Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trampın bir həftənin içində iki dəfə ermənilərə reverans, Azərbaycana qarşı isə de-marş etməsi əlbəttə, bizim üçün xoşagəlməz oldu. Söhbət indi də onun Böyük Klikiya Evinin katolikosu I Arama zəng edərək, ABŞ-dakı erməni icmasına və “artsax”a dəstək ifadə etməsindən gedir.
Qatı antitürkçü, faşist və irqçi düşüncəli “din” xadimi kimi tanınan I Aram isə telefon danışığı zamanı Trampdan həyasızcasına görün hansı iki xahişi edib: “1.ABŞ-ın yeni hökuməti “artsax” ermənilərinə beynəlxalq zəmanət altında öz tarixi torpaqlarına qayıtmaq və onların öz müqəddəratını təyinetmə (?! – Z.S.) kimi haqlı tələbi məsələsində hərtərəfli dəstək verməli, “artsax”lılara qarşı törədilmiş soyqırımına görə Azərbaycanın məsuliyyətə cəlb olunmasını tələb etməlidir”; 2. Yeni hökumətdə Amerika ermənilərini təmsil edən bir şəxsin olması təmin olunsun”...
Göründüyü kimi, hər iki xahiş Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qulaqardı edilməklə Amerikanın “erməni məsələsi”nə dövlət səviyyəsində dəstəyini nəzərdə tutur. Yeni hökumətdə azı bir erməninin olması tələbi də eyni hədəfə hesablanıb: Azərbaycanı ABŞ-ın düşməni statusuna, “şeytan oxu”na gətirmək, Vaşinqtonun Güney Qafqazın aparıcı dövləti ilə dərin əlaqələr qurmasını əngəlləmək. Nəyin xətrinə? 5-6 erməni seçicinin?
Dəyərmi?
Bundan az öncə Tramp bənzər mövqe sərgiləyərək, Qarabağdan könüllü erməni köçünü zorakılıq kimi təqdim eləmiş, prezident olacağı halda “xristianların təqibinə yol verməyəcəyini” bildirmişdi. Həmçinin “Azərbaycanla Ermənistan arasında sülhü bərpa edəcəyini” söyləmişdi...
Doğru, bunlar sırf seçki kampaniyası çərçivəsində edilən gediş, dildən çıxan vəddir və seçki bitəndən sonra ola bilsin, Tramp onları unutsun. İkinci yandan, o, hardan biləcək ki, etdiyi məlum jestlərə görə amerikalı erməni seçici məhz Harrisə yox, ona səs verib? Səsvermə ki, gizli aparılır.
Bütün hallarda son dərəcə sırtıq və hiyləgər toplum kimi tanınan hayların təkrar prezident seçiləcəyi təqdirdə Trampın dilindən “tutacağı” gözləniləndir. Hərgah Harrisdən fərqli olaraq, milyarder namizədin erməni lobbisi ilə bağlılığı yoxdur. Bununla belə, o da faktdır ki, birinci dəfə prezident seçilməzdən öncə (2016) Tramp ermənilərə yuxarıdakı isti reveranslar eləməyib...
Nəhayət, unutmayaq ki, Qarabağdan getmiş ermənilərin geri qayıtmasında Moskva da maraqlıdır. Təbii ki, öz mənafeyi çərçivəsində. Söz düşmüşkən, ABŞ və Rusiyanın həmsədri olduğu üzdəniraq Minsk Qrupu (MQ) formal da olsa qalır, İrəvan onun ləğvinə razı olmur. O zaman erməni lobbisinin, Ermənistanın, düşmən çevrələrin Trampdan Azərbaycana qarşı “Trampyan” düzəltmək cəhdləri anlaşılandır və ciddiyə alınmaya bilməz.
Ermənilərin böyük ölçüdə istər Trampdan, istərsə də Harris-Bayden cütlüyündən narazılığına rəğmən, istisna deyil ki, onlar yeni prezidentin dövründə Azərbaycan əleyhinə separatizmin yeni toxumlarını əkmək üçün MQ faktorundan maksimum istifadə etməyə çalışacaqlar...
Bu kimi xoşagəlməz gəlişmələri və təhdidləri önləməyin ən etibarlı yolu Azərbaycanla Ermənistan arasında sülh sənədinin və ya hansısa çərçivə sazişinin imzalanması, nəticə etibarilə MQ-nin de-yure ləğvini reallaşdırmaq olardı. Yeri gəlmişkən, erməni rəsmilər, o sırada parlamentin spikeri Alen Simonyan bildiriblər ki, Azərbaycanla sülh müqaviləsindən sonra MQ-yə ehtiyac olmayacaq. Guya indi varmış.
Başqa yandan, Trampın impulsiv siyasətçi olması da nəzərdən qaçırılmamalıdır. Hərgah ABŞ-da bu kimi məsələlərdə əsas söz sahibi qismində prezident deyil, “dərin dövlət” çıxış edir...
Hələliksə təsəllimiz budur ki, 44 günlük Vətən savaşımız Trampın dövrünə, Qarabağda separatizmin kökünün kəsilməsinə gətirən 1 günlük antiterror əməliyyatımız isə Bayden-Harris dönəminə təsadüf edib. Elə buna görə də ermənilər indiki namizədlərin heç birini “özününkü” saya, bağışlaya bilmirlər.
Ancaq “şər deməsən, xeyir gəlməz”. Arxayınlaşmağa əsas yox. Diplomatiyamızı, səfirliyimizi, diasporumuzu xüsusən də önümüzdəki bir neçə ildə çox gərgin, önləyici və hücum rejimində çalışma gözləyir. Yaddan çıxarmayaq ki, 5 noyabrda Konqresin tərkibi də yenilənəcək...
Z.SƏFƏROĞLU
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ