İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanın “cücə boğazı” III Dünya müharibəsinin şərq poliqonuna çevrilir - TƏFƏRRÜAT  

Cənubi Asiyada son illər baş verən siyasi dəyişikliklər təkcə ölkədaxili hakimiyyət savaşlarının nəticəsi deyil. Banqladeşdə gənclərin üsyanı ilə hökumətin devrilməsi, ardınca Nepalda “Zet nəsli” adlandırılan gənc hərəkatın hakimiyyəti ələ alması əslində daha böyük geosiyasi rəqabətin fonunda cərəyan edir.

Söhbət Çin və Hindistanın bölgədəki strateji toqquşmasından gedir. Bu rəqabətin mərkəzində isə çox az adamın diqqət yetirdiyi, lakin Hindistanın taleyini müəyyən edə biləcək bir məkan Siliquri dəhlizi dayanır. Yəni hind politoloqlarının özlərinin “cücə boğazı” adlandırdığı 22 kilometrlik dar zolaq. Nepal, Butan və Banqladeşlə sərhəddə yerləşən bu dəhliz Hindistanın şimal-şərqini materik hissəsindən ayıran yeganə yoldur. Bu zolaq nəzarətdən çıxsa, Hindistan faktiki olaraq ikiyə bölünəcək. Banqladeşin yeni rəhbəri Məhəmməd Yunisin Çində səsləndirdiyi bəyanat isə Yeni Dehlidə həyəcan təbili kimi qarşılandı. Onun Hindistanın zəif nöqtəsini açıq dillə xatırlatması bölgədəki balansı daha da gərginləşdirdi. İndi isə sual budur: Nepal və Banqladeşdə baş verən siyasi dəyişikliklərin arxasında doğrudanmı Çin dayanır və Pekin Hindistanın “cücə boğazı”na doğru irəliləyirmi?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, Nepalda “Z” (Zet) nəsli ayağa qalxıb hakimiyyəti devirməsindən öncə, ötən il Banqladeş gəncləri eyni addımı atmışdılar: “Təbii ki, kənardan bütün bunların əsasən doğru olaraq baş verdiyi görünür. Amma doğrunun zahiri görüntüsüdür. Əslində isə ötən il Banqladeşdə, bu il isə Nepalda baş verənlərin daha ciddi əsası var. Baş verənlər Çinlə Hindistan arasındakı geosiyasi rəqabətin nəticəsidir. Əsl məqsəd əlbəttə ki, Hindistanın “cücə boğazı”dır. Söhbət Hindistanın materik hissəsi ilə yarım-eksklavı hesab olunan şimal-şərq vilayətlərini birləşdirən Siliquri dəhlizindən gedir. Nepal, Butan və Banqladeşlə sərhəddə yerləşən bu dəhliz Hindistanın ən həssas bölgəsi hesab olunur. Ən dar yeri cəmi 22 km-dir. Bizim Zəngəzur dəhlizi qədər. Himalay dağlarının qoynunda yerləşən bu dəhlizi Çin və ya Banqladeş ələ keçirsə, Hindistan faktiki olaraq ikiyə bölünər. Bu versiya bəlkə də inandırıcı gəlməyə bilər. Amma Banqladeşin yeni rəhbəri Məhəmməd Yunisin aprel ayında Çinə səfər edərkən səsləndirdiyi bir fikir Hindistanı əməlli-başlı silkələmişdi. O, sadəcə Banqladeşin geosiyasi əhəmiyyətindən danışarkən Huindistanın “cücə boğazı”ndan da bəhs etmişdi. Demişdi ki, “Hindistanın şimal-şərqi tamamilə dənizə çıxışı yoxdur və okeana çıxışı tamamilə Banqladeş tərəfindən idarə olunur. Siliguri dəhlizi, Şimal-Şərqi Hindistanın qalan hissəsi ilə birləşdirən yeganə yoldur və bu əlaqə Banqladeşdən keçir”.

Siyasi şərhçi qeyd edib ki, Məhəmməd Yunisin bu sözləri Hindistanda təhdid kimi qiymətləndirilmiş və artan gərginlik Yeni Dehlini Pakistanla savaşa qədər sürükləmişdi: “Niyə müharibə Pakistanla oldu? Çünki Hindistanda bir çox politoloqlar özlərinə yaxın olan Hasina ailəsi hakimiyyətinin yıxılmasında Çin və Pakistan ittifaqından şübhələnirdi. Şübhələnmələri üçün əsas da vardı. 1970-ci illərə qədər Banqladeş Pakistanın bir hissəsi idi və Hindistanın dəstəyi ilə Şeyx Hasinanın atası Şeyx Mucibur Rəhman tərəfindən müstəqilliyini elan etmişdi. Faktiki olaraq, Banqladeşin qurucu olan bu ailə Pakistanın 1 nömrəli düşməni sayılırdı. Odur ki, Hasina xanımın devrilməsində ən çox marağı olan ölkə də Pakistan idi. Təsadüfi deyildi ki, Məhəmməd Yunisin barəsində bəhs etdiyimiz məlum çıxışından sonra Hindistandan ona verilən cavablar da özünü çox gözlətməmişdi. Şimal-şərqi Hindistandakı Assam vilayətinin Baş naziri Himanta Bisua Sarma cavabında bildirmişdi: "Bizim bir “cücə boğazımız”, onlarda ikidir. Onlar bizimkinə hücum edərsə, biz də onların iki “cücə boğazı” üzərik”. Sarmanın burda bəhs etdiyi 2 “cücə boğazı” Banqladeşdəki dar keçidlər idi”.

Bəs Nepalın bu “cücə boğazları”na nə dəxli var?

Siyasi şərhçi qeyd edib ki, məsələ burasındadır ki, Nepal Hindistanla Çin arasında sıxışıb qalmış bir ölkədir: “Dənizə çıxışı olmayan bu ölkə həm Çindən, həm də Hindistandan asılıdır. Çinə yönəlsə, Hindistanın qəzəbinə səbəb olur, Hindistana yönəlsə Çinin. Ən əsası isə Hindistanın şimal şərq vilayətlərinə gedən yolu Nepalın sərhədlərinə yaxın ərazilərdən keçdiyi kimi, Çin də Tibetə getmək üçün bu ölkənin ərazilərinə qədəm basmalıdır. Üstəlik, Nepal Benqal körfəzinə çıxmaq üçün də ya Hindistandan, ya da 2016-cı ildə Çinin təsir dairəsinə girən Banqladeşdən keçməlidir. Belə qarışıq vəziyyət qarşısında Nepal məcburən balanslaşdırılmış xarici siyasət yürütməlidir. Orda başlayıb və hakimiyyət çevrilişi ilə nəticələnən “Zet” inqilabı ilə Nepal yəqin ki, bu siyasətə son qoyacaq. Bu da onu ciddi risklərlər qarşı-qarşıya qoyacaq. Hətta mümkündür ki, III Dünya müharibəsinin şərq poliqonu Nepal olsun”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR