İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Mustafayevin müəllifi olduğu 300 minlik saatı oğurlayan çinlilər bağışlanılmalarını istədilər – MƏHKƏMƏ CƏZA VERDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə "VMF Continental" mağazasından oğurluqda ittiham olunan Zhang Guomin və Liu Bonun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

VMF saatlarının müəllifi ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevdir.

Musavat.com xəbər verir ki, prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxslər "VMF Continental" mağazalar şəbəkəsinə məxsus Yasamal filialında İradə adlı satıcıdan baxmaq istədikləri saatı rəfdən çıxarmasını xahiş ediblər. Saatın şəklini çəkdikdən sonra Liu Bo satıcının diqqətini yayındıraraq başqa saatı göstərməsini istəyib. Satıcının diqqəti yayınmışkən Zhang Guomin saatı oğurlayıb.

İttihama münasibət bildirən Zhang Guomin və Liu Bo özlərini təqsirli biliblər. Lui Bo bildirib ki, saatı Zhang Guomin götürüb. Daha sonra bağışlanılması üçün "VMF Continental" şirkətinə dəymiş ziyana görə kompensasiya ödəməyə hazır olduğunu deyib.

Zhang Guomin ifadəsində bildirib ki, saatın belə bahalı olduğunu bilmirmiş:

"Etdiklərimizə görə çox peşmanam".

Təqsirləndirilən Liu Bo da saatın dəyərli olduğunu bilmədiyini və əməlindən peşman olduğunu deyib.

Zərərçəkən "VMF Continental" şirkətinin hüquqi nümayəndəsi isə təqsirləndirilən şəxslərdən şikayətçi olduqlarını açıqlayıb. Zhang Guomin və Liu Bo zərərçəkmiş tərəfə 5 min dollardan 10 minə qədər kompensasiya ödəmə hazır olduqlarını deyiblər.

Daha sonra iclasda şahidlər ifadə verib. Bundan sonra məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Zhang Guomin və Liu Bonun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri onların özlərini təqsirli bildiyini və ailələrinin ölkə xaricində olduğunu söyləyərək onlara yüngül cəza verilməsini xahiş edib.

Zhang Guomin və Liu Bo son sözlərində peşman olduqlarını, bağışlanılmalarını və ölkələrinə göndərilmələrini xahiş ediblər.

Daha sonra təqsirləndirilən şəxslərin barəsində hökm elan edilib. Hökmə əsasən, Zhang Guomin və Liu Bo 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

İttihama görə, onlar Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasından 330 min manat dəyərində olan "Breguet" markalı qol saatını gizli yolla oğurlayıblar.

Zhang Guomin və Liu Bo Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunurdular. Təqsirləndirilən şəxslərə qarşı sürülmüş ittihamda 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR