Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp çərşənbə günü ticarət tarifləri ilə bağlı qərarı ilə gündəmə gəlsə də, vaxt tapıb illərdir davam edən “az axınlı duş başlıqları” ilə bağlı mübarizəsini də yenidən alovlandırıb.
Musavat.com xəbər verir ki, o, yeni sərəncam imzalayaraq “duş başlığı”nın tarifinə dəyişiklik edib.
O, bu qərarı ilə ABŞ-ın “duş başlıqlarını yenidən möhtəşəm etməyi” vəd edib. Reuters-in yaydığı məlumata görə, sərəncam, keçmiş prezidentlər Barak Obama və Co Baydenin suya qənaət və effektivlik tələblərini ləğv edir.
Tramp imza mərasimində çıxışı zamanı bildirib:
“Mən yaxşı duş qəbul etməyi sevirəm. Bu, mənim gözəl saçlarım üçün vacibdir” – deyə o, Oval kabinetdə bəyan edib.
Ağ Evin yaydığı açıqlamada Tramp administrasiyası bu məhdudiyyətlərin “Amerika iqtisadiyyatını boğduğunu, bürokratiyanı sərtləşdirdiyini və fərdi azadlıqları boğduğunu” bildirib. Yeni qərarla yalnız duş başlıqları deyil, həm də unitazlar, qabyuyan maşınlar kimi su ilə işləyən cihazlara tətbiq edilən məhdudiyyətlər də ləğv edilir.
Tramp deyib ki, Obamanın və Baydenin tətbiq etdiyi qaydalar su borularındakı təzyiqə qarşı “müharibəyə” bənzəyirdi və o bu “müharibəyə son qoyduğunu” elan edir.
Musavat.com bildirir ki, Trampın bu qərarı həm siyasi, həm də şəxsi ritorikasına uyğundur: bir tərəfdən Demokratların “dövlət tənzimləmələri”nə qarşı çıxır, digər tərəfdən isə öz “saç ideologiyasını” qoruyur. Tramp daha əvvəl dəfələrlə demişdi ki, duş başlıqlarından kifayət qədər su gəlmədiyi üçün saçlarını ideal formada düzəldə bilmir.
Musavat.com
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ