib: "Yusif bizə həmin adam barədə məlumat vermişdi. Sonra plan quraraq Elşənlə mənə harada görüşəcəyimizi, saatını, yerini və digər detalları demişdi. Həmin gün Bəxtiyarı görən kimi ona iki yumruq vurdum və içərisi pulla dolu çantanı götürüb blokdan çıxdım. Götürdüyüm puldan Yusif mənə 115 min manat verdi. Bizi bu əməli törətmək üçün o istiqamətləndirmişdi. Elşənin cinayət əməlində işi zərərçəkmiş şəxsin bloka girməsini mənə xəbər verməkdən ibarət idi. Yusif isə Bəxtiyarın blokunun qapısının kodunadək hər detalı bilirdi. Əldə olunmuş pul üç adamın, yəni mənim, Elşənin və Yusifin arasında bölüşdürüldü. Pul bölgüsündən ən çox Yusifə pay düşdü. Pulu elə o özü böldü.

Yusif hadisə yerinə Elşənə məxsus "BMW" minik markalı * FH ** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmişdi. Mən çantanı götürəndən sonra qaçaraq onun idarə elədiyi maşına mindim. Yusif maşından düşdü və sükan arxasına Elşən keçdi. Mən arxa oturacaqda Yusifin yanında əyləşdim. Elşən cəld maşını hərəkətə gətirdi və ordan uzaqlaşdıq. Maşında Yusif çantanı açdı və sevincindən qışqırıb çantada çantada təxminən yarım milyon pul olduğunu söylədi”.
Faiq isə ifadəsində bildirib ki, Vətən müharibəsi döyüşçüsüdür: "Xocavəndin azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşam. Döyüşlərdə həm qolumdan, həm də ayağımdan yaralanmışdım. Törətdiyim əməldən peşmanam”.

Araşdırmalar zamanı məlum olub ki, Faiq Elşənə məxsus avtotəmir sexində işləyirmiş. Elşən yaşının çox olmasını bildirərək Yusifə bu işə Faiqi də qoşmağı təklif edib və onlar razılaşıblar.

Iş adamı Bəxtiyar S. da bildirib ki, ona hücumu planlaşdıran Yusif dostu Vüsalın əmisi oğludur və bir neçə dəfə yaşadığı yerə gələrək onunla valyutadəyişmə əməliyyatı edib: "Həmin gün Təbriz küçəsindəki evimə getmişdim. Ailə üzvlərim şəhərdən kənarda olduqları üçün pulları özümlə götürmüşdüm. Mənzilimə gedərkən blokun içərisində tanımadığım, sonradan adının Faiq olduğunu bildiyim şəxs qarşımı kəsdi. Məni vuraraq pulla dolu olan çantamı götürdü. Çantanın içərisində 110000 manat və 213000 dollar var idi. Faiq alnımdan vurmuşdu və məni çox döydüyü üçün huşumu itirmişdim. Hadisəni təşkil edən Yusif dostum Vüsalın əmisi oğludur. Yusif mənə manat verib dollar götürürdü. o, bizim bloka bir dəfə gələndə qapının kodunu görüb. Aparılan pulun bir hissəsi mənə qaytarılıb. Təxminən 280000 manat da qaytarılmalıdır”.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Məhkəmə Faiq və Elşənin hər birini 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Onların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi qeyd edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR