Onlayn ictimai-siyasi qəzet
Ukrayna savaşının dayandırılması məqsədilə başladılmış prosesin dalana dirənərək, qəlizləşdiyi müşahidə olunur. Belə ki, bir müddət öncəyə qədər Tramp-Putin sövdələşməsi ön planda yer alırdı. Hətta ABŞ-Rusiya yaxınlaşmasından danışmaq üçün müəyyən əsaslar da mövcud idi. Ancaq daha sonra ABŞ-ın öz ənənəvi müttəfiqləri ilə münasibətlərinin qəlizləşməsini fürsətə çevirmək istəyən Kreml Rusiyanın maraqlarını ön plana keçirən əlavə şərtlər irəli sürməyə başladı. Nəticədə indi ABŞ və Rusiyanın Ukrayna böhtanının nizamlanması prosesində mövqeləri kəskin ziddiyyətlər ucbatından bir-birindən uzaqlaşmağa başladı.
Onu da qeyd etmək lazımdır ki, Tramp adminstrasiyası Kremllə anlaşmağın mümkünlüyünə ümidlərini hələ tam itirməyib. Bu səbəbdən də, Ağ Ev Rusiyaya xüsusi nümayəndələr göndərməkdə davam edir. Bu baxımdan, Rusiya prezidenti Vladimir Putinin Ağ Ev sahibi Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkofla görüşü böyük maraq doğurur. Bu önəmli görüşün əsas mövzusunun ABŞ-Rusiya münasibətlərinin normallaşdırılması və Ukrayna savaşınin dayandırılmasına yönəlik bəzi məsələlər olduğu bildirilir. Və bu baxımdan, görüşdən hansı nəticələrin çıxacağı maraq doğurmaya bilməz.
Məsələ ondadır ki, Ağ Evin Kremllə anlaşmaya çalışmasına paralel olaraq, Avropa Birliyi də ABŞ-a alternativ fəaliyyət variantları təklif etməyə başlayıb. Çünki Qərbdə ABŞ-ın Ukrayna savaşını Rusiyanın maraqlarına uyğun şərtlərlə nizamlamaq cəhdlərindən narazılıq artmaqdadır. Bəzi məlumatlara görə, Avropa Birliyi yaxın bir neçə həftə ərzində ABŞ prezidenti Donald Trampa Ukraynaya dair yeni hərbi plan təqdim etmək niyyətindədir. İddialara görə, Böyük Britaniya və Fransa müharibədən sonra Ukraynada kənar hərb kontingentin yerləşdirilməsini nəzərdə tutan kompleks plan hazırlayıb.
Maraqlıdır ki, bu planın müəlliflərinin əsas məqsədinin Ağ Ev sahibi Donald Trampı ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətləri verməsinə inandırmaq olduğu bildirilir. Böyük Britaniyanın müdafiə naziri Conni Hili Brüsseldə müttəfiqlərə bildirib ki, 200 hərbi planlaşdırıcı-strateq tərəfindən hazırlanmış bu sənəd, Ukrayna ordusunun "mümkün olan ən güclü çəkindirici qüvvə" kimi fəaliyyət göstərə bilməsi üçün konkret təkliflər irəli sürür. Və bu, onu göstərir ki, Qərbi Avropa ölkələri Ukraynanın Rusiya qarşısında müqavimət gücü olan dövlət kimi mövcudluğunda maraqlıdır.
Ancaq Ağ Evdə isə hazırda Ukraynanın gələcək taleyini böyük təhlükə altında buraxa biləcək ideyaların müzakirə edildiyi barədə də ciddi məlumatlar mövcuddur. Belə ki, prezident Donald Trampın Ukrayna böhranı ilə bağlı xüsusi nümayəndəsi Kit Kelloq Ukraynanın nəzarət zonalarına bölünməsini təklif edir. "The Times" bu təklifi “demək olar ki, Ukraynanı 1945-ci ildə Almaniya üzərində tətbiq olunmuş plan üzrə bölüşdürmək istəyirlər” kimi bənzətmə ilə izah edib.
Böyük Britaniyanın "The Times" nəşri ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloqun Ukraynada atəşkəs planının arxasında məhz Ukrayna ərazisində bir neçə nəzarət zonasının yaradılması təklifinin gizləndiyini vurğulayıb. Üstəlik, Kit Kelloq nəşrə açıqlamasında “Məsələn, bu, İkinci Dünya Müharibəsindən sonra Almaniyanın bölünməsi kimi də görünə bilərdi. Həmin dövrdə Almaniyada rus, fransız, britaniya və amerika zonaları var idi” deməklə, Ukraynanı gözləyən böyük təhlükəni anons edib.
"The Times" yazır ki, Kit Kelloqun təklifinə əsasən, Böyük Nritaniya və Fransa qoşunları “sabitliyi təmin edən qüvvələr”in tərkibində Ukraynanın qərbindəki nəzarət zonalarını tutacaq. Rusiya ordusu isə şərqdə işğal olunmuş ərazilərdə qalacaq. Onların arasında isə Ukrayna qoşunları və mövcud təmas xəttləri boyunca 30 kilometrlik demilitarizasiya zonası olacaq. Və bu, reallaşarsa, Ukraynanın tədricən dünya xəritəsindən silinməsinə yönəlik prosesin başlanğıcından danışmaq lazım gələcək.
Təbii ki, prezident Donald Trampın xüsusi nümayəndəsi, Ağ Evin 'Ukrayna planı"nın məxfi detallarını açıqlamaqla, nə qədər böyük səhvə yol verdiyini artıq anlayıb. Belə ki, "The Times" nəşrinin yaydığı məlumatdan sonra Kit Kellog X sosial şəbəkəsində bildirib ki, “dediklərim məqalədə təhrif olunub”. O iddia edib ki, guya atəşkəsdən sonra Ukraynanın suverenliyini dəstəkləyən sabitliyi təmin edəcək qüvvələr haqqında danışıb və müttəfiq hərbi kontingentlərin məsuliyyət zonalarını göstərməyə çalışıb: "Mən Ukraynanın bölünməsini nəzərdə tutmamışdım”.
Göründüyü kimi, Kit Kelloq "The Times"dəki açıqlaması ilə əslində, Ukraynaya qarşı təhlükəli məxfi ssenarini ifşa edib.Belə ki, onun təklifi ikinci dünya müharibəsindən sonrakı Almaniyanın bölüşdürülməsini xatırladır. Ancaq həmin ssenarinin Ukraynaya qarşı tətbiqi kəskin reaksiya doğurmaya bilməz. Çünki “nəzarət zonaları” ideyası Ukraynanın faktiki olaraq, parçalanması ilə assosiasiya olunur. Ona görə də, Kit Kelloq sonradan səhvini anlayaraq, tez-tələsik fikirlərinin təhrif olunduğunu bildirmək məcburiiyyıtində qaldı.
Ancaq artıq heç kim onun Ukraynanın bölüşdürülməsini deyil, atəşkəsdən sonra sabitliyi təmin edə biləcək beynəlxalq qüvvələr üçün məsuliyyət zonalarını nəzərdə tutduğuna inanmaz. Eyni zamanda, məxfi planln ifşasından sonra onun ABŞ-ın Ukraynanın suverenliyini dəstəklədiyini deməsi də cəlbedici görünmür. İndiki halda, Kit Kelloqun panik şəkildə verdiyi izah mümkün diplomatik reaksiyaları yumşaltmaq məqsədi güdür. Və ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü şübhə altına alan ideyaları dəstəklədiyini gizlətməyə yönəlib.
Amma belə ssenarilərin müzakirə olunmasının özü belə, Ağ Evin Ukraynanın gələcək taleyinə laqeydliyini açıq-aşkar biruzə verir. Ona görə də, bundan sonra rəsmi Kiyevin Ukrayna dövlətçiliyini qoruması o qədər də asan olmayacaq. Hər halda, rəsmi Kiyevdən xəbərsiz Ukraynanın nəzarət zonalarına bölüşdürülməsi yaxınlaşan təhlükədən xəbər verir. Belə anlaşılır ki, Ukraynanı ikinci dünya savaşından sonra parçalanmış Almaniyanın taleyi gözləyir. Və onilliklər sonra Almaniya bu problemi həll etməyə nail olsa da, buna imkanı ümidverici görünməyən Ukrayna ümumiyyətlə, dünya xəritəsində yoxa çıxa bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ