Onlayn ictimai-siyasi qəzet
Ermənilər yenə də beynəlxalq tribunalardan təxribat məqsədli bəyanatlar səsləndirirlər. Bu dəfə də separatçı rejimin tanınmış simalarından biri – Artaq Beqlaryan BMT tribunasına çıxaraq əsassız, saxta və ürəkbulandıran açıqlamalar verib. Əslində isə Beqlaryan və onun kimiləri çox yaxşı bilirlər ki, Qarabağ torpaqları tarix boyu Azərbaycan dövlətinə və xalqına məxsus olub, heç vaxt qondarma “artsax” adlı quruma aid olmayıb. Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı möhtəşəm Qələbə və 2023-cü ildə keçirilən antiterror əməliyyatı bir daha sübut etdi ki, separatizmin bu torpaqlarda yeri yoxdur və olmayacaq.
Musavat.com xəbər verir ki, 29 sentyabrda BMT İnsan Hüquqları Şurasının 60-cı sessiyası çərçivəsində Cenevrədə keçirilən paralel tədbirdə “Artsax İttifaqı”nın rəhbəri Artaq Beqlaryan çıxış edib. Tədbir Beynəlxalq Xristian Həmrəyliyi (CSI) tərəfindən təşkil olunub.
Toplantıya İsveçrə Milli Şurasının üzvləri Erich Fon Tobel və Nikola Valder, habelə tanınmış hüquqşünas Pol Uilyams qatılıb. Tədbirin açılışında təşkilatçı qurumun nümayəndəsi Ebi Makduqal çıxış edib. İsveçrəli deputatlar təqdim etdikləri “İsveçrə sülh təşəbbüsü”ndə guya bölgədə ədalətli və davamlı sülhün yalnız “Artsax xalqının geri qayıdışı” ilə mümkün ola biləcəyini bildiriblər. Pol Uilyams da bu təşəbbüsü dəstəkləyərək, qayıdış mexanizmlərinin hazırlanmasının vacibliyini vurğulayıb.
Əslində isə bu cür təşəbbüslər reallıqdan tamamilə uzaqdır. Çünki Azərbaycan dövləti açıq şəkildə bəyan edib: Xankəndini və digər şəhərləri könüllü tərk edən ermənilər yalnız bir halda geri dönə bilərlər – Azərbaycan Respublikasının vətəndaşı kimi, dövlətimizin qanunlarını qəbul edib onlara əməl etmək şərtilə. Heç bir halda “artsax” adlı separatçı rejim dirildilməyəcək, ikili idarəetməyə və dövlət içində dövlət qurmaq cəhdlərinə yol verilməyəcək.
Beqlaryanın BMT-də səsləndirdiyi fikirlər isə yalnız boş ritorikadan ibarətdir. Onun “ermənilərin qayıdışda qətiyyətli olduqları”, “beynəlxalq dəstəyin önəmi” kimi sözləri əslində dünya ictimaiyyətini aldatmaq, guya “məhrum edilmiş xalq” obrazı yaratmaq məqsədi daşıyır. Halbuki bu torpaqlardan didərgin düşənlər azərbaycanlılardır – Xocalıdan, Şuşadan, Laçından, Kəlbəcərdən, Zəngilandan zorla qovulan, qətliamlara məruz qalan məhz azərbaycanlı soydaşlarımızdır.
Azərbaycan xalqı illərlə separatizmin ağır nəticələrini yaşadı. Amma nəhayət, dövlətin gücü, xalqın iradəsi və Ordumuzun qəhrəmanlığı nəticəsində separatizmin kökü kəsildi. İndi kimsə çıxıb BMT tribunasından “artsax xalqı”ndan danışırsa, bu yalnız təxribatdır və beynəlxalq hüquqa ziddir. Qarabağda “artsax xalqı” deyilən anlayış yoxdur – bu, uydurma bir konsepsiyadır. Burada yalnız Azərbaycan vətəndaşları yaşaya bilər və yaşamalıdırlar.
Azərbaycanın mövqeyi qətidir: ölkənin ərazi bütövlüyü artıq bərpa olunub, vəssalam. Kim bu torpaqlarda yaşamaq istəyirsə, qanunlarımıza əməl etməlidir. Kim qanunlarımızı qəbul etmirsə, buradan kənarda özünə məkan axtarsın. Heç bir dövlət, heç bir beynəlxalq təşkilat Azərbaycanın ərazi bütövlüyünü şübhə altına ala bilməz.
Artaq Beqlaryan və onun havadarları anlamalıdırlar ki, separatizmin ömrü bitib, “artsax” adlı qondarma qurum tarix zibilliyinə atılıb. İndi bu torpaqlarda yalnız Azərbaycanın qanunları işləyir və bu, dəyişməyəcək. Azərbaycanın güclü dövləti və birliyi qarşısında heç bir təxribat, heç bir saxta “qayıdış təşəbbüsü” nəticə verməyəcək.
Əli Rais,
Musavat.com
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ