Onlayn ictimai-siyasi qəzet
"Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin konstitusiyaya zidd olmayacağı təqdirdə dəyişdirilməsinə zərurət olmadığını qeyd edir. Təbii ki, onun bu açıqlaması heç də sülhdən yayınmaq deyil".
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, onsuz da sülh müqaviləsi bağlanarsa, bu, Ermənistan Konstitusiyasına zidd olacaq:
"Çünki Ermənistan Konstitusiyasının preambulası "Müstəqillik Bəyannaməsinə" əsaslanır. Ermənistan "Müstəqillik Bəyannaməsi"ndə Qarabağ Ermənistanın ərazisi kimi qeyd edilib.
Ümumiyyətlə, Konstitusiya dəyişmədən Azərbaycan Ermənistanla "Yekun sülh" müqaviləsinə imza atmayacaq. Nikol Paşinyanın sözlərinə görə, razılaşdırılmış sülh mətnində qeyd edilir ki, sülh müqaviləsi daxili qanunvericiliyə istinad edilib, dəyişdirilə bilməz. Paşinyan bu bəndlə bağlı manipulyasiya edir.
Azərbaycan paraflamış sülh mətnini Ermənistanın qüvvədə olan konstitusiyasına görə bu bəndi atmayıb. Bu, gələcək perspektiv üçün hesablanıb. İndiki qüvvədə olan Ermənistan Konstitusiyası Azərbaycana qarşı işğal və ərazi iddialarının əsas məğzidir. Azərbaycan tələb edir ki, bu dəyişikliklər olunmalıdır".
Politoloq vurğulayıb ki, mütləq şəkildə Ermənistan baş naziri konstitusiya dəyişikliyinə gedəcək:
"Hətta növbədənkənar seçkilər istisna olunmur. Sadəcə, seçki qabağı baş nazir xalqın ona qarşı müəyyən mənfi fikirlərin formalaşmasına imkan vermək istəmir. Paşinyan "Zəngəzur dəhlizi - TRİP" barədə öz mövqeyini ortaya qoydu. Bu dəhlizdən digər dövlətlərin istifadə etməsinin ABŞ-ın razılığı əsasında olacağını vurğuladı. Bununla Rusiyanın təzyiqlərini neytrallaşdırmağı planlaşdırır. Yəni Moskvanın Ağ Evlə danışmalı olduğu mesajını verdi. Çünki Rusiya Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verir. Zəngəzur dəhlizi ilə bağlı razılaşma mətnində Azərbaycan Prezidentinin imzası var. Təkcə ABŞ deyil, Azərbaycanın da razılığı olmalıdır".
Xalidə Gəray
Musavat.com
02 Oktyabr 2025
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ