İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər təlimlərinin arxasındakı geosiyasi gerçəklik – Rusiya ilə İran arasında süni ittifaq

Rusiya və İranın Xəzər dənizində keçirdiyi birgə hərbi təlimlər – CASAREX-2025 – regionda siyasi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib.

Hər iki tərəf təlimləri texniki əməkdaşlığın və dənizdə təhlükəsizlik tədbirlərinin bir parçası kimi təqdim edir. Rusiya rəsmiləri bildirir ki, bu tip təlimlər aylar öncədən razılaşdırılır və onların yaxın dövrdə baş verən siyasi hadisələrlə, xüsusilə də İran–İsrail münaqişəsi ilə əlaqəsi yoxdur. Lakin geosiyasi reallıqlar bu rəsmi izahatı şübhə altına alır və göstərir ki, bu təlimlərin əsas məqsədi strateji reallığı deyil, sadəcə görüntünü qorumaqdır.

İYUL.jpg (90 KB)

İran və İsrail arasında bu ilin yazında baş vermiş eskalasiya zamanı İran Rusiyadan real hərbi dəstək gözləmişdi. Tehran hesab edirdi ki, müttəfiq olaraq Moskva ona hava hücumundan müdafiə sistemləri, təyyarələr və raket texnologiyaları təqdim edəcək.

Lakin bu, baş vermədi. Rusiya tərəfi İranı diplomatik bəyanatlarla dəstəkləməklə kifayətləndi. Müşahidəçilər qeyd edirlər ki, Rusiya bu zaman daha çox İsrailin maraqlarını nəzərə aldı, çünki Yaxın Şərqdəki balanslı siyasəti qorumağa üstünlük verdi. Bu isə İranın gözləntilərinin tam əksi idi və tərəflər arasında narazılığın yaranmasına səbəb oldu.

İran və Rusiya arasında 20 illik strateji əməkdaşlıq sənədi 2025-ci ilin əvvəlində imzalansa da, bu sənədin real gücü və tətbiq dəyəri sual altındadır. Əldə olunan məlumatlara görə, sənəddə hərbi müdafiə öhdəlikləri nəzərdə tutulmur və bu baxımdan o, daha çox diplomatik jest, yaxud formal sənəd xarakteri daşıyır. Tehran isə bu sənədi daha ciddi və praktiki nəticələrə yönəlmiş sənəd kimi təqdim etmək istəyirdi. Lakin Moskvanın son mövqeyi göstərdi ki, Rusiya bu münasibətə praqmatik yanaşır və Tehranla müttəfiqliyi ideoloji deyil, sırf geosiyasi alət kimi görür.
Suriya məsələsində də Rusiya ilə İran arasında ciddi fikir ayrılıqları mövcuddur.

İran illərdir Suriyada özünə sadiq silahlı qrupları dəstəkləyir və burada güclü mövqe qurmağa çalışır. Lakin Rusiya zaman-zaman İsrailin maraqları ilə uzlaşaraq, İranmeylli silahlı dəstələrin hədəfə alınmasına şərait yaradıb. Əgər Moskva istəsəydi, öz aviasiyası ilə bu qruplara ciddi dəstək verə bilərdi. Amma bu, baş vermədi və nəticədə Tehran Suriyada da mövqelərini itirməyə başladı. Bu, Rusiya ilə İran arasında dərin güvən böhranının daha bir göstəricisidir.

Bu kontekstdə Xəzər dənizində keçirilən təlimlər daha çox nümayiş xarakteri daşıyır. Rusiya və İran bu cür hərbi manevrlərlə guya sıx əməkdaşlıq görüntüsü yaratmağa çalışır. Lakin əslində, tərəflər arasında artan inamsızlıq, geosiyasi ziddiyyətlər və qarşılıqlı məyusluq bu təlimlərin mahiyyətini şübhə altına alır. CASAREX-2025 təlimləri kağız üzərində hərbi sinxronizasiya kimi görünsə də, bu, real təhlükəsizlik müttəfiqliyi deyil, sadəcə geosiyasi sima qoruma cəhdidir.

XEZER.jpg (87 KB)

Ekspertlər hesab edir ki, Rusiya bu məsələdə Qərbin və İsrailin reaksiyalarını da nəzərə alaraq ehtiyatlı davranır. O, İranla açıq hərbi blok yaratmaq istəmir, çünki bu, həm Ukrayna müharibəsində onu daha da təcrid edə bilər, həm də regional balansı pozar. İran isə bu ziddiyyətləri hələlik açıq şəkildə dilə gətirmir, lakin diplomatik səviyyədə məyusluq hiss olunur.

Bütün bu nüanslar göstərir ki, Rusiya–İran münasibətləri hazırda ən azı soyuq mərhələyə qədəm qoyub. Hər iki tərəf münasibətləri strateji adlandırsa da, faktiki olaraq bu əlaqələr yalnız qismən kəsişən maraqlara əsaslanır. Xəzər təlimləri bu münasibətlərin sağlam və güclü olduğunu sübut etmir, əksinə, onun sarsaq təməllər üzərində qurulduğunu göstərir. Gələcək proseslərdə bu gərginliyin daha da dərinləşəcəyi və iki ölkə arasında əməkdaşlığın formal səviyyədən kənara çıxmayacağı ehtimal olunur.

Əli Rais 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR