Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin xarici işlər nazirinin konsulluq, xaricdə yaşayan iranlılar və parlament məsələləri üzrə müavini Vahid Cəlalzadə ilə görüşüb.
Görüşdə ikitərəfli konsulluq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Maraqlıdır ki, iki diplomatın görüşdüyü otaqda masa üzərində yalnız İranın dövlət bayrağı qoyulub.
Xatırladaq ki, İranda bayrağımıza qarşı bu və digər formada sayğısız yanaşma birinci dəfə deyil. Azərbaycan rəsmilərinin İrana səfərlərində və idman yarışlarında tez-tez bayraq qalmaqalı yaşayırıq. Məsələn, belə hadisə 2020-ci ilin dekabrında xarici işlər naziri Ceyhun Bayramovun İrana səfəri zamanı baş vermişdi. Əvvəlki illərdə bir neçə dəfə şahidi olduğumuz hadisə yenidən təkrarlanmışdı. Nazirimiz iranlı həmkarı ilə görüşü zamanı Azərbaycan bayrağının ütüsüz, qırışlı olduğunu görərək, bayrağın yanında deyil, önündə dayanaraq foto çəkdirmişdi. Hətta belə fikirlər də dolaşırdı ki, Azərbaycan bayrağı, ümumiyyətlə, asılmayıb, Ceyhun Bayramovun sərt etirazlarından sonra tələm-tələsik parçası qırışmış olan bayraq gətirib asıblar. Bütün bunlar da haqlı olaraq, ölkə ictimaiyyətində ciddi narazılıqla qarşılanıb, sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilmişdi.
2012-ci ildə Azərbaycan-İsrail münasibətləri ilə bağlı dərc olunmuş “Tel-Əviv rəsmi Bakının etirazına reaksiya verib” adlı materialda Azərbaycan bayrağı “Davud qalxanı” ilə yerləşdirilib. Belə hallar Azərbaycan Respublikasının dövlət simvoluna qarşı həqarət faktı kimi qiymətləndirilir. “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” konstitusiya aktının prinsiplərinə müavfiq olaraq 75-ci maddənin “Dövlət simvollarına hörmət” bölümündə deyilir:
I. Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət simvollarına - onun bayrağına, gerbinə və himninə hörmətlə yanaşmalıdır.
II. Dövlət simvollarına hörmətsizlik nümayiş etdirilməsi qanunda müəyyən edilmiş şəkildə məsuliyyətə səbəb olur.
324-cü maddəyə müvafiq olaraq, Azərbaycan Respublikasının Dövlət bayrağına və Dövlət gerbinə qarşı təhqir iki ilə qədər azadlığın məhdudlaşdırılması və ya bir ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
2015-ci ildə isə Azərbaycan bayrağı ilə bağlı daha bir insident yenə də İranın paytaxtı Tehranda baş verib. Bu şəhərdə yunan-Roma güləşi üzrə böyüklər arasında dünya kubokunda qalib gələn Azərbaycan yığmasının şərəfinə himnin oxunması və bayrağımızın qaldırılması zaman xoşagəlməz insident olub. Azərbaycanın üçrəngli, aypara və səkkizguşəli ulduzdan ibarət bayrağı təhrif edilmiş formada təqdim olunub - bayrağımızda ulduz səkkizguşəli yox, beşguşəli kimi göstərilib.
2017-ci ildə İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə keçirilən dünya kuboku yarışında da bayrağımız təhrif olunmuş formada təqdim edilib. Hətta həmin vaxt bayrağımızdakı rənglər arasına əsassız olaraq 2 ağ zolaq əlavə edilib.
2019-cu ildəTəbriz şəhərində Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın adını daşıyan 5 ulduzlu beynəlxalq mehmanxananın qarşısında bayrağımızın asılmasında nöqsana yol verilib, bayrağımızdakı yaşıl rəng üfüqi istiqamətdə aşağıda olduğu halda yuxarıda, mavi rəng isə əksinə, aşağıda əksini tapıb. Eyni zamanda bayraq üzərindəki səkkizgüşəli ulduz və aypara mərkəzdən sola çəkilib.
Bu qədər çoxsaylı bayraq insidentlərinin təsadüf olduğu istər-istəməz şübhə doğurur.
Bu, diplomatik praktikaya nə dərəcədə uyğundur? Bu, diqqətsizlikdən irəli gəlir, yoxsa qəsdən edilmiş hərəkətdir?
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, dünyada diplomatik praktikada, idman yarışlarında bəzən bayrağın yanlış yerləşdirilməsi və ya ümumiyyətlə, yerləşdirilməməsi kimi hadisələrə rast gəlinir. Lakin İranda bayrağımızı görməzlikdən gəlmək, yaxud təhrif etmək diqqətsizlikdən irəli gələn hadisə deyil. Çünki belə hadisələr indiyə qədər dəfələrlə baş verib. Sual olunur ki, nədən belə hadisələr ancaq İranda yaşanır? Bu qədər çoxsaylı təsadüf ola bilməz axı. Bu hadisələr İran hakimiyyətinin daxilindəki bəzi ultramillətçi, panfarsist, Azərbaycanın müstəqilliyini qəbul edə bilməyən dairələrin işidir: “İran İslam Respublikasında keçirilən müxtəlif səviyyəli görüşlərdə, idman yarışlarında Azərbaycan bayrağına olan münasibət, çox güman ki, bu ölkənin müxtəlif dövlət strukturlarındakı paniranistlərin xəbis, cılız, miskin xislətindən qaynaqlanır. Bu məsələdə Azərbaycan diplomatlarının da müəyyən qədər məsuliyyət daşıdığını düşünürəm. İranda bilmirəm, amma bütün mədəni dövlətlərdə belə məsələlərlə protokola cavabdeh olan qurumlar, yaxud şəxslər məşğul olurlar. Azərbaycan bayrağı ilə bağlı təxribata və sayğısızlığa yol verilməsi faktının ilk dəfə olmadığını nəzərə alsaq, o zaman Tehrandakı səfirliyimiz bu məsələ ilə bağlı daim həssaslıq nümayiş etdirməli, ən azı belə görüşlərdən öncə vəziyyəti dəyərləndirməli və çevik reaksiya verməlidir. Hesab edirəm ki, Azərbaycan diplomatları, yüksək vəzifəli məmurları İranda keçirilən görüşlərə Azərbaycan bayrağı və fars dilində onun necə asılmasını anladan, nümayiş etdirən materiallar aparmalı və təqdim etməlidirlər. Bundan sonra İrana səfər edən rəsmilərimiz və yarışlara gedən idmançılarımız hər ehtimala özləri ilə bayrağımızı da aparsınlar”.
Etibar SEYİDAĞA,
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ