İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İsraili "satdı"? – Ağ Evdə şok təmizləmə əməliyyatı!

"ABŞ Prezidenti Donald Trampın İran və Qəzza mövzusunda İsrail Baş naziri Benyamin Netanyahu ilə yaşadığı fikir ayrılıqları səbəbilə ABŞ administrasiyasında çalışan və İsraili açıq şəkildə dəstəkləyən üç yüksək vəzifəli şəxs vəzifədən uzaqlaşdırılıb. Məlumatı İsrailin nüfuzlu “Yedioth Ahronoth” qəzeti yayıb.

Baş verən hadisələr göstərir ki, əvvəlki dövrdən fərqli olaraq, Tramp növbəti prezidentlik müddətində İsrailə qarşı nisbətən sərt ritorika sərgiləyir".

Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq xatırladıb ki, 2016–2020-ci illərdəki ilk prezidentliyi dövründə Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımaqla yanaşı, ABŞ səfirliyini ora köçürmüş və "Abraham anlaşması" çərçivəsində bir sıra ərəb ölkələrinin İsrail ilə münasibətləri normallaşdırmasına vasitəçilik etmişdi. Ancaq İran və Qəzza məsələsində mövcud fikir ayrılıqları bu əməkdaşlığın davamı üçün ciddi maneələr yaradır:

"Netanyahu hökuməti ABŞ-dən hər iki məsələdə maksimum dərəcədə öz mövqeyinin müdafiəsini tələb edir. Tramp isə üç yüksək vəzifəli əməkdaşı vəzifədən azad etməklə göstərmək istəyir ki, artıq birtərəfli siyasət izləmək niyyətində deyil.

Hadisənin bu mərhələyə gəlib çatması əsasən üç amillə bağlıdır.

Birincisi, Tramp seçki kampaniyası zamanı demokratlar qarşısında üstünlük qazanmaq məqsədilə ABŞ müsəlman icması və müharibə əleyhdarlarına bir sıra vədlər verib. Ağ Rəbbə növbəti seçkidə varisinin qələbəsini təmin etmək üçün bu vədləri yerinə yetirməlidir".

Politoloqun fikrincə, ikinci amil Trampın vəd etdiyi kimi İranla gərginliyi azaltmaq və Qəzzada atəşkəsə nail olmaq siyasətidir:

"Bu isə İsrailin mövqeyi ilə ziddiyyət təşkil edir. Rəsmi Təl-Əvivin yanaşması İrana qarşı hərbi əməliyyatların həyata keçirilməsi və onun Yaxın Şərqdəki proksilərinin tamamilə məhv edilməsinə əsaslanır.

Omanda aparılan danışıqlar və husilərlə əldə olunan razılaşma göstərir ki, ABŞ müharibə istəmir. Tramp tərəfindən verilmiş bu mesaj İsrailin ən güclü media orqanlarında geniş müzakirə olunur və bu da qarşı tərəfin narahatlığını ortaya qoyur.

İsrail tərəfi vəziyyəti öz xeyrinə dəyişmək üçün Qəzzada bombardmanı artırmaqla yanaşı, İranla gərginliyi maksimum həddə çatdıra bilər. Digər tərəfdən isə ABŞ-də güclü yəhudi lobbisi vasitəsilə Respublikaçılar Partiyası daxilində Trampa qarşı münasibətlər daha da gərginləşdirilə bilər".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR