İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə “Rus ruletkası” - Bordovun “son gülləsi” özünə qaldı...       

Üzdəniraq FTX agenti “artsax uğrunda” mübarizəyə çağırır; AMİP sədri: “Başına torba keçirib Bakıya gətirməliyik”

Xankəndidəki “mədəniyyət və gənclər sarayı”nda Yuxarı Qarabağdakı qondarma “rus icması” nümayəndələrinin görüşü keçirilib. “Yeni Müsavat” bildirir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin agenti, Yuxarı Qarabağdakı rezidenti olduğu haqda davamlı məlumatlar yayılan “rus icması”nın rəhbəri Aleksandr Bordov tikilmiş rus pravoslav kilsədəki “ruhani ata”nın xeyir - dua və çıxışları ilə başlayıb.

Bordov qeyd edib ki, “dağlıq qarabağ respublikası bu gün çətin vəziyyətdədir və yalnız artsax xalqına xas olan ruhun gücü və dözümü onlara bu sınaqlardan aylardır şərəflə çıxmağa imkan verir...”

“Təbii ki, biz xatırlayırıq ki, babalarımıza, atalarımıza da asan olmayıb, çünki müqəddəs Qarabağ torpağının bütün tarixi boyu əcdadlarımızın torpağında azadlıq, yaşamaq hüququmuz uğrunda mübarizə aparmışıq”, - deyə A.Bordov çərənləyib. “Rus icması”nın başçısı Ermənistan-Rusiya münasibətlərinə, bu kontekstdə Rusiyanın Qarabağdakı “mövcudluğunun tarixinə də  istinad edib”. FTX agentinin sözlərinə görə, əsrlər boyu ermənilərlə ruslar arasında mənəvi bağlar yaranıb ki, bu da hər iki xalq, ölkələr və inanc naminə möhkəm müttəfiqlik münasibətlərinin qurulmasının zəruriliyindən xəbər verir. Üzdəniraq natiqin sözlərinə görə, “həm artsax xalqı, həm də Rusiya sülhməramlıları çətin, faktiki böhran vəziyyətinə düşüblər... Aydındır ki, bu gün biz barrikadaların eyni tərəfində olmalıyıq”, - deyə “rus icması”nın rəhbəri əminliyini ifadə edib. 

“Bizim Azərbaycan əhalisinə qarşı qətiyyən heç bir iddiamız yoxdur, lakin biz üçtərəfli bəyannamənin əksinə olaraq, 206 gündür davam edən blokadanın və Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Qarabağ torpağında həyata keçirdiyi əməliyyatların əleyhinəyik. Bütün bunlar, eləcə də Sumqayıtda, Bakıda, Dağlıq Qarabağda erməni əhaliyə qarşı amansız cinayətlərin törədildiyi faciəli hadisələrin tarixi yaddaşı yaradılmış şəraitdə artsaxın Azərbaycanın tərkibində olmasının, birgə yaşamağın mümkünsüzlüyünü diktə edir. İtkilərin yaraları çox ağırdır”, - deyə FTX  rezidenti təxribatçı çıxışında vurğulayıb. 

Xankəndidə “rus kartı” işə salındı: Bordov 400 milyondan pay almaq üçün  gedib

Sonda Putin rejiminin nümayəndəsi “təhlükəsiz və firavan bir artsaxa sahib olmaq uğrunda” mübarizəyə çağırıb. Belə görünür ki, Bordov da “rus ruletkası”nın sonunun gəldiyinin fərqindədir və indi sonuncu “patronı” qalıb. “Azərbaycan hökuməti Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xankəndi şəhərində yaşayan erməniəsilli vətəndaşları ilə dinc dialoqun aparılması üçün böyük səylər göstərdiyi halda, bir qrup separatçı əsassız bəyanatlar və dünya ictimaiyyətinə yanlış məlumatlar verməklə buna mane olmaqda davam edir.

Bu barədə Azərbaycanın Rus İcması Respublika Şurasının Qarabağ bölgəsinin “saxta rus icması”nın siyasi kart oynamaq cəhdinə münasibət bildirdiyi bəyanatda bildirilir.

Sənəddə deyilir ki, özlərini “rus icması” kimi təqdim edənlərin bəyanatları Azərbaycan Konstitusiyasının normalarına tamamilə ziddir: “Qarabağ iqtisadi rayonunun erməni əsilli sakinləri Azərbaycan Respublikasının vətəndaşlarıdır və ölkəmizin rəsmi qanunlarına uyğun yaşamalıdırlar. Azərbaycanda 1993-cü ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış və bu gün bir rus icması var. Sayı 120 min nəfərdən çoxdur. Təşkilatımız bütün beynəlxalq strukturlar tərəfindən tanınır və 30 ildir fəaliyyət göstərir. Əgər Qarabağ sakinləri arasında Azərbaycanın rus icmasına qoşulmaq istəyən etnik ruslar varsa, o zaman təşkilata üzv olmaq üçün bizə müraciət etsinlər. Biz onların müraciətlərinə cavab verməyə və bunun üçün bütün lazımi məlumatları təqdim etməyə hazırıq”, - bəyanatda qeyd olunur.

“Rus icması” öz bəyanatında Qarabağdan öz əcdadlarının tarixi torpağı kimi danışır. Qarabağ həmişə Azərbaycanın bir parçası olub və belə də qalacaq.

Sonda Azərbaycanın rus icması bu cür bəyanatları regionda sabitliyi pozmaq, dünya ictimaiyyətinə yanlış məlumat vermək və Qarabağ ermənilərinin çoxmillətli, multikultural Azərbaycan cəmiyyətinə inteqrasiya prosesini ləngitmək cəhdi hesab edir.

Bəs niyə bu dələduz oradan uzaqlaşdırılmır, FTX daha nə qədər onu himayə edəcək? 

Ümumiyyətlə, Bordovun əcdad menyusu üçün onu da deyək ki, rəhbərlik etdiyi icma ilə bağlı məlumatda Qarabağ ərazisindəki rus kilsəsinin 1868-ci ildə inşa olunduğu və çar II Aleksandrın onun açılışında iştirak üçün Xankəndiyə gəldiyi yazılıb. Yeri gəlmişkən, həmin məlumatda Xankəndinin 1923-cü ildən sonra Stepanakert adlandırıldığı da qeyd edilib. Bu da ermənilərin əcdad qədimliyinin “təsdiqi”. Gülməlidir ki, Qarabağdakı qondarma “rus icması”nın rəhbəri rus deyil, milliyyətcə ermənidir. Digər bir məsələ odur ki, Rusiya sülhməramlıları Qarabağda yerləşdirildikdən sonra dəfələrlə həmin ərazilərdə erməni əhali üçün yardım kampaniyaları keçirilib, ərzaq və su daşınıb, bayramlarda uşaqlara müxtəlif hədiyyələr paylanıb. Amma bu sadalanan əməllər onların missiyasına daxil deyil. Digər tərəfdən, 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndinin icra olunmaması Rusiyanın bəd niyyətlərinin olduğundan xəbər verirdi. Həmin bənddə qeyd olunub ki, Rusiya sülhməramlılarının Qarabağa daxil olmasına paralel olaraq, erməni silahlı birləşmələri bölgəni tərk etməlidir.

Arzuxan Əlizadə: ABŞ Türkiyəyə qarşı bu münasibətlə 300 milyonluq türk  dünyasına qarşı çıxıb - "İki sahil"

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında Rusiyanın Qarabağdakı özbaşınalıqlarına sərt reaksiya verdi. Partiya sədri dedi ki, Azərbaycan konkret addımlar atmalıdır: “Ağdam-Xankəndi yolunda barrikadaların qurulmasında Ruben Vardanyanın adamları iştirak edir. Onun da "rus desantı" olması sirr deyil. Paralel də rus agenti Bordov peyda olur və çağırışlar edir. Hər iki hadisə sinxronluq təşkil edir və eyni mərkəzdən idarə olunur. Azərbaycanda rus icmasının rəhbəri olan deputat Mixail Zabelin isə səsini çıxarmır. Ümumiyyətlə, rusların bu hərəkətlərinə sərt xəbərdarlıq edilməlidir. Biz onların nazı ilə oynamalı deyilik. Bu qədər bəs edir. Biz separatçıların liderlərinin və Rusiyanın Qarabağdakı agenturasının başına torba keçirib Bakıya gətirməliyik". A.Əlizadə qeyd etdi ki, Rusiya Priqojinin təyyarəsini vurur, Ukraynanı yerlə-yeksan edir, Qarabağda min oyundan çıxır, Yekaterinburqda əleyhimizə toplantılara şərait yaradır, yəni dünyaya meydan oxuyur: “Ona görə də Azərbaycan ərazilərində Rusiyanın bu hoqqalarına göz yummaq olmaz. Bordov kimilər də Moskvanın təlimatı ilə hərəkət edirlər. Nəticə budur ki, torpaqlarımızın bir hissəsi rus-erməni işğalı altındadır, buna son qoymalıyıq. Çünki Qarabağda ruslar yaşamır, icmaya ehtiyac yoxdur”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR