İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ukrayna savaşının taleyini “düyünə” salıb: Ağ Evin “sülh təşəbbüsləri” Rusiyaya manevr məkanı açır

Ukrayna müharibəsi həm savaş meydanında, həm də diplomatik masada həlledici mərhələyə daxil olmaq üzrədir, Kreml rəsmi Kiyevə qarşı “hərbi zəiflik” iddiaları ilə siyasi təşəbbüsü ələ keçirtməyə cəhd göstərir... Rəsmi Kiyev isə Ukrayna üçün Qərbin hərbi-siyasi dəstəyini genişləndirməyə, Rusiyaya qarşı “sülhə məcbur etmə” xəttinin gücləndirilməsinə çalışır və belə vəziyyət məhz ABŞ prezidenti Donald Trampı növbəti dəfə ön plana çıxarır...

Ukrayna savaşı uzandıqca, həm Rusiya, həm də Qərb paytaxtlarından gələn açıqlamalar, bu müharibənin hərbi müstəvidən siyasi-diplomatik istiqamətə keçidinə yönəlik cəhdlərin də intensivləşdiyini göstərir. Belə ki, Rusiya prezidenti Vladimir Putinin son açıqlaması həm Kreml diplomatiyasının konturlarını ortaya çıxartdı, həm də Qərbin Ukrayna savaşına yönəlik mövqeyini kəskinləşdirdi. Və eyni zamanda, ABŞ prezidenti Donald Trampın Rusiya ilə telefon diplomatiyası niyyətini dilə gətirməsi, gələcək hərbi-siyasi proseslərin inkişaf istiqamətlərində “Tramp faktoru”nu əsas amillərdən birinə çevirməkdədir.

Onu da qeyd etmək lazımdır ki, Kremlin əsas narrativləri “zəif Ukrayna, “sülhə hazır” Rusiya” tezisləri üzərində qurulub. Hər halda, prezident Vladimir Putin son açıqlamasında Ukrayna ordusunun real döyüş qabiliyyətini şübhə altına aldı. Onun fikrincə, Ukrayna ordusu 50 faizdən aşağı səviyyədə komplektləşdirilib və rəsmi Kiyevin savaş resursları minimum həddə qədər azalıb. Və Kremlin bu klassik informasiya manipulyasiyası ilə Ukrayna zəif göstərilir, daxili auditoriyaya optimizm, Qərbə isə “dəstəyiniz faydasızdır” mesajı ötürülür.

put-zelen-savash-Снимок.JPG (70 KB)

Bütün bunlarla yanaşı, Kreml sahibi 2022-ci ildə münaqişənin diplomatik yolla həllini təklif etdiklərini xatırladaraq, məsuliyyəti Qərbin üzərinə atmağa da çalışır. Burada isə əsas hədəf həm Rusiya üçün “sülh tərəfdarı” imici uydurmaqdan, həm də gələcək sülh danışıqlarında daha üstün mövqelər qazanmaqdan ibarətdir. Ən önəmli arqumentlərdən biri də dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı məsələ idi. Prezident Vladimir Putin bunun beynəlxalq maliyyə sisteminə “sarsıdıcı zərbə” vuracağınıl iddia etməklə, əslində, Qlobal Cənuba mesaj göndərməyə çalışır. Yəni, Kreml sahibi “Bu qərar yalnız Rusiyaya yox, bütün inkişaf etməkdə olan ölkələrə təhlükədir” demək istəyir. Və bununla da, Qlobal Cənuba aid ölkələrin Qərbə etirazlarını gücləndirmək niyyəti güdür.

Ancaq həm rəsmi Kiyev, həm də Qərb siyasi dairələri prezident Vladimir Putinin “müharibəni uzatmaq oyunu”nun əsas hədəfini anlamamış deyillər. Ona görə də, rəsmi Kiyev Ukrayna prezidentin müşaviri Dmitri Litvinin vasitəsilə Kremlin hərbi-siyasi manipulyasiyalarına dərhal reaksiya verdi. Belə ki, Kremlin prezident Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında Rusiya paytaxtı Moskvada görüş təklifinin “reallıqdan uzaq”, “müharibənin uzadılması məqsədli oyun” hesab etdiyini qabartdı.

Digər tərəfdən, prezident Volodimir Zelenski Fransa lideri Emmanuel Makronla ortaq çıxışında yeni hava hücumundan müdafiə formatını ABŞ-la müzakirə etdiyini bildirdi. Onun “Ağ Evdən siqnal gözləyirik” mesajı ABŞ-ın Ukraynanın təhlükəsizlik təminatında əsas faktor olduğunu növbəti dəfə təsdiqləmiş oldu. Eyni zamanda, Böyük Britaniyanın baş naziri Kir Starmerin açıqlaması isə Qərbin strateji kursunun hələ dəyişmədiyini göstərir. Belə ki, “Könüllülər koalisiyası” Ukraynaya uzaqmənzilli raketlər verəcəyini təkrarlayır. Ancaq bu raket sistemləri ilə bağlı dəqiqləşdirmənin olmaması, Qərbin Rusiyaya qarşı kəskin reaksiyasından hələ də ehtiyat etdiyinin əlaməti sayılır.

00c971cae2ae19c2c9e1393404475221.jpg (56 KB)

NATO-nun baş katibi Mark Rutte isə daha sərt ritorika ilə çıxış edərək, Rusiyanın Ukraynanın təhlükəsizlik qərarlarına qarışa bilməyəcəyini bəyan edib. Onun fikrincə, Ukraynanın və ya hər hansı başqa bir dövlətin NATO-ya üzvlüyü ilə bağlı qərarına Rusiya müdaxilə edə bilməz. Bu, onu göstərir ki, Qərb siyasi dairələri artıq yalnız Ukraynaya dəstək verməklə, kifayətlənmək niyyətində deyil. Və böyük ehtimalla həm də Rusiyanın müharibədən sonrakı qlobal təhlükəsizlik sistemində “söz haqqı”nı indidən tamamilə inkar etməyə üstünlük verir.

Digər maraqlı məqamlardan biri də Ağ Ev sahibi Donald Trampın növbəti dəfə yaxın günlərdə Rusiya prezidenti Vladimir  Putinlə telefon danışığı aparacağını bildirməsidir. Belə ki, Ağ Ev sahibi Rusiya prezidentindən hələ də ümidini kəsməyib və onunla Ukrayna savaşının dayandırılması  məsələsində atılacaq addımları müzakirə etmək niyyətindədir. Kreml isə dəfələrlə Tramp administrasiyasının sülh prosesində “səmimiyyət”inə ümid etdiyini vurğulayıb. Və bu, Kreml üçün prezident Donald Trampın Ukrayna böhranının Rusiyanın xeyrinə həllində əsas “ümid qapısı” olduğunu göstərir.

a8c388d677719fc0ca532e786a06d737.jpg (326 KB)

Göründüyü kimi, Ukrayna savaşında hərbi faktorlala yanaşı, siyasi-diplomatik cəhdlər də paralellik təşkil edir. Kreml birbaşa görüşlərə hazır olduğunu bildirir, ancaq rəsmi Kiyev və Qərb bunu Rusiyanın “vaxt udmaq” taktikası kimi qiymətləndirir. Ona görə də, Qərb siyasi dairələrinin mövqeyi yenidən sərtləşir. Uzaqmənzilli raketlərin verilməsi və NATO baş katibi Mark Ruttenin sərt bəyanatı Qərbin Rusiyanın Ukraynaya nəzarət iddialarını bloklamaq niyyətində olduğunu göstərir. Və böyük ehtimalla Qərb siyasi dairələrinin bu niyyəti müəyyən mənada, rəsmi Kiyevin ABŞ-dan gözlədiyi “siqnallar”ın məzmunundan asılı olacaq.

Bütün bunlar onu göstərir ki, Ukrayna müharibəsi həm savaş meydanında, həm də diplomatik masada həlledici mərhələyə daxil olmaq üzrədir. Kreml Ukrayna ilə bağlı “hərbi zəiflik” iddiaları ilə siyasi təşəbbüsü ələ almağa çalışır. Rəsmi Kiyev isə Ukrayna üçün Qərbin hərbi-siyasi dəstəyini genişləndirməklə, diplomatik masada üstünlük qazanmağa can atır. Buna paralel olaraq, Qərb siyasi dairələri Rusiyaya qarşı “sülhə məcbur etmə” xəttini gücləndirməyə çalışırlar. Və belə vəziyyətdə məhz ABŞ prezidenti Donald Trampın sülh təşəbbüslərinin nəticələri Ukrayna savaşının gələcək inkişaf istiqamətini müəyyən edəcək əsas faktorlardan birinə çevrilə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR