İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistanın türk birliyinə qoşulmaq tərəddüdü

2009-cu ildə Naxçıvan Muxtar Respublikasında türkdilli dövlətlərin başçıları bir araya gəlşi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını yaratdılar. Hazırda beş dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının (TDT)  daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur.

Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok Türkmənistanın Türk Dövlətləri Təşkilatına və Türk Dövlətləri Parlament Assambleyasına tamhüquqlu üzv kimi daxil olmasını arzuladıqlarını bildirib. APA xəbər verir ki, bu barədə “Star Gazetesi” məlumat yayıb.

“Türkmənistanın TDT və TÜRKPA-ya tamhüquqlu üzv kimi qoşulmasını arzu edirik. Türkmənistan Türk dünyası ailəsinin çox önəmli bir üzvüdür. Türkmənistanın yaxın gələcəkdə TDT-yə tamhüquqlu üzv olması ilə Türk dünyasında əməkdaşlığın daha da güclənəcəyinə tam inanırıq”, - deyə o əlavə edib.

Yada salaq ki, Türkmənistan Türk Dövlətləri Təşkilatına müşahidəçi statusuna təşkilatın 2021-ci ilin noyabrında İstanbulda keçirilən VIII Zirvə görüşündə qəbul edilib.

Bəs Türkmənistanın Türk Dövlətləri Təşkilatına qoşulmaq tərəddüdünü doğuran səbəblər hansılardır?

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm)

Oqtay Qasımov 

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var: “Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Budapeştdə ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisini və perspektivini göstərir. Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənd, Şuşa şəhərlərində zirvə görüşləri keçirilib. TDT 160 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyada və qlobal miqyasda güclü təşkilat kimi tanınıb. Prezident İlham Əliyev TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib.

Bu, Prezident İlham Əliyevin Türk dünyasına verdiyi xüsusi önəmin, türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olmasının, həmçinin türk birliyi və həmrəyliyinin, Türk Dövlətləri Təşkilatının bundan sonra da inkişaf edərək möhkəmləndirilməsinə əminliyin parlaq ifadəsidir. 2023-cü il ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına  üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin mediada yayılan məlumatına görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 23,7 faiz və ya 1 milyard 574 milyon ABŞ dolları artıb. Halbuki 2022-ci ildə respublikamızın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 6 milyard 635 milyon dollar təşkil edib. Hesabat dövründə təşkilata üzv ölkələrlə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16 faizinə bərabər olub.

Türk dünyası hazırda beynəlxalq münasibətlərin yeni bir güc mərkəzi kimi mühüm önəm daşıyır və ciddi geosiyasi və geoiqtisadi çəkiyə malik olması ilə diqqət çəkir. Bunu statistik göstəricilər də təsdiq edir: Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əhalisi 173 milyon nəfərdən çoxdur. Bu dövlətlərdə ümumi daxili məhsulun (ÜDM) həcmi 1,5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dolları təşkil edir. Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət dövriyyəsinin isə 2,4 faizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin payına düşür.

Türk Dövlətləri Təşkilatının əhatə etdiyi coğrafiya dünyada çox böyük əhəmiyyətə malik ərazidir. Bu amil Türk Dövlətləri Təşkilatının gücünü daha da artırır və mövqelərinin gələcəkdə güclənəcəyini şərtləndirir. Rəsmi təsisindən elə də böyük zaman kəsiyi keçməsə də, Türk Dövlətləri Təşkilatı qarşıya qoyulan hədəflərə sürətlə çatır və bundan sonra da çatacaq".

Ekspert dedi ki, Türkmənistan Orta Asiyanın önəmli türk ölkəsidir. Onun TDT-də rəsmi üzv olması bu təşkilatın daha da güclənməsi demək olar. Türkmənistanın TDT-yə rəsmi üzv olmamasının əsas səbəbi isə Türkmənistan Konstitusiyasıdır: “Türkmənistan müstəqillik əldə etdikdən bu günə qədər mümkün qədər ehtiyatlı siyasət yeritməyə çalışır. Türkmənistanın Türk Dövlətləri Təşkilatında hələlik müşahidə statusunda iştirak etməsinin iki səbəbi var. Birinci səbəb ölkənin tutduğu siyasi xətt, ikincisi, konstitusiyası Türkmənistanın neytral dövlət olmasını, hansısa beynəlxalq bloklarda təmsil olunmaması tələbini qoyur. Türkmənistanın TDT-yə tam hüquqlu üzv olmasına mane olan əsas amil bu məsələdir”.

Politoloq hesab edir ki, dəyişən dünya düzənində və beynəlxalq şərtlərdə Türkmənistan da çox da uzaq olmayan gələcəkdə öz mövqeyini dəyişəcək və Türk Dövlətləri Təşkilatının tam hüquqlu üzvü statusunu alacaq: “Türk dövlətlərinin bu ittifaqı dünyaya, regiona ancaq əmin-amanlıq, sülh və əməkdaşlıq vəd edir, heç bir dövlətə, heç bir başqa təşkilata qarşı deyil. Eyni zamanda hər hansı bir qüvvə bu dövlətlərə qarşı zorakılıq və ya başqa bir formada təpki göstərmək niyyətinə düşərsə, dərhal onun qarşısı TDT tərəfindən çox asanlıqla alınacaq. Bu gün dünyanın güc mərkəzlərinin içərisində çox ciddi qarşıdurmalar, parçalanmalar baş verməkdədir, əslində üçüncü dünya müharibəsi gedir. Belə bir həssas zamanda türk dövlətlərinin TDT adlı ittifaqda birləşməsi həyati əhəmiyyət daşıyır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR