Onlayn ictimai-siyasi qəzet
“Uşaqlarda da xroniki yorğunluq sindromu müşahidə oluna bilər. Lakin bu, böyüklərlə müqayisədə daha nadir haldır”.
Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
Onun sözlərinə görə, bu sindrom davamlı və səbəbi izah olunmayan yorğunluqla xarakterizə olunur, ən azı altı ay davam edir və istirahətlə tam aradan qalxmır:
“Uşaqlarda bu vəziyyət gündəlik həyat fəaliyyətlərinə, məktəbə davamiyyətə və dərs oxumağa ciddi təsir göstərə bilər. Ən çox rast gəlinən əlamətlər arasında gücsüzlük, diqqət və yaddaşda zəifləmə, baş, əzələ və oynaq ağrıları, yuxu pozuntuları və infeksiyalardan sonra vəziyyətin daha da pisləşməsi qeyd olunur. Səbəbləri tam dəqiqləşdirilməsə də, infeksiyalardan sonra yaranması, immun sistemində dəyişikliklər, stres və yuxu rejimində pozuntularla əlaqələndirilir”.
Nazirliyin mütəxəssis-ekspert bildirib ki, diaqnozun qoyulması çətindir, çünki oxşar əlamətlər dəmir çatışmazlığı, qalxanabənzər vəzin xəstəlikləri və ya psixoloji problemlərdə də müşahidə oluna bilər:
“Müalicəsi əsasən simptomların yüngülləşdirilməsi, həyat tərzinin yaxşılaşdırılması, düzgün yuxu və qidalanma rejiminin tənzimlənməsi, həmçinin psixoloji dəstək üzərində qurulur”.
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ