İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və region narkotikin burulğanında – gizli narkolaboratoriyalar sürətlə artır

2025-ci ilin ilk yarısı narkotiklərlə bağlı statistik rəqəmlər bir daha sübut etdi ki, İran və ona bitişik ərazilər dünyanın ən böyük narkotik tranzit zonalarından biridir.

Əfqanıstandan başlayan və Yaxın Şərqdən Qafqaza, buradan isə Avropaya qədər uzanan “ağ ölüm dəhlizi” bu gün təkcə hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə regional təhlükəsizliyin qarşısında ən böyük çağırışdır.

Musavat.com xəbər verir ki, rəsmi rəqəmlərə görə, ilin ilk 6 ayında İranda 165 ton 833 kiloqram narkotik vasitə müsadirə edilib.

Onların arasında 3,9 ton heroin, 2,1 ton morfin, 72 ton həşiş, 19,8 ton metamfetamin və onlarla ton digər psixotrop maddə var. İranda tutulan heronin Avropadakı “qara bazar”da satış qiyməti təxminən 175 milyon avrodur.

Bu miqyas təkcə İrandaxili problem deyil, qonşu ölkələr üçün də ciddi risk mənbəyidir.

2025-ci ilin yarımillik yekunları narkotiklərlə bağlı cinayətlərin sayında 19,2 faiz artım qeydə alındığını göstərir. Bu, əlavə olaraq 20 min 862 yeni cinayət hadisəsi deməkdir. Onların içində narkotiklərlə bilavasitə bağlı cinayətlərin sayı isə 21,9 faiz artıb, yəni 20 min 854 fakt qeydə alınıb.

Daha təhlükəlisi, mütəşəkkil cinayətkar qruplar tərəfindən törədilən cinayətlərin dinamikasıdır. 2025-ci ilin 6 ay ərzində bu kateqoriyada 75,4 faizlik artım baş verib. Bu isə artıq tək-tək şəxslərin yox, güclü mafioz şəbəkələrin aktivləşdiyini göstərir.

Ən narahatedici tendensiyalardan biri də sintetik və yeni psixoaktiv maddələrin sürətlə yayılmasıdır. Belə aydın olur ki, gizli laboratoriyaların aşkarlanması artıb, nəticədə yalnız 2025-ci ilin birinci yarısında psixotrop maddələrin müsadirəsi 587 kiloqram artıb.

Ümumilikdə isə İranla qonşu olan dövlətlərdə prekursorların tutulması artaraq 27 ton 654 kiloqrama çatıb. Bu isə yeni təhlükənin, qanuni kimyəvi maddələrin qeyri-qanuni dövriyyəyə yönəldilməsini açıq şəkildə göstərir. Başqa sözlə, artıq yalnız Əfqanıstan tiryəyindən asılı olmayan, öz sintetik istehsalını quran bir narko-sənaye formalaşır.

Hüquq-mühafizə orqanlarının hesabatları göstərir ki, həbslərin sayında müəyyən azalma müşahidə olunur. Bunun əvəzində cinayətlərin sayında artım var. Bu fakt cinayətkar qrupların daha peşəkar, gizli və texnoloji üsullarla işləməyə başladığını göstərir. Artıq “klassik qaçaqmalçılıq” yanaşması ilə yanaşı, onlayn distribyusiya, “darknet” üzərindən satış, uzaqdan çatdırılma və ev laboratoriyalarında narkotik istehsalı sürətlə artır. Belə tendensiyalar isə ənənəvi nəzarət mexanizmlərini zəiflədir.

Bu statistika İranla sərhəd olan bütün ölkələr üçün təhlükəsizlik siqnalıdır.

Azərbaycan, Türkiyə, Gürcüstan və digər qonşular üçün əsas risklər sırasında tranzit təhlükəsi ilk yerdə gəlir. İrandan çıxan narkotiklərin yalnız bir hissəsi ələ keçirilir. Deməli, real dövriyyə daha böyükdür. Azərbaycanın Avropaya gedən əsas nəqliyyat dəhlizində yerləşməsi isə bu riski ikiqat artırır. Tranzit marşrut üzərində yerləşən ölkələrdə narkotiklərin bir hissəsi daxili bazara sızır. Bu, həm sosial, həm də demoqrafik faciələr yaradır.

Narkoticarət təkcə kriminal gəlir mənbəyi deyil. Bu vəsaitlər terror qruplarını, separatçı şəbəkələri və qeyri-leqal silahlı qrupları da maliyyələşdirir.

Bütün bu faktlar onu göstərir ki, artıq problem yalnız bir ölkənin imkanlarını aşır. Narkotik mafiyası regionda transmilli miqyasda işləyir, sərhədləri aşır, texnologiyadan istifadə edir. Deməli, qarşı tədbirlər də koordinasiyalı və beynəlxalq səviyyədə olmalıdır.

ARZU SON.jpg (42 KB)

Deputat Arzu Nağıyev Musavat.com-a deyib ki, yaxın 20-30 ildə dünyanı ağuşuna alan narkotik bəlasının kökünü kəsmək mümkün deyil:

“Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün Mərkəzi Asiya Regional İnformasiya Mərkəzi mövcuddur. Azərbaycan da bu mərkəzə üzv dövlətlərdən biridir. Bu problem yalnız dünya dövlətlərinin birliyi sayəsində çözülə bilər. Bir dövlət təkbaşına narkotik bəlasının öhdəsindən tam olaraq gələ bilməz. Bunun obyektiv səbəbləri var. Azərbaycanın İranla sərhəd olması və İranın Əfqanıstanla qonşuluqda yerləşməsi son nəticədə ölkəmizə narkotik axınının davamlı olmasına gətirib çıxarır. Sərhədlərdə narkotrafikin ən yaxşı halda 30 faizinə qədərini müəyyən edib götürmək olur.

Narkotiklərin əksəriyyəti gömrükdən kənar, sərhədlərdəki zəif, gizli yerlər vasitəsilə keçirilir. SSRİ dönəmində İranla həmsərhəd rayonlarda xüsusi rejim tətbiq olunurdu. Həmin rejim əraziyə gəlib-gedənləri nəzarətdə saxlamağa imkan verirdi. Azərbaycan müstəqillik qazanandan sonra xüsusi rejim də ləğv olunub. Həmin zonaya gediş-gəliş sərbəstləşdi. Narkotranzitlə məşğul olanlar da xüsusi rejimin ləğvindən öz maraqları üçün istifadə etməyə başladılar.

Əfqanıstandan Avropaya narkotik daşınmasının ən asan yolu Əfqanıstandan İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Moldova marşrutudur. Azərbaycan yerləşdiyi coğrafi məkan baxımından narkotiklərin daşındığı yolun bir hissəsidir. Qaçaqmal narkotik daşınması, silah alveri sərhədlərin açıq və qapalı olmasına rəğmən bir an belə dayanmır. Transmilli cinayətkar şəbəkələr üçün pandemiya, xüsusi sərhəd rejimi qaydaları yoxdur. Bu şəbəkələr daim öz cinayətkar əməllərini davam etdirəcəklər. Tranzit kanallar fəaliyyətdədir.

Hüquq-mühafizə orqanlarının səyləri nəticəsində bu cinayətlərin əhəmiyyətli hissəsinin qarşısı alınsa da, sızmalar var. Əsas məqam ondan ibarətdir ki, bu cinayətlər kuryerlər vasitəsilə həyata keçirilir. Kuryer həbs olundu, yeni bir kuryer tapılır. Ağır narkotiklər - kokain Cənubi Amerika ölkələrindədir, Qızıl üçbucaq adlanan ərazi - Vyetnam və digər zona və hamıya bəlli olduğu kimi, Əfqanıstanda isə böyük narkoplantasiyalar mövcuddur. Bu 3 nöqtədən narkotiklər dünyanın hər tərəfinə daşınır və bu daşımaların marşrutları illərdir ki, əsasən dəyişməz qalır. Əfqanıstandan Avropaya narkotik daşımalarında ən uyğun marşrut ölkəmizin də olduğu marşrutdur”.

Deputatın sözlərinə görə, nə qədər ki, narkotiklərdən istifadə edən insanlar var, o qədər də həmin narkotikləri əkib-becərən, daşınmasını gerçəkləşdirənlər olacaq:

“Bu gün Əfqanıstanda 400-dən çox narkotik maddə yetişdirən laboratoriya var. Həmin laboratoriyaların mövcudluğundan hamı xəbərdardır. Hazırda dünyada istehsal edilən narkotik vasitələrin çəkisi 100 tonlarladır. Dünya əhalisinin yarısından çoxu azı bir dəfə narkotik maddədən istifadə edib.

Narkotrafik terrorizmlə də sıx bağlı olan məsələdir. Terrorizmin maliyyə mənbələrindən biri də narkotik vasitələrin satışından əldə edilən pullardır. Digər tərəfdən, yoxsulluq, işsizlik problemləri də aradan qaldırılmasa, bu məsələ həllini tapmayacaq. Azərbaycan bütün ümumbəşəri problemlərin vaxtında həll olunmasının tərəfdarı olduğunu, o cümlədən dünyada bütün insanlar üçün böyük təhlükə olan narkomaniya və narkobizneslə mübarizədə daim ön sıralarda gedəcəyini dəfələrlə bəyan etsə də, bir çox hallarda obyektiv səbəblərdən neqativ hallarla mübarizədə çətinliklər yaranır. Artıq ölkə ərazisindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni nəql olunması nəinki Azərbaycanın, hətta regionun çərçivəsindən çıxaraq böyük miqyaslı bir problemə çevrilməkdədir. Narkobiznesdə ağlasığmaz dərəcədə böyük pullar dövr edir və bu, cinayətkar şəbəkələri ayaqda saxlayan əsas məqamdır.

Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün Mərkəzi Asiya Regional İnformasiya Mərkəzi mövcuddur. Bu mərkəzdə narkotiklərin qanunsuz dövriyyəsi haqda məlumatlar toplanır və müvafiq addımlar planlaşdırılaraq atılır. Həmin koordinasiya mərkəzində narkotrafikin qarşısının alınmasında iştirak edən müxtəlif dövlətlərin hüquq-mühafizə orqanlarının nümayəndələri təmsil olunurlar. Son 10 ildə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli gücləndirilib. Və mübarizənin daha kəsərli olması üçün də addımlar atılmaqdadır.

Təbii ki, narkomafiyalar da əllərini sallayıb oturmurlar. Narkotik daşınmasında yeni-yeni üsullar axtarıb tapırlar. Maye sabun, qida məhsulu və s. adlar altında narkotik daşımaları faktları məlumdur. Yəni hüquq-mühafizə orqanları səylərini artırdıqca, narkomafiyalar da yeni üsullara əl atırlar. Ümumiyyətlə isə narkotik, insan orqanlarının, silahların alveri dünyada ən böyük qanunsuz dövriyyədir. Bu dövriyyəni bir qərarla durdurmaq mümkünsüzdür. Yalnız bu dövriyyəni kiçiltmək, miqyasının genişlənməsinə qarşı addımlar atmaq olar. Bu bütün dünyada bəladır.

İran və ona bitişik region hazırda dünyanın ən təhlükəli narkotik marşrutlarının mərkəzinə çevrilib. Statistika göstərir ki, narkoticarət təkcə həcmi ilə yox, həm də strukturlaşma, təşkilatlanma və texnoloji baxımdan təkmilləşmə ilə irəliləyir. Bu prosesə qarşı mübarizə yalnız sərt cəza tədbirləri ilə yox, həm də kompleks yanaşma, beynəlxalq əməkdaşlıq və cəmiyyətin iştirakı ilə mümkündür. Əks halda, “ağ ölüm dəhlizi” bütün regionu udmaq təhlükəsi daşıyır”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR