İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə Trampı avtobusa mindirərdilər...

Hər gün yeni bir macərapərəst (müəllif bilə-bilə “avantürist” yazmadı) qərarı və hərəkəti ilə dünya mediasının gündəmini zəbt edən Donald Trampın son 2 ayda etdiklərindən sonra planet əhli dərin düşüncələrə qapılıb: necə olub ki, müdrik Amerika xalqı belə bir adamı özünə və dünyaya prezident seçib.
Gerçəkdən də mat qalmalı işdir. Heç kəs ABŞ xalqından belə bir şey gözləmirdi. Bəlkə də Trampın bu ilin yanvarından bəri qırrıya-qırrıya getdiyini görən Amerika xalqı özü də yanlış seçim etdiyinin fərqinə varıb, amma artıq, Aygün Kazımova demişkən, “yay çıxıbdır oxdan”.

İndi baxaq, görək, Tramp keçən ilin ortalarında dilə gətirdiyi seçkiqabağı şüarlar və ritorikası ilə başqa hansı ölkədə prezident seçilə bilərdi?

Bəri başdan dünyanın 100-dən artıq ölkəsini qatlayaq, qoyaq qırağa. O ölkələrinin özlərinin padşahı var və heç kim onlara qarşı müxalifətçilik edib hakimiyyətə gələ bilməz. Adamın ağzını cırarlar.

Amma məsələn, demokratik ölkələrdən Hollandiya, Danimarka və Fransada Tramp hakimiyyətə gələ bilərdimi? Gələ bilməzdi. Çünki adamın təkcə cinsi azlıqlara qarşı işlətdiyi ifadələrə görə onun namizədliyini qeydə almazdılar, deyərdilər, pis adamdır, homofobdur, qalardı çığıra-çığıra.

Tramp heç atasının vətəni Almaniyada da dövlət başına keçə bilməzdi. Almanlar onun ilk publik çıxışındanca öz aralarında pıçıldaşardılar ki, herr, bu kürən kişi tanış gəlir, əvvəlki həyatında onun adı yüz faiz Adolf olub. Beləcə, Trampa qarşı mediada “gəlmişdin də, gördük” kampaniyası başlayardı və “Almaniya üçün Alternativ” partiyası “hayl Tramp” şüarı səsləndirməyə macal tapmazdı.

Yaponiyada Tramp kimi hirsli-hikkəli adamı partiya rəhbərliyinə buraxmazdılar, sakitcə gülümsəyə-gülümsəyə deyərdilər ki, san Trampın intensiv psixoloji yardımlar almasına ehtiyac var. Yaponlar mədənidirlər, “psixiatr yardımı” deməzdilər, eləcə “psixoloji yardım” deyərdilər.

Trampın siyasi taleyi Böyük Britaniyada da uğurlu alınmazdı, seçicilər onun, türkün sözü, saçma-sapan çıxışlarına qulaq asıb deyərdilər, bizin Consona şükür, bu əməlli-başlı...

Bəs Tramp hazırda çox sevildiyi Rusiyada uğur qazanardımı? Burası birmənalıdır: onun yeri ya Xodorkovskinin yatdığı koloniya olardı, ya Berezovskinin sığındığı ölkə, ya da Navalnının öldüyü türmə. Çox o yan-bu yan edərdi, dağa-daşa dırmanardı, Kremlin yaxınlığında model qızla gəzdiyi yerdə bir “qurd” çıxardı qarşısına, polis açınca gözün, yerə gələrdi dizi.

Kolumbiyada Trampa səs verməzdilər, onun narkomafiyaya qarşı vəd etdiyi mübarizəyə görə adı “çörək kəsən” kimi çıxardı, nəticədə seçki sonuncusu olardı.

Amma məsələn, Tramp müsəlman olsaydı, bu cür emosional çıxışlarla Pakistanda müəyyən uğur qazanardı, adamı prezident və ya baş nazir seçərdilər, sadəcə, 3-4 aydan sonra impiçment edər, barəsində edam qərarı çıxarar, axırda bu qərarı ləğv edər, ev dustağına çevirərdilər.

İranda höccətül-islamlar və ayətullahlar belə höcət adamın namizədliyini qeydə almazdılar, düşünərdilər ki, ağa çox çılğındır, prezident seçilsə bizi qonşu dövlətlərlə düşmən edəcək. Məlum, İran qonşu dövlətlərlə mehribanlığa çox önəm verir.

Türkiyədə belə hay-küylü liderləri sevirlər, ona görə də Tramp babat elektorat qazanardı, amma qardaş ölkədə, xüsusilə də paytaxt Ankarada iki qoçun başının bir yerdə qaynaması üçün müvafiq ölçülü qazan olmadığına görə onu Silivriyə göndərərdilər.

İndi kimsə fikirləşir ki, müəllif nə vaxt öz ölkəmizə gələcək və Trampın Odlar diyarındakı seçki şansını qiymətləndirəcək. Əzizlər, bunu mənsiz də bilirsiniz, Tramp bu ölkənin siyasətçisi olsaydı, ya canlı efirə çıxıb ayaqqabısının altındakı deşiyi göstərərdi, ya debatda kiminsə üstünə su dolu stəkan atardı, ya da xaricə qaçıb “söyüş müxalifəti” olacaqdı. Variantlar çoxdur. Amma ola da bilərdi ki, axırda avtobusa minsin və ya gedib Ucarda ranço açsın, başını dolandırsın.

Beləcə, məlum olur ki, bu şəxsin yeganə siyasi uğur qazana biləcəyi ölkə ABŞ-dir. O da ona görə ki, son illərdə Amerika camaatında bir eqoizm əmələ gəlib, yenidən “qriit” olmaq istəyirlər, düşünürlər ki, özləri dünyanın 200-dən artıq ölkəsinə sərbəst girib-çıxa bilərlər, amma o ölkələrin vətəndaşları ABŞ-yə girə bilməzlər, hamının bunların dədələrinə borcu var, amma özlərinin heç kimə borcu yoxdur.

Tramp onların ürəyindən xəbər verdiyinə görə prezident seçilib. İndi o, amerikalıların etimadını doğrultmağa çalışır. Ancaq amerikalılar görsələr ki, “yenidən böyük” olduqları deyil, arada bank kartlarında “mani”lər azalır, üzləri dönəcək. Bizə baxmayın, bizdə “çörək olsa, mahnı da olar” devizinin Amerikadakı identik ifadəsi 200 ildir dəyişmir: “Mani olsa, mahnı da olar”.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR