Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp İsraillə İran arasında baş vermiş 12 günlük müharibəyə dair sensasion açıqlama verib.
Musavat.com xəbər verir ki, Tramp İranın ali lideri Ayətullah Əli Xameneini “alçaldıcı ölümdən” şəxsən xilas etdiyini bəyan edib.
“Onun harada olduğunu bilirdim. Onu vurmaq imkanımız vardı. Amma mən qərar verdim ki, bu addımı atmayaq. Əli Xameneini alçaldıcı şəkildə ölməkdən xilas etdim,” – deyə Tramp bildirib.
ABŞ Prezidenti bu bəyanatı ilə həm güc nümayiş etdirdiyini, həm də Xameneiyə qarşı “böyüklük göstərdiyini” vurğulayıb. Onun sözlərinə görə, bu qərar həm strateji, həm də siyasi baxımdan atılmış düşünülmüş addım olub.
Danışıqlar dayandırılıb
Tramp çıxışında əlavə edib ki, Xameneinin son günlərdə İsrail üzərində “qələbə qazandıqları” barədə səsləndirdiyi bəyanatlar ABŞ tərəfindən xoş qarşılanmayıb. Məhz bu ritorikaya cavab olaraq, İrana qarşı sanksiyaların yumşaldılması üzrə aparılan danışıqların dayandırıldığını bildirib:
“Əgər biri bizə qarşı açıq-aşkar yalan danışır və qələbə ilə öyünürsə, biz də buna cavab olaraq güzəşt prosesini dondururuq. Bu qədər sadə,” – deyə Tramp əlavə edib.
Siyasi müşahidəçilər hesab edirlər ki, Trampın bu açıqlamaları onun prezidentliyinin ilk ilində xarici siyasətdə sərt və praqmatik kurs tutduğunu göstərir. Eyni zamanda bu bəyanatlar ABŞ-İran münasibətlərində gərginliyin yenidən artacağına işarə edir.
Qeyd edək ki, Donald Tramp 2024-cü ilin noyabrında keçirilmiş seçkilərdə qalib gəlmiş və 2025-ci ildən etibarən yenidən ABŞ Prezidenti vəzifəsini icra edir.
Musavat.com
28 Iyun 2025
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ