İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanmaq ayı

Bizi utandıran, sıxan çox ayları, günləri qırmızıya, bayrama çevirə bildik, yanvar isə qara rəngdə qaldı

Yanvar ayı... Yanmaq ayı. Belə daha doğru (dolğun) ifadə edir bu ayın gətirdiyi qaramatı. Həm də bu qara elə bir möhürlənib ki, onu dəyişmək, heç olmasa ağrısını bir qədər yüngülləşdirmək mümkün olmur. Təqvimdən çıxarmaq mümkün olsaydı...

Uşaqlıqda yanvar ayını həm Yeni il, həm də qış tətili səbəbindən səbirsizliklə gözlərdik. Yeni ildən sonra da proqramlar olan qəzetdə filmləri və maraqlı verilişləri dairə ilə seçdirib oturardıq ağ-qara televizorun qarşısında. Həyat necə rəngli idi, hər şey öz rəngində. İndidən baxanda o uşaqlıq illəri çox primitiv və boz rəngdə görünür. İndiki uşaqları ekran qarşısında “Nu poqodi”yə baxmağa məcbur edə bilməzsən. Mən isə indi də “Soyuzmultfilm”ə əvvəlki həvəslə baxıram...

Çətin olsa da, yanvara qayıdaq. 

252323.jpg (61 KB)

Doğulduğum yer qış şəhəri idi, yayı bir gözqırpımında keçər, qışı isə uzandıqca uzanardı... İşğaldan əvvəl evimizin qarşısında qarda yıxıldığım günü dəqiq xatırlayıram-1992-ci ilin 3 yanvarı idi. Sərt qış idi, amma adamı üşüdən bu şəhərin üzərində getdikcə daha da sıxlaşan təhlükəli qara buludlar idi. Yıxıldım və bir neçə dəqiqə arxası üstə göyə baxdım. Müharibədən əvvəlki yanvarlarda burada yıxılsan, qolundan 10 adam tutub qaldırardı. Bu küçənin yanvar ayında uşaq-böyük araba ilə yarışa çıxardı, səsdən qulaq tutulardı axşam-səhər. Bizim “Qış olipiadası” yanvarda başlar, hərdən marta qədər davam edərdi. Belə yanvarlar da vardı...

92-ci ilin o yanvarında isə bir hüzn vardı. 20 Yanvar qırğını artıq olmuşdu. Bizi utandıran, sıxan çox aylar, günlər gördük, amma nəhayətdə o təqvimləri qırmızıya, bayrama çevirə bildik. May, sentyabr, oktyabr, noyabr, hətta dekabr! Yanvar isə qara rəngdə qaldı.

20 Yanvarın 35-ci ili. Hələ bir neçə gün var, mən isə zamanı qabaqlayıb, bu ayın tez bitməsini istəyirəm sanki. 18 yaşım vardı, beyni qan, ürəyim möhkəm idi. Çox hadisələrinə şahidlik etdiyim o 20 Yanvarda, nə ondan sonrakı üzüntülü günlərdə nə sirdiydisə, bircə dəfə gözümdən yaş gəlmədi. Ağır günlər idi, çox ağır psixoloji travma almışdıq, göz yaşları sel olmuşdu, ürək od içində, amma gözlər donmuşdu. İndi adi bir filmdəki epizoddan da təsirlənirsən, o vaxt isə... 

1739af452a15d4e8ab8e1097cdc325ef.jpg (13 KB)

İndiki kimi quru soyuqlar keçirdi, yerdə qar yox idi. Yanvarın 13, ya 14-ü “Zavaqzalnı”da erməni evlərinə hücum olduğu haqda xəbərlər yayılmışdı. Şəhərə çıxmaq qorxudurdu adamı. Yanvarın 19-da getdiyim hər yerdə üşüyürdüm, tezliklə nə isə pis hadisələr olacağını, amma bunun həm də qaçılmaz olduğunu dərk etdikcə adamın ruhu sarsılırdı, canını qoymağa yer tapa bilmirdin...

Sovet ordusunun Bakıya hücum edəcəyi bəlli idi, amma bu cür vəhşiliyi heç kim gözləmirdi. Azərbaycan xalqı müstəqilliyə gedən yolda qan və qurban verməli idi, amma bu 20 Yanvar, 20 yanvardakı kimi olmaya da bilərdi. Çünki bu xalq hərəkatı, azadlıq mübarizəsi deyildi, SSRİ ilə müharibə heç deyildi. Bu canüstə olan imperiya ordusunun qısası, əliyalın xalqa qarşı elan olunmamış savaşı, cəza tədbiri idi. Əslində, elan olunmuş müharibə də demək olardı. Çünki Bakıdakı müxalifət o ordunun belə “qazlı”, qəzəbli gəlməsi üçün hər cür radikallığı edirdi, mən onların çoxunu qiyabi tanıyırdım, amma o vaxt heç birinə inanmırdım. Sonra isə... Qorbaçovun Azərbaycana yolladığı “kqbeşniklər” Girenko və Primakov iki gün əvvəl televiziya ilə çıxış edib Bakıda fövqəladə vəziyyət elan olunmayacağı vədi vermişdi deyəsən. Amma hər şey o yanvarda o qədər yalan dolu idi ki...

Qığın olacağını lap dəqiqliklə bilənlər vardı, ona görə o adamların birinin də burnu qanamadı. Hər dəfə yazıram: Qarabağ o yanvarda yaddan çıxmışdı, hakimiyyət davası başlamışdı. İllər sonra Əbdülrəhman Vəzirov deyəcəkdi ki, 18 yanvar 1990-cı ildə artıq 1-ci katib deyilmiş! Yəni

Azərbaycanda hakimiyyət 19 yanvarda artıq sahibsiz qalmışdı. 

d04ec4883d2fda57a2b44e48b330c117.jpg (237 KB)

Ötən il yazmışdım, yeni fikirim yoxdur, ona görə təkrar verirəm o abzası: Vəzirovun qanlı hadisələrə aparan və hadisədən sonra dediyi iki “qanadlı fikir”i xatırlatmağın yeri var. Birincisi, Vəzirov müxalifətə özünün qorxaq münasibətinə izahatıdır. Deyibmiş ki, “Azərbaycanı düzəltmək üçün onları (müxalifəti) türmələrə doldurmaq lazımdır, amma bunu etmirəm”. İkincisi, 20 Yanvardan sonra təəccüblənərək, daha doğrusu ironiya ilə “bir müxalifətçi liderin burnun qanamaması” haqda dedikləri idi. İndi 35 il sonra da düşünürsən ki, Vəzirov ona “işləməyə imkan verməyənləri” vaxtında həbsxanalara doldursaydı, 20 Yanvar qırğınından yayınmaq olardımı?”

O yanvardan 35 il keçir. Hər yanvar belə uzun çəkir. 20 Yanvarın üstünə 1 il gəlincə, dünya üstünə gəlir...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Yanvar 2025

16 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR