Onlayn ictimai-siyasi qəzet
Həqiqətən, bəzən elə münasibətlər görür, oxuyursan, fikirləşirsən millətimizin unutqan olması mövzusu düz imiş. Tipik nümunə son günlər ictimai nəqliyyatda bahalaşmadır. Camaat narazıdır. Bir neçə video-zad izlədim, xalq deyir ki, nəqliyyatda qiymətlər qalxır, ancaq heç bir keyfiyyət-kəmiyyət dəyişikliyi yoxdur.
Biz gərək ağa ağ, qaraya qara deyək. Hökuməti tənqid etməklə yanaşı, müsbət işləri də görməliyik. Mən özüm şəxsən siyasətə qarışmıram, yalnız hərdənbir, asudə vaxtlarımda Moldovadakı parlament seçkilərinə, Peruda eks-prezidentlərin həbsinə, Hindistanda qatar qəzasına münasibət bildirirəm. İndi isə heç bir repressiya, siyasi basqılardan çəkinmədən hökumətin nəqliyyat siyasətindəki uğurları qeyd etməyi özümə borc bilirəm. Lap buna görə mənə medal versinlər! Heç nədən qorxmuram. Ölkəmizdəki söz azadlığı modelinin üstünlüklərindən yararlanmaq mənim vətəndaşlıq borcumdur. Şair necə demişdi? Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı!
Yeri gəlmişkən, bu dəqiqə Bakı kubiyinin 1 dənəsi çatdırılma daxil, 60-65 qəpikdir. Al, harada istəsən hasar çək. Ağappaq, gözəl daşlardır. Yenə qəlbim titrədi, şairdən beytin yeridir: “Lalə rux, mərmər sinə, nərmin bədən, şirin buxaq. Tubi qamət, mahi-tələt, xoş əlamət, ay qabaq”. İnsan da belə gözəl mövzuları qoyub avtobusun 10 qəpik qalxmağından qeybət edərmi?
Uzun sözün qısası, mövzuya “pavarot” eləyirəm. Unutqan olmağımızdan danışırıq (başımı qatdınız, az qala mövzu da yadımdan çıxmışdı). İndi o adamlar ki, var e, deyirlər nəqliyyatda heç bir irəliləyiş yoxdur, kaş zaman maşını olaydı, onları götürüb ataydıq 10-15 il qabağa. “Raf”ın içində dombalmış vəziyyətdə hərəkət edəydilər. Avtobusun qapısından sallanıb bir ayaqlarını qoymağa yer gəzəydilər. Hələ kondisioner, a kişi!.. Dədə-babadan biz hansı avtobusda sərinləmə xidməti görmüşdük? Qan-tər içində gedirdiniz, ay unutqanlar! Bu qədər insafsızlıq olarmı? Yayda mən bir avtobusa minmişdim, sürücü kondisioneri necə xodlamışdısa, hamımızın düşəndə burnumuz axırdı. Bir ağsaqqalın boynu tutulmuşdu, paralic vurmuşdu, təcili yardımla apardılar.
AXC-Müsavat cütlüyünün vaxtında nəqliyyat naziri Ziya müəllimin əli lomlu qoçu-müfəttişləri vardı, taksi sürənləri harada tutsalar döyürdülər. İndi isə taksi şirkəti itinə tök qədərdir. Hansına istəsən min. Camaat taksini, yalan olmasın, hamama çağırır, oradan minir gedir - istəmir ayağı toza batsın. Bəzi taksilərdə hətta tutuquşu, gül-çiçək xidmətləri göstərilir.
Maşallah, indi camaat metroda uşaq doğur! Keçmişdə belə steril mühit mümkün idimi? Yox. Metroda kartof-soğan satırdılar. Bunlar hamısı dəyişiklik, inkişaf deyilmi? Mən bütün təzyiqləri gözümə alıb bunları açıq yazmaqdan çəkinmirəm!
Deputatlardan biri haqlı olaraq Bakıda tıxacın yoxluğunu açıqlamışdır. Deyir yalnız bir-iki yerdə “butulka effekti” olur. Düz deyir. İndiki uşaqlar butulka... üzr istəyirəm, tıxac görməyib. Mənim yadımdadır, keçmişdə bir dəfə tıxacda o qədər dayanmışdıq ki, sürücülər yaxındakı evlərə gedib tava, qaz plitəsi almışdılar, yolun içində kolbasa qızartmışdıq. Pis günlər idi, ancaq insan nostalji çəkir, nə etməli... O kolbasanın dadı indiyəcən damağımdadır.
Ümumiyyətlə, deputatların nəqliyyat prosesinə baxışı sevindiricidir. Başqa biri də tələbələrə təklif verib, deyir skuter alın, universitetə onu minərək gedin.
Təbii, hər bir tələbəmizin təqaüdü hazırda skuter almağa imkan verir. Amma biz oxuyan vaxt universitetə eşşək arabasında gedirdik. Qar yağanda dekanımızı canavar dağıtmışdı. Pis günlər idi (deyəsən, bunu təkrar yazdım).
Hələlik bu qədər. Çünki çox yazsam təzyiq arta bilər, mən də istəmirəm sizi köşə yazısız qoyum, ilin-günün bu cür nankor vaxtında...
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ