İnsanlara hürriyət, millətlərə istiqlal!

Adnan Əhmədzadənin işi – Baş prokuror danışdı: yeni həbslər olacaq?

SOCAR-ın yüksək vəzifələrində çalışmış, hazırda isə həbsdə olan Adnan Əhmədzadənin cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Baş prokuror Kamran Əliyev bu barədə mətbuata açıqlama verib.

Baş prokuror bildirib ki, iş üzrə araşdırmalar aparılır və hələlik ictimaiyyətə konkret məlumat vermək mümkün deyil.

trend_kamran_aliyev_110822_01.jpg (105 KB)

SOCAR-da illər ərzində müxtəlif mühüm vəzifələrdə çalışmış Adnan Əhmədzadənin adı uzun müddət ölkənin enerji sektorunda aparıcı fiqurlardan biri kimi hallanıb.

Musavat.com xəbər verir ki, onun adı həmçinin iri maliyyə əməliyyatları və şübhəli biznes əlaqələri ilə bağlı mediada dəfələrlə gündəmə gəlib.

Məlumatlara görə, Adnan Əhmədzadə SOCAR-dakı fəaliyyəti dövründə müxtəlif tenderlər, neft və qaz tədarükü ilə bağlı proseslərdə böyük səlahiyyətlərə malik olub. Onun həbsindən sonra əlaqələri, xaricdəki maliyyə əməliyyatları və daşınmaz əmlaklarının da araşdırıldığı deyilir.

Maraqlıdır ki, bu cinayət işi təkcə bir şəxsin məsuliyyəti ilə məhdudlaşmaya da bilər.

Ekspertlər hesab edir ki, araşdırmalar dərinləşdikcə, yeni faktlar üzə çıxa bilər.

Qeyd edək ki, son illərdə SOCAR-ın bir sıra sabiq vəzifəli şəxsləri korrupsiya və vəsaitlərin mənimsənilməsi ittihamları ilə istintaqa cəlb olunub. Bu baxımdan, Adnan Əhmədzadənin işi ictimaiyyət və ekspertlər tərəfindən diqqətlə izlənilir. Hazırda iş üzrə ibtidai istintaq davam edir və nəticələr açıqlanana qədər prokurorluq məlumat verməkdən çəkinir.

Lakin bu işin ölkənin ən böyük dövlət şirkətlərindən birində uzun illər aparılmış maliyyə əməliyyatlarına işıq salacağı gözlənilir. Hazırda Avropada Adnan Əhmədzadənin adının hallandığı beynəlxalq biznes qalmaqalı da qızışmaq üzrədir.

Sinqapur mətbuatının yazdığına görə, onun benefisiarı olduğu “Oilmar Shipping and Chartering” şirkətində ciddi dəyişikliklər başlayıb. Şirkətin baş direktoru Yusif Məmmədov bildirib ki, artıq səhmlərin geri alınması prosesinə start verilib və rəhbərlik Adnan Əhmədzadə ilə əlaqələrini qəti şəkildə kəsir. Məqsəd “Oilmar Shipping and Chartering” şirkətini hüquqi və reputasiya risklərindən qorumaqdır. “Oilmar Shipping and Chartering” şirkəti 2015-ci ildə Dubayda yaradılıb. Şirkət sürətlə yüksəlib, enerji bazarında qlobal oyunçuya çevrilib. 2022-ci ildə şirkətin illik gəliri 1 milyard dolları ötüb, əməliyyatlar 60 ölkəni əhatə edib.

OİLMAR.jpg (73 KB)

Adnan Əhmədzadə Bakıda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanıb. Onun adı Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə Rusiya və Azərbaycan neftinin qarışdırılmasını təşkil etməkdə hallanır. İddialara görə, saxta sertifikatlarla Rusiya neftinin Azərbaycan brendi altında Avropaya çıxarılmasına imkan yaradıb...

Adnan Əhmədzadənin biznes şəbəkəsi yalnız bu şirkətlə məhdudlaşmır. Onun adı Maltada qeydiyyatdan keçmiş “Alkagesta LTD” və Britaniyanın Virciniya adalarında yaradılmış “Choice Management Group LTD” ilə də hallanır. “Pandora Papers” sızmalarında da Adnan Əhmədzadənin adı benefisiar kimi keçir. Ehtimal olunur ki, o, ofşor şirkətlər vasitəsilə qaçaq neft alveri ilə məşğul olub.

“Oilmar Shipping and Chartering” şirkətinin baş direktoru Yusif Məmmədovun verdiyi açıqlama şirkət üçün sağ qalma strategiyası kimi dəyərləndirilir. O, müştərilərə ünvanladığı sirkulyarda xidmətin davamlılığını və dürüstlüyə sadiqliyini vurğulayıb. Hazırda şirkət Cenevrə, Sinqapur və Nyu-Yorkda ofisləri ilə fəaliyyət göstərir. Lakin Qərb paytaxtlarında artıq müqavilələri ikiqat yoxlamağa başlayıblar. Çünki Qərbin maliyyə institutları və enerji şirkətləri reputasiya riskindən çəkinir.

Ən diqqətçəkən məqam budur ki, Azərbaycan Avropa bazarında Rusiyaya alternativ kimi mövqeyini möhkəmləndirməyə çalışdığı bir zamanda Azərbaycana qarşı “Əhmədzadə kartı”ndan istifadə olunub. Bu işin nəticəsi Azərbaycanın enerji tərəfdaşı kimi həyati əhəmiyyət daşıyır. Əgər Avropa tərəfdaşlarının inamı zədələnsə, bu, ölkənin ən strateji sektorunda yeni problemlər doğura bilər. Belə görünür ki, Adnan Əhmədzadənin həbsi və “Oilmar” qalmaqalı hələ başlanğıcdır.

Növbəti mərhələdə həm Azərbaycan məhkəmələri, həm də Qərbin tənzimləyici orqanları bu işin gedişatına diqqətlə nəzarət edəcək.

Avropa üçün isə bu hadisə bir daha göstərdi ki, enerji diversifikasiyası strategiyası kağız üzərində möhkəm görünsə də, praktikada çox kövrəkdir. Azərbaycan üçün isə məsələ təkcə bir şəxsin cinayət işi deyil, ölkənin etibarlı tərəfdaş statusu və enerji diplomatiyasının gələcəyi ilə bağlıdır.

Bu ilin iyulunda BP şirkəti Azərbaycan hökumətinin Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Rumıniya və İtaliyaya satdığı neftin tərkibində zərərli maddə hesab edilən xlorid aşkarlandığını bildirmiş, bir neçə gün öncə həmin məlumatı bir daha açıqlamışdı. O zaman Rumıniya mətbuatı çirklənmənin Rusiya tərəfindən məqsədyönlü şəkildə, Azərbaycanın enerji nüfuzunu zədələmək məqsədilə edildiyini açıqlamışdı. Adnan Əhmədzadə həm də dəbdəbəli həyat tərzi, məşhur xarici simaların, futbolçuların və digər nüfuzlu şəxslərin Azərbaycana səfərlərini təşkil etməklə də gündəm olub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR