İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiya müdafiə sənayesinin ən böyük zavodlarından birini vurdu: Çoxsaylı ölü və yaralılar var

Səhər saatlarında Ukrayna Rusiyanın Udmurtiya bölgəsinin İşevsk şəhərində yerləşən müdafiə sənayesi zavoduna zərbə endirib.

Musavat.com Rusiya mənbələrinin məlumatlarına istinadən xəbər verir ki, söhbət Kupol İjevsk Elektromexanika Zavodundan gedir.

Açıq mənbələrə görə, ASC İjevsk Elektromexanika Zavodu Kupol İjevsk şəhərində yerləşən tədqiqat və istehsal müəssisəsidir. 1957-ci ildə yaradılıb və Rusiya müdafiə sənayesinin ən böyük müəssisələrindən biridir.

Bu müəssisə “Tor-M2E” zenit-raket kompleksləri, həmçinin “Saman-M1” və “Adyutant” hədəf təlim sistemləri istehsal edir. Bundan əlavə, bütün bu məhsullara texniki qulluq da burada həyata keçirilir.

Müəssisənin ərazisində, onun əsas girişinin qarşısında burada istehsal olunan “Osa-AKM” mobil zenit-raket kompleksinə həsr olunmuş abidə ucaldılıb.

2023-cü ilin iyul ayında zavod Harpia-A1 hücum dronlarının istehsalına başlayıb.

Udmurtiyanın rəhbəri Aleksandr Breçalov Telegram kanalında yerli sənaye müəssisəsinə dron zərbəsinin endirildiyini etiraf etsə də, adını çəkməyib:

"Təəssüf ki, ölənlər və ağır yaralananlar var. İndi onlara İjevsk şəhərindəki xəstəxanada bütün lazımi yardımlar göstərilir".

İjevskdə Birinci Respublika Klinik Xəstəxanasına yerləşdirilən zərərçəkənlər barədə məlumat almaq üçün “qaynar xətt” açılıb.

Udmurtiyanın rəhbəri fövqəladə hadisə yerinə gedib. Onun sözlərinə görə, hadisə yerində bütün təcili yardım xidmətləri, o cümlədən təcili yardım və psixoloqlar işləyir.

Shot Telegram kanalının məlumatına əsasən, İjevsk iki pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. Mənbə Rusiya şəhərinə hücum edən pilotsuz təyyarələrin növünü də açıqlayıb. Söhbət Lyutıy tipli dronlardan gedir.

Ağır kamikadze “Lyutıy” pilotsuz təyyarələri min kilometrə qədər məsafəyə 75 kiloqrama qədər olan döyüş başlığını daşımaq iqtidarındadır. Qurğu itələyici pervaneli təxminən 50 at gücünə malik benzin mühərriki ilə təchiz edilib və gövdəsi fiberglas, metal tor və fanerdən istifadə etməklə hazırlanıb.

Baza Telegram kanalının məlumatına əsasən, zərbə nəticəsində zavodda güclü yanğın başlanıb, İşevsk aerportunun işi dayandırılıb. Kanal şəhərdə hava həyəcanı xəbərdarlığı sisteminin olmamasını xüsusi vurğulayaraq, zərbənin gözlənilməz və qəfil olduğunu qeyd edib.

Hadisə nəticəsində 3 nəfərin öldüyü, 7-si ağır olmaqla, 24 nəfərin yaralandığı bildirilir.

Hücumdan sonra İjevskdə bu gün və sabah üçün planlaşdırılan kütləvi-mədəni tədbirlər ləğv edilib. Şəhərdə qorxu və təlaş hökm sürür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR