İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna üçün kritik həftə - həlledici qərarlar ola bilər

B planı gəlir, müharibə bitir, Rusiya sanksiyalardan qurtulur?

“ABŞ prezidenti Co Baydenlə görüşdə qələbə planını təqdim etməyi planlaşdırır və onun təsdiqini gözləyirəm. Bayden bu planı rədd edərsə, Ukraynanın B planı var”.

Bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski “Nyu Yorker”ə müsahibəsində deyib. “Ukrayna uzun illərdir B planı altında yaşayır, A planı tammiqyaslı müharibə başlamazdan əvvəl təklif edilmişdi. O zaman biz iki şeyə çağırırdıq: önləyici sanksiyalar və Ukraynanın müxtəlif növ silahlarla gücləndirilməsi”, - Zelenski bildirib.

Bu arada ukraynalı jurnalist Ostap Drozdov iddia edib ki, beynəlxalq ictimaiyyət Ukraynanın Krımdan imtinasını hərbi münaqişəyə son qoymaq üçün zəruri hesab edir. “Krım haqqında Polşa xarici işlər naziri Radoslav Sikorskidən eşitdiyimiz hər şeyi hamıdan və hər yerdə eşidəcəyik, çünki münaqişədən çıxış yolu ilə bağlı dünyanın baxışı Krımsız formula əsaslanır”, - o bildirib. Qeyd edək ki, Sikorski Krımın BMT mandatı altına verilməsi ilə bağlı sözlərini geri çəkib. Onun sözlərinə görə, bu, Krımın Ukraynaya qaytarılması üçün hipotetik variant idi. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə Rusiyaya qarşı sanksiyaların ləğvinin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair potensial danışıqların gündəmində olacağına əminliyini ifadə edib.

Onun sözlərinə görə, Qərbin Rusiyaya qarşı sanksiyaları danışıqlar masasına böyük paket formatında çıxacaq. O hesab edir ki, proses uğursuz olarsa, onda münaqişənin genişlənmək və ya “donma” fazasına keçmək riski ilə üzləşə bilər. Fidan həmçinin vurğulayıb ki, bir sıra ölkələr konfliktin gərginləşməsində maraqlıdır və qarşıdakı aylar kritik olacaq. Fidan haqlımı və Zelenskinin B planı nə dərəcədə reallaşa bilər? Kiyev sülh naminə Krımdan imtina edərmi?

Heydər Oğuz 

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Ukraynanın müəyyən güzəştləri hesabına müharibəni bitirmək planı savaşın ilk günlərindən müzakirə edilən mövzulardan olub: “Bu barədə ilk təklif ABŞ-ın məşhur strateqi Henri Kissingerdən gəlmişdi. O,  NATO-nun müxtəlif generalları tərəfindən irəli sürülmüş, lakin fikirləri süngü ilə qarşılanmışdı. Daha sonra NATO-nun istefada olan bəzi generalları bənzər tezisləri səsləndirmiş, Koreya variantını irəli sürmüşdü. Bu varianta görə, Ukrayna rus işğalı altında olan bəzi əraziləri fəda edib Qərbə inteqrasiya etməli, hərbi qüdrətini gücləndirdikdən sonra lazım gələrsə, öz torpaqları uğrunda daha effektiv müharibə aparmalıdır. Yeri gəlmişkən, Azərbaycan da Qarabağın işğaldan azad olunmasında məhz bu formuldan istifadə etmişdir. Otuz il işğal altında qalan torpaqlarımızı iqtisadiyyatımızı və ordumuzu gücləndirdikdən sonra qurtara bilmişdik. Ukrayna rəsmiləri isə bu təkliflərə soyuq baxır. Özünə görə haqlı tərəfləri da var. Çünki Ukrayna ilə Rusiya arasında etnik və dini yaxınlıq rus işğalı altına düşən ərazilərin rahatlıqla assimilyasiya olunmasına gətirib çıxarardı. Üstəlik, müharibədən sonrakı dövrdə bərqərar olan sülh şəraiti bu iki qardaş xalqı bir-birinə çox yaxınlaşdıra və nəticədə Ukrayna Rusiyanın təsiri altına düşə bilərdi. Bütün bu həssas məqamlar Rusiyadan üz döndərib Qərbə inteqrasiya olunmaq istəyən Ukrayna rəsmilərini daha radikal qərarlar verməyə təşviq edir. Ən əsası isə Ukraynanın Qərb müttəfiqləri də onun Rusiya ilə bütün bağlarını qoparmağa çalışırlar. Bu səbəbdən də sülh şəraitində Ukrayna-Rusiya yaxınlaşmasını arzulamırlar. Təsadüfi deyil ki, müharibənin ilk aylarında Türkiyənin təşəbbüsü ilə keçirilən İstanbul görüşləri də məhz bu məqamlar diqqətə alınaraq kəsilmişdi. İddialara görə, görüşün yekuna yaxınlaşdığı ərəfədə Kiyevə səfər edən Böyük Britaniyanın o dövrdəki baş naziri Boris Conson rəsmi Kiyevi danışıqlardan çəkilməyin vacibliyinə inandırmışdı. Boris Conson yenə də dövriyyədədir və sülh danışıqlarını pozan ideyalarla çıxış edir. Sabiq baş nazir Böyük Britaniyanın "The Spectator" dərgisinə yazdığı köşə yazısında Ukraynanın qələbəsi üçün üç tələb irəli sürüb. Consonun fikrincə, bu istiqamətdə atılacaq ilk addım Ukraynanın Rusiyaya qarşı zərbələri ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırmaq olmalıdır.  Consonun təklif etdiyi ikinci addım Ukrayna üçün real lend-lease (lend-liz) yaratmaqdır. Yəni Ukrayna üçün 500 milyard dollarlıq hərbi kredit paketi hazırlanmalı və o, vaxtaşırı silahla təchiz olunmalıdır. Onun fikrincə, bu məbləğ kifayət etməsə, Ukraynaya hətta bir trilyon dollar ayırmaqdan çəkinilməməlidir. Nəhayət, üçüncü addım kimi Ukraynaya NATO-nun təhlükəsizlik qarantiyası verilməli və ölkə bu alyansa qəbul olunmalıdır".

Heydər Oğuzun fikrincə, Ukraynanı sülh danışıqlarında maksimalist mövqe tutmağa həvəsləndirən də elə Conson və digər qlobalist siyasətçilərin bu tezisləridir: “Təsadüfi deyil ki, Zelenskinin hazırladığı sülh təklifi paketi də "Qələbə formulu" adlanır. Bu o deməkdir ki, Kiyev sülh danışıqlarında hər hansı güzəştə getməyi nəzərdə tutmur. Ukrayna 1990-cı illərin sərhədlərinə qayıtmağı tələb edir və bunun üçün NATO dövlətlərindən sərhədsiz yardımlar istəyir. Alacağı bu hərbi yardımların boşuna getməyəcəyini sübuta yetirmək üçün isə ABŞ-a səfərindən əvvəl bir neçə uğurlu hərbi əməliyyat keçirilməsinə göstəriş verib. Ukrayna ordusunun avqustun ilk günlərində Kursku ələ keçirməsindən tutmuş bir müddət əvvəl bəzi strateji silah arsenallarının havaya sovurulması da NATO müttəfiqlərini qələbəyə və Rusiyanın “qırmızı cizgilərinin” olmadığına inamını artırmaq üçün idi".

O ki qaldı Türkiyənin xarici işlər naziri Hakan Fidanın fikirlərinə, Heydər Oğuzun iddiasına görə, Türkiyə sözügedən iki dövlət arasında sülh danışıqlarını dəfələrlə təşkil edən dövlətdir: “Bayaq da qeyd etdiyimiz kimi, Ankaranın ilk belə təşəbbüsü müharibənin ilk aylarında baş tutmuşdu. Bundan sonra da Türkiyə Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi, "taxıl dəhlizi", enerji mənbələrinin vurulmaması və s. kimi məsələlərdə vasitəçilik etmişdi. Sonuncu bənzər təşəbbüs bu ilin yay aylarında göstərilmişdi. Rusiya Təhlükəsizlik Şurasının yeni katibi Sergey Şoyqunun bir müddət əvvəl verdiyi açıqlamasına inansaq, Kursk əməliyyatından əvvəl Qətərdə Tükiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna rəsmiləri arasında görüş keçirilirdi. Görüşün əsas mövzusu tərəflərin enerji təsisatlarına hücum etməməsi ilə bağlı idi. Amma  görüşün həlledici anında Ukrayna danışıqlardan imtina etdi və Kursk hücumuna başladı. Bununla da danışıqlar dayandı. Ukrayna rəsmilərinin təkzib etməsinə baxmayaraq, nüfuzlu Qərb mediası da bu faktı təsdiqləyir. Məsələn, “Le Monde” yazır ki, iki tərəf arasında aparılan danışıqlar Ukraynanın Kursk vilayətinə hücumu nəticəsində pozulub. Oxşar iddialarla “The Washington Post” da çıxış edib. Məqalələrin təfərrüatları bəzi yerlərdə fərqli olsa da, məzmunca üst-üstə düşür - hər iki mənbə danışıqların Qətərdə aparıldığını iddia edir".  Bu informasiyaların işığında mövzuya nəzər salan həmsöhbətmizin fikrincə, sülh danışıqlarında masaya hansı məsələlərin yatırıldığını ən yaxşı bilən üç tərəf var: “Bunlardan biri Rusiya, digərləri isə Ukrayna və Türkiyədir. Tərəflər arasında əsas vasitəçi olan Türkiyənin xarici işlər naziri Hakan Fidanın mülahizələri bu baxımdan ən etibarlı mənbə sayıla bilər. Həmin mülahizələrdən isə belə çıxır ki, Rusiyanın əsas dərdi sanksiyalardan xilas olmaqdır. Əgər ona bu imkan verilsə, Ukraynanın bəzi şərtlərini asanlıqla qəbul edər. Amma göründüyü kimi, bu danışıqlar heç bir nəticə vermədən dayanır. Məncə, bu da təsadüfi deyil. Zatən bu müharibənin başlıca səbəbi Rusiyanı Qərb və eyni zamanda Şərq dünyasından təcrid etmək, onu iqtisadi cəhətdən iflasa sürükləməkdir. Təsadüfi deyil ki, ABŞ-ın basqıları nəticəsində nəinki Avropa ölkələri, son zamanlar hətta Çin də, İran da Rusiya ilə münasibətlərdə məsafə saxlamağa ya çalışır, ya da buna hazır olduğu barədə mesajlar verir. Görünür, bu təzyiqlərin nəticəsidir ki, Çin bu yaxınlarda Rusiyanın "Sibir gücü-2" layihəsindən geri çəkildiyini bəyan etdi. Monqolustan rəsmilərinin iddialarına inansaq, Pekin Rusiyadan qaz və nefti 4 qat ucuz qiymətə almaq istədiyindən Moskva bununla razılaşmayıb, nəticədə Avropaya enerji nəqlinin alternativi kimi düşünülən layihənın taleyi sual altına düşüb. Digər bir Rusiyadan imtina bəyanatı İrandan gəlib. İranın yeni prezidenti Məsud Pezeşkian BMT-nin Baş Assambleyasındakı çıxışında Rusiyaya silah satdıqlarını qəti şəkildə təkzib edib. Deyib ki, ondan əvvəlki hökumətlər bu təşəbbüsdə buluna bilərlər. Amma o, hakimiyyətə gəldikdən sonra İran Rusiyaya silah və qadağan olunmuş məhsullar satmayıb. Ən əsası isə İranın Qərb dövlətləri ilə danışıqlara hazır olduğunu bildirib".

Heydər Oğuz deyib ki, bu zamanadək müəyyən eyhamlarla diqqətə çatdırılan bu etirafların BMT kimi nüfuzlu beynəlxalq təşkilatın toplantılarında dilə gətirilməsi yeni hadisədir və İranın rəsmi şəkildə Rusiyanın arxasından çəkilməsinin bəyanıdır: “Bu qədər avantajlı vəziyyətdə Ukraynanın və onun himayədarı olan Qərb dövlətlərinin Rusiya ilə güzəştli sülh danışıqlarına gedəcəyinə inanmıram. Açığı, bu zamanadək Rusiyanın nüvə təhdidi də bir işə yaramadı və Qərb həmin hədə-qorxuların blefdən başqa bir şey olmadığı gördü. Rusiya bəlkə də tarixində indiki qədər zəif duruma düşməmişdi. İndi onun arxasında Şimali Koreyadan başqa heç bir güc qalmayıb. Bütün sahələrdə Qərbdən geri qalan Rusiyanın hazırkı vəziyyəti onun şərtlərini qəbul etməyə imkan vermir. Bu mənada Zelenskinin hər hansı güzəştə gedəcəyi də inandırıcı görünmür. Rusiya isə Zelenskinin Qələbə formulunu aşağılayıcı sülh təklifi kimi qəbul edəcək. Belə çıxır ki, bu savaş hələ uzun illər davam edəcək və getdikcə şiddətini artıracaq. Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin "The Guardian" nəşrinə son açıqlamasında Ukraynada müharibənin 2025-2026-cı illərə qədər uzanacağını və qarşıdakı iki ildə döyüşlərin daha da dərinləşərək mürəkkəbləşəcəyini bildirməsi də, sadəcə, proqnoz deyil. Bu, həm də məlumun elanıdır".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR