İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdaşın sevgilisi - Zamin Hacı YAZIR...

Haçan baxsan bəzi adamları ağlaşma quran görərsən. Guya bizdə hər hansı müsbət dəyişiklik yoxdur, insan haqları pozulur, qiymətlər qalxır, müəllimlər dərs keçmir, həkimlər cəlladdır, cəlladlar isə mərhəmətlidir və sairə. Mən bu vəziyyətə qəti etirazımı bildirirəm. Faktlar əksini göstərir.

Dünən informasiya var idi, Bakıda icra başçısı olmaq istəyən şəxsi aldadaraq dələduzluğa yol vermiş tipi məhkum ediblər. Dələduz həmin vəzifə üçün sarsaqdan 400 min manat istəyib, 20 min beh alıbmış.

Burada istər-istəməz müqayisəli rəqəmlərə əl atmalıyıq, yazını quru rəqəmlərlə doldurmağı nə qədər sevməsək də. Misal üçün, əlimizdə Binəqədi rayon məhkəməsinin hakimi işləmiş Həsən Əliyevin cinayət işi vardır. Həsən müəllim 2015-ci ildə başqa bir sarsağı icra başçısı düzəldəcəyi adıyla tovlayıb 600 min manatını qapazlamışdı.

Fərqi görürsünüzmü? 2015-ci ildə 600 minə söz verilən vəzifə 2025-ci ildə 400 minə düşmüşdür. Bu isə böyük ucuzlaşmadır.

Bəs niyə pomidorun yeddi dəfə, kartofun altmış beş dəfə bahalaşdığını (misal üçün) danışanlar bunu görmək istəmirlər?

Əlbəttə, kartofun 1 kiloqramının 1 manat 50 qəpiyə, dana ətinin 20 manata, kərə yağının 35 manata qalxması faktları danılmazdır. Ancaq icra başçılığı ucuzlaşıb axı!

Yaxud, ASAN-xidməti götürək. Qabaqlar xarici pasport almaq üçün növbəni “28 may” metrosunda tuturdun, fırlanıb Kamal müəllimin keçmiş rektor olduğu Slavyan-ın yanından burulurdun, indi rektor olduğu İnyaz-ın böyründən qıvrılırdın, gələcəkdə rektor olacağı Balet məktəbinin arxasından keçirdin, arada “Nəsimi bazarının yüz illiyi” küçəsindən dönürdün, nəhayət gəlib “OVİR” adlanan sehirli idarəyə varid olurdun. Həmin növbələrdə anadan olan, məktəbə gedən, nişanlanan, Narxoza hazırlaşan, əsgər gedən, evlənən, rəhmətə gedən insanlar olub! Lakin siz indi beş dəqiqəyə pasportu peçatlayıb sizə verən ASAN-xidmətin qədrini bilmirsiniz.

Anlayıram, hər şey mədə-bağırsaqla, qarınla, kartof-soğanla ölçülmür. Lakin mənəvi sferada da dəyişiklik göz qabağındadır! Dünən yenə xəbər lentində oxudum: “Özünü DTX əməkdaşı kimi təqdim edib sevgilisini aldatdı”.

Nə qədər romantik xəbərdir... Hava sazaq olmasa lap bu xəbərin hərarətiylə qızınmaq mümkün idi. Keçmişdə belə hallara olurdumu?

Qətiyyən. O vaxtlar MTN əməkdaşları camaatı aldadıb eləmirdi, əməlli başlı tutub soyurdular. Nə sevgili tanıyırdılar, nə biznesmen. Hətta rəhmətlik Metro Tağının (burada “rəhmətlik” təyini hələlik nəqliyyat növümüzə aid deyil) məhkəmə hakimi işləyən övladını belə tutub idarədə üç gün girov saxlamışdılar, 3 milyon dollar alıb buraxmışdılar. İndi isə, maşallah, insanlar güc strukturlarımızın adından uzağı eşq-məhəbbət olaylarında bazburutlu görünmək üçün yararlanırlar.

Doğrudur, Binəqədi bələdiyyəsi sədrinin köməkçisi işləyən, 22 yaşlı Pərvin adlı bu romantik gənc də sevgilisi Leyla xanımı aldadaraq onun 34 min manatını ələ keçiribdir, lakin əsas olan məqsədin ülviliyi deyildirmi? Sitat: “Məhkəmə istintaqı zamanı məlum olub ki, tərəflər arasında barışıq əldə edilib. Dəymiş zərər ödənilib. Məhkəmə bunu nəzərə alaraq Pərvin barəsində 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib”.

Bəli. Hər şey xoşbəxt sonluqla bitib, Azərbaycanfilm bu barədə film də çəkəcəkdir. Halbuki, əski günlərdə Akif Çovdarovun zeytunluqda qışqırtdığı jurnalistlərin sorağı uzaq Firəngistandan gələrdi.

Yazını da dahi polyak Stanislav Yeji Lets-dən aforizmlə, optimist ovqatda yekunlaşdıraq: “Bizi dəfələrlə aldada bilməkləri mənə nikbinlik aşılayır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR