İnsanlara hürriyət, millətlərə istiqlal!

Alen Simonyan yenidən “Bakıdakı hərbi əsirlər" kartına əl atdı – İrəvandan ikiüzlü bəyanatlar

Musavat.com xəbər verir ki, Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan yenidən Azərbaycandakı “erməni hərbi əsirlər” məsələsini gündəmə gətirib. O, İrəvanda keçirilən Avronest Parlament Assambleyasının 12-ci plenar iclasında çıxış edərək bildirib ki, “Azərbaycanın nəzarətində olan ermənilərin və hərbi əsirlərin taleyi hələ də ciddi humanitar problemdir”.

Simonyanın sözlərinə görə, “itkin düşənlərin taleyinin aydınlaşdırılması da mühüm humanitar prioritetlərdən biridir.”

O, həmçinin qeyd edib ki, Vaşinqton Bəyannaməsinin qəbul edilməsi və Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması “artıq bölgədə sülhün qurulduğunu göstərir”, lakin buna baxmayaraq, bir sıra humanitar məsələlərin hələ də “həll olunmadığını” deyib.

İkiüzlü ritorika – reallıq tam fərqlidir

Musavat.com bildirir ki, əslində, Azərbaycanda “hərbi əsir” statusunda saxlanılan şəxs yoxdur. Onların hamısı 2020-ci il 44 günlük müharibədən sonra və daha çox 2023-cü ilin Qarabağ antiterror əməliyyatları zamanı qanunsuz silahlı dəstələrin üzvləri, rəhbərləri, ideoloqları - yəni separatçı və cinayətkar elementlər kimi saxlanılıblar.

Bu şəxslər beynəlxalq hüquqa əsasən “hərbi əsir” sayılmır, çünki onlar qanuni orduya məxsus deyil, qeyri-rəsmi, separatçı birləşmələrə və qondarma rejimə mənsub olublar və Azərbaycanın suveren ərazisində qanunsuz fəaliyyət göstəriblər.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, cinayət törətmiş şəxslər yalnız məhkəmə qarşısında cavab verirlər, bu isə beynəlxalq hüquq normalarına tam uyğundur.

Paşinyan hakimiyyəti separatçıların azadlığını istəmir

Maraqlıdır ki, Ermənistan hakimiyyəti bu məsələni daxili siyasi alət kimi istifadə edir. Musavat.com-un təhlilinə görə, İrəvan rəhbərliyi, xüsusən də baş nazir Nikol Paşinyan və spiker Alen Simonyan, bu şəxslərin azad olunmasını real olaraq istəmir.

Səbəblərdən biri də odur ki, bu “saxlanılanlar” arasında milyarder Ruben Vardanyan kimi simalar var. O, Qarabağdakı separatçı rejimin maliyyə dayağı olub və Ermənistan rəhbərliyinə iddia edir. Onun azad olunması İrəvanda hakimiyyət üçün əlavə başağrısı yarada bilər.

Bu baxımdan Paşinyan hakimiyyəti bir tərəfdən beynəlxalq tribunalarda humanitar ritorika ilə çıxış edir, digər tərəfdən isə həmin şəxslərin azadlığını arzulamır.

Alen Simonyanın bu çıxışı İrəvanın ikiüzlü diplomatiyasının növbəti nümunəsidir. Bir tərəfdən sülh sazişindən danışan Ermənistan rəhbərliyi, digər tərəfdən isə hələ də “əsir” manipulyasiyasına əl atır.

Azərbaycan isə prinsipial mövqeyini dəyişmir – cinayət törədən separatçılar beynəlxalq hüquqa uyğun şəkildə cavab verməlidir, sülh prosesinə isə yalnız ədalətli və hüquqa əsaslanan yanaşma xidmət edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR