İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkdən “xoxan” düzəldən Maşa – 2 əsrlik YALANIN sonu

Nikol Paşinyanın saxta “erməni genosidi” mövzusunu növbəti dəfə təftiş eləmək cəhdi Moskvada qəzəb doğurub. Bunu dünənki brifinqdə Rusiya XİN-in rəsmisi Mariya Zaxarovanın məyus reaksiyasından aydınca görmək olar. Açıqlamanı həm də gözlənilməz sayan XİN sözçüsü Paşinyanı qınayıb.

“Heç vaxt düşünməzdim ki, oturuşmuş bir yanaşma, illərlə əziyyətindın sonra formalaşmış mövqe hansısa dəyişikliyə uğrayar. Rusiyanın mövqeyi isə dəyişməz qalır. Bu, Dövlət Dumasının mütəmadi olaraq istinad etdiyimiz müvafiq bəyanatlarında (1995 və 2005 – red.) əksini tapıb”, - Zaxarova gileylənib.

Sanki Maşa erməniləri Paşinynın özündən çox istəyir. Əlbəttə, absurddur. Az qala, uşağa da aydındır ki, Qafqazda Rusiyanı erməni xalqının taleyi yox, həmişə özünün imperialist maraqları düşündürüb...

Təsadüfi deyil ki, rəsmi Moskva hələ də Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi sayan Praqa sənədini (2022, oktyabr) imzalanmasını “həzm edə” bilmir. Bunu İrəvana vaxtaşırı irad tutur. Çünki “erməni kartı” iki əsr idi ki, Azərbaycan və Türkiyəyə, Qafqazın aborigen xalqı olan azərbaycanlılara qarşı təsirli alət qismində istifadə olunurdu. Artıq o, əldən çıxmış sayılır.

Bu da faktdır ki, “erməni soyqırımı” mifi də ilk dəfə məhz SSRİ tərəfindən qardaş ölkəyə təzyiq məqsədilə ortaya atılıb. Moskvanın ən çox qorxduğu isə ermənilərin şüurundan “xoxan türk” obrazının həmişəlik silinməsi, Türkiyə və Azərbaycanla sərhədlərin açılması, qarışıqlı iqtisadi-ticari və insani əlaqələrin bərpasıdır. Motiv bəlli: o halda Rusiya artıq Ermənistandan da şələ-kütləsini yığışdırıb çıxmalı olacaq, hərbi bazalara ehtiyac qalmayacaq...

Qayıdaq Maşanın Nikola ünvanlı iradına, yaxud “Roma Papasından artıq katolik olmaq” cəhdinə.

Ötən il o, ənənəvi brifinqlərin birində haylara siyasi əndazəyə və əxlaq meyarlarına sığmayan şit yaltaqlıq nümunəsi ortaya qoymuşdu. Sitat: “Ermənistan hakimiyyətinin çoxəsrlik tarixə malik qədim erməni sivilizasiyasını Avropa İttifaqı ilə müqayisə etməsi əbəsdir. Ermənistan mədəniyyətdir, dövlət quruluşudur və bunlar minilliklərə gedib çıxan dövlətçiliyin əsaslarıdır”.

“Min illiklərə gedib çıxan dövlətçilik...” Guya Zaxarova Qafqazda süni “Ermənistan” dövlətinin nə vaxt, hansı məqsədlə və kim tərəfindən yaradıldığını bilmir. Halbuki “daşdan keçən” arxiv sənədləri elə Moskvada saxlanılır. Odur ki, arada bəlkə oralara baş çəkib Gülüstan, Türkmənçay müqavilələrini orijinaldan oxuyasınız? Kif basmış yaddaşlarınızı təzələmək üçün...

Gerçəkdən də gərək nə qədər arsız, reallıq hissindən məhrum biri olasan ki, Azərbaycan, ümumən türk xalqlarına qarşı saysız vəhşiliklər, bəşəri cinayətlər, o sırada soyqırımlar, etnik təmizləmələr törətmiş, torpaqlarımızın altını üstünə çevirmiş və buna görə indiyədək tükü belə tərpənməyən məxluqat haqda, “din” xadimləri belə terrora çağırış edən köçmən toplum haqda, tarixdə düz-əməlli dövlətləri olmayan, çörəyi dizi üstdə olanlar barədə belə cəfəngiyatı dilə gətirəsən!

Zaxarovanın soyundan olan rus tarixçi akademiklərdən birinin məşhur ifadəsini bu yerdə təkrarlamağa gərək var: “Erməni xalqı öz tarixinə görə tarixə yox, tarixçilərə borcludur”.

Məsələ də ondadır ki, nə erməni maşası, nə də erməninin özü Azərbaycan və Türkiyə üçün problem deyil. Problem əlində “erməni maşa”nı tutanlarladır. Nə edəsən ki, Türkün daşı ağır olub. İllah da türkofob və islamofoblar üçün...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR