İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni baş nazirdən İLK AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Məclis Konstitusiyanın 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib.

Musavat.com-un xəbərinə görə, səsvermədən sonra deputatlar qarşısında çıxış edən Baş nazir Əli Əsədov ona etimad göstərən Prezidentə təşəkkürünü bildirib, eyni zamanda dövlət başçısını yenidən xalqın böyük etimadını qazanması münasibətilə təbrik edib.

Azərbaycanın böyük Zəfərindən bəhs edən Ə.Əsədov ardınca yeni hökumətin qarşısında duran əsas vəzifələrdən danışıb.

O bildirib ki, qarşıda duran əsas vəzifələrdən biri ordu quruculuğu, hərbi sənayenin inkişafı, sərhədlərin qorunmasının gücləndirilməsi olacaq:

“Digər tərəfdən, ölkənin xarici risklərdən qorunması, azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması əsas prioritetlərdən olacaq. Hər zaman olduğu kimi, şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısının artırılması planlaşdırılır”.

Baş nazir deyib ki, Azərbaycan hökuməti ölkənin davamlı inkişafının və xalqın firavan həyatının təmin edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin və verilən tapşırıqların vaxtında, yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edəcək.

Hökumət başçısı qeyd edib ki, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən ilk dəfə Baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi zamanı bu yüksək kürsüdən çıxışından ötən müddətdə Nazirlər Kabineti ilə Milli Məclis arasında fəal birgə iş aparılıb. Onun sözlərinə görə, ötən müddət ərzində hökumət və ölkəmizin qanunverici orqanı arasında konstruktiv, səmərəli işbirliyi qurulub, müxtəlif qanun layihələrinin və sənədlərin məhsuldar birgə müzakirəsi keçirilib.

Buna görə Əli Əsədov deputatlara təşəkkürünü bildirib:

“Ümidvaram ki, növbəti müddətdə də bu xoş ənənəni davam etdirəcəyik və birgə səylərimiz bundan sonra da ölkəmizin tərəqqisinə və xalqımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək.

Onu da qeyd edim ki, yaxın vaxtlarda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat diqqətinizə təqdim ediləcək və ötən il hökumət tərəfindən görülən işləri, qarşıda duran vəzifələri müzakirə edəcəyik”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR