İnsanlara hürriyət, millətlərə istiqlal!

“Üç ağa”ya qulluq edən İrəvan

Ermənistanın Rusiyaya sanksiyalı malları çatdırmasında İran da bir həlqə olaraq iştirak edir; Tehran ən böyük ticarət mərkəzini o ölkədə açsa...

Qərblə Rusiya arasında çoxbaşlı oyun oynamağa çalışan Ermənistan eyni zamanda İranla isti münasibətlər saxlamağa səy edir. Belə ki, bu həftəsonu - oktyabrın 1-də İrəvanda İranın xaricdəki ilk və ən böyük ticarət mərkəzinin açılması gözlənilir.

İranın İnkişaf və Ticarət Təşkilatının dəstəyi ilə yaradılan ticarət mərkəzinin sahəsi 18 min kvadratmetrdən çoxdur. Mərkəzin 10.000 kvadratmetrlik sərgi sahəsinə xüsusi sənaye sahələrinin məhsullarını nümayiş etdirmək üçün istifadə oluna bilən müxtəlif ölçülü 107 pavilyon daxildir. Ticarət mərkəzi həmçinin işgüzar görüşlər üçün konfrans zalı (B2B) və tədbirlər, konfranslar və festivallar üçün açıq yerlə təchiz olunub. İranın onun inşasına 5 milyon dollar xərclədiyi deyilir.

Bildirilib ki, açılış mərasimində İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Ətabək, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan, eləcə də İranın ən böyük sənaye mərkəzlərinin rəhbərləri və iş adamları iştirak edəcəklər.

Qeyd edək ki, mərkəzin açılışı hələ 2023-cü ilin əvvəlinə planlaşdırılırdı. İrəvanda mərkəzi İranın Avrasiya İqtisadi İttifaqına açılan qapısı kimi qiymətləndirir, onun İranla Ermənistan arasında ticari-iqtisadi əlaqələrin yeni mərhələyə çıxmasına səbəb olacağını iddia edirlər. Məlumdur ki, İran 2018-ci ildən - Tramp hakimiyyəti ona qarşı sanksiyaları sərtləşdirdikdən sonra Aİİ ilə əməkdaşlıq məsələsini qabartmağa başlayıb. İrah hakimiyyəti xüsusilə 2022-ci ildə Ukraynada işğalçı müharibə başlandıqdan sonra Rusiya ilə sürətlə yaxınlaşır. Aİİ-yə inteqrasiya bu prosesin bir istiqamətidir. Bu ilin avqustunda Tehranın rəsmən ittifaqda müşahidəçi statusu almaq üçün müraciət etdiyi açıqlanıb.

Bu mərkəz Ermənistana hansı iqtisadi üstünlüklər vəd edir və İrəvanın Qərblə, Avropa Birliyi ilə yaxınlaşmaq planlarına zərbə vura bilərmi? “Üç dovşan” dalınca qaçan Ermənistanın xarici siyasət kursunun faş olacağı gün uzaqdamı?

İrəvanın özünü İranın Aİİ-yə açılan pəncərəsi kimi təqdim etməsi, yumşaq desək, gülüş doğurur. Baxmayaraq ki, İranın Aİİ üzvü olan ölkələrdən quru sərhədi yalnız Ermənistanla mövcuddur, bunun Tehrana ciddi üstünlük qazandırdığını söyləmək mümkün deyil. Çünki Ermənistanın digər Aİİ üzvlərinin  heç biri ilə ortaq sərhədi yoxdur. İran Qazaxıstan və Qırğızıstanla ticari-iqtisadi əlaqələrini Türkmənistan, yaxud Xəzər dənizi vasitəsilə inkişaf etdirmək imkanındadır. Rusiya ilə əlaqələr isə bu iki istiqamətdən əlavə Azərbaycan üzərindən də həyata keçirilir - Şimal-Cənub dəhlizi vasitəsilə.

İrəvanın Aİİ daxilində aparıcı rolunun olmaması şəraitində İrana təşkilat çərçivəsində hansısa üstünlük, güzəşt təmin etməsi də real deyil. Rusiyanın yaratdığı və bilavasitə patronajlıq etdiyi təşkilatda Ermənistanın söz sahibliyinin olması aydın məsələdir ki, mümkün deyil. Bu baxımdan, ermənilərin İran üçün Aİİ qapısı roluna iddiaları elə iddia olaraq qalacaq...

İranla Ermənistanın siyasi yaxınlığı fonunda iqtisadi əlaqələrindəki dinamika diqqəti cəlb edir. Belə ki, 2022-ci ildə Ermənistan-İran ticarətinin həcmi 714 milyon dollar təşkil edib. Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Ermənistan və İran arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 2,5 faiz azalaraq 692 milyon 496 min dollar təşkil edib. Bunun çox böyük hissəsi İranın Ermənistana ixracıdır. Ötən il İranın Ermənistana ixrac etdiyi əsas məhsullar mayeləşdirilmiş təbii qaz, dəmir və polad məftillər, bitum, yüngül yağlar və əlaqədar məhsullar, ərinməmiş dəmir və polad məmulatları, bitumlu mineral yağlar, döşəmə örtükləri, maye krem, xətti alkil benzol və fitinqlər olub.

"Tehran Times" xəbər verir ki, İran Gömrük İdarəsinin hicri ilinin ilk 5 ayı (2024-cü il martın 20-dən avqustun 21-dək) hesabatına əsasən, Ermənistan İranın geniş regionda on ən böyük ticarət tərəfdaşı sırasındadır. Ölkələr arasında qeyri-neft və qaz ticarətinin həcmi illik müqayisədə 6 faiz artaraq təxminən 192 milyon dollara çatıb.

Qeyd olunur ki, son bir neçə ayda İran və Ermənistan iqtisadi əlaqələri intensivləşdirib. Fevral ayında Tehranda iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın iclasında təxminən 19 sənəd imzalanıb. Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, hər iki ölkə ticarət dövriyyəsini 3 milyard dollara çatdıra bilər.

İranla Ermənistanın ticarətində təbii qaz böyük paya malikdir. Hər il İrandan Ermənistana 365 milyon kubmetr qaz ixrac edilir. 2009-cu ildən icrasına başlanan “Elektrik enerjisi üçün qaz” müqaviləsi çərçivəsində Ermənistan İrandan aldığı qazla elektrik enerjisi istehsal edir, bir hissəsini qazın dəyəri kimi İranın şimal əyalətlərinə ötürür. Bir kubmetr qazdan 4-4,5 kVt/saat elektrik enerjisi əldə olunur, bunun 3 kVt/saatı İrana ötürülür, qalanını Ermənistan aztəminatlı istehlakçılara verir. Ötən il əldə olunan razılaşmaya əsasən İrandan Ermənistana qaz, oradan geriyə elektrik enerjisi ixracının ikiqat artırılması nəzərə tutulur. Ermənistan ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyanın dediyinə görə, İran-Ermənistan qaz kəmərinin ötürmə qabiliyyəti 2,3 milyard kubmetrə çatır. İlkin mərhələdə İrandan qaz nəqlinin gündə 2 milyon kubmetrə və ya ildə 730 milyon kubmetrə çatdırılması planlaşdırılır.

Maraqlıdır ki, İranla Ermənistanın qaz razılaşması Rusiyada ciddi qıcıq oyatmaqdadır. Rusiya ekspertləri ölkə hakimiyyətindən Ermənistana satılan qazın qiymətinin qaldırılmasını tələb edir. İrəvan ildə Rusiyadan güzəştli qiymətlə orta hesabla, 2,5-2,6 milyard kubmetr qaz alır. Bəzi mənbələr 2025-ci ildən İrəvan üçün qaz qiymətlərinin artırılacağını bildirirlər.

Baxmayaraq ki, Ukraynadakı işğalçı müharibədə İranın Rusiyaya dəstəyi getdikcə artır və bu, Qərbdə kəskin narazılığa, Tehrana qarşı sanksiyaların sərtləşdirilməsinə səbəb olur, Ermənistan hakimiyyəti ölkədə Qərb maliyyə qurumlarının iştirakı ilə icra olunan infrastruktur layihələrinə İran şirkətlərini cəlb etməkdən çəkinmir. Belə müqavilələrdən biri 2024-cü il fevralın 12-də Ermənistanın Yol Departamenti ilə İranın “Abad Rahan Pars” beynəlxalq qrupu və “Tunel Garden Ariana” şirkəti arasında imzalanıb. Müqavilə Şimal-Cənub yol dəhlizinin investisiya proqramının Aqarak-Vardanidzor yolunun (təxminən 21 km) tikintisini nəzərdə tutan 4-cü tranş çərçivəsində Vardanidzordan tunel çıxışına qədər (təxminən 11 km) olan hissənin tikintisini nəzərdə tutur.

Departamentin rəhbəri Qor Avetisyanın verdiyi məlumatdan aydın olur ki, müqavilə ilə ilk dəfədir Şimal-Cənub avtomagistralının cənub hissəsində tikinti başlanır. 32 km-lik bu hissənin tikintisi 214 milyon dollara başa gələcək və 3 ildən sonra tamamlanacaq. Bu hissədəki Kacaran tunelinin tikintisi ayrıca layihədir, onun icrası üçün hələ tender elan olunmayıb. Ümumi uzunluğu 43 km olan Kacaran-Aqarak yolunun 32 km-lik hissəsini İran şirkətləri tikəcək. Layihə Avrasiya İnkişaf Bankının kreditləri və Ermənistan Respublikasının birgə vəsaitləri hesabına maliyyələşdirilir. Qalan hissənin maliyyələşməsi üçün investor banka müraciət olunub. İrəvan rəsmisinin dediyinə görə, magistralın Sisiyan-Artaşat hissəsinin layihələndirilməsinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Ermənistan yalnız İranla deyil, Rusiya ilə də qarşılıqlı ticarətini artırır. 2022-ci ildən bəri bu sahədə on dəfəyə yaxın artım var - Rusiyadan və Rusiyaya əsasən sanksiyalı malların reixracı hesabına. Belə ki, 2023-cü ildə Ermənistanın ixracı illik ifadədə 55,3 faiz - 5,4 milyard dollardan (2022) 8,4 milyard dollara qədər artıb. Eyni zamanda idxal 40,2 faiz artaraq 8,8 milyard dollardan 12,3 milyard dollara yüksəlib. Son iki ildə ixrac və idxal müvafiq olaraq 2,8 və 2,3 dəfə artıb.

2023-cü ildə Ermənistanın ixracının 34,4 faizii, yəni üçdə birindən çoxu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Honq Konqa gedib. Ən böyük ixrac istiqaməti 40,6 faizlə Rusiya olub. Beləliklə, bu üç dövlət 2023-cü ildə ixracın 75 faizini təşkil edib. Qeyd edək ki, 2021-ci ildə BƏƏ və Honq Konq Ermənistanın ixracının cəmi 2,8 faizini (84 milyon dollar) təşkil edib.

Faktiki olaraq iki il ərzində BƏƏ və Honq Konqa ixracda 35 dəfə artım müşahidə olunub. 2023-cü ildə ümumi idxal və ixrac artımı 40 faizi ötsə də, reallıq başqadır. Belə ki, Rusiya, BƏƏ və Honq Konq istisna olmaqla, digər ölkələrə ixrac 2023-cü ildə 12,2 faiz azalıb. Son 2 ildə bu 3 ölkə istisna olmaqla, ümumi artım 2,8 dəfə olmaqla ixracın artımı cəmi 0,6 faiz təşkil edib. Yəni son iki ildə ixracın artımı yalnız Rusiya, BƏƏ və Honq Konq istiqamətində müşahidə olunub. Bu ölkələrə ixracda 0,9 milyard dollardan (2021) 6,3 milyard dollara qədər 6,8 dəfə əhəmiyyətli artım qeydə alınıb. İdxala gəlincə, qeyd etmək lazımdır ki, BƏƏ və Honq Konq Ermənistanın idxal dinamikasında minimal rol oynayıb, artım əsasən Rusiyadan idxal hesabına təmin edilib. Rusiyadan idxal edilən malların bir hissəsi BƏƏ və Honq Konqa reeksport olunub.

Ermənistanın Rusiyaya sanksiyalı malları çatdırmasında İran da bir həlqə olaraq iştirak edir. Xarici mətbuatda yer alan məlumatlardan aydın olur ki, Ermənistan Rusiyaya ixracı qadağan olunmuş irihəcmli yükləri Rusiyaya İran üzərindən çatdırır. Bu açıq oyuna baxmayaraq, ABŞ və Avropa İttifaqı Ermənistana qarşı hər hansı məhdudlaşdırıcı addım atmır...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR