Onlayn ictimai-siyasi qəzet
Gördünüz Ermənistan sülhə nə yaxşı hazırlaşır? Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın sülh sazişinin imzalanması üçün Azərbaycanla dialoqu davam etdirməyə hazır olduğunu iranlı həmkarı Abbas Əraqçi ilə keçirdiyi brifinqdə də söyləyib.
Erməni diplomat deyib ki, uzunmüddətli sülhün təmin edilməsi üçün qarşılıqlı məqbul həllərin tapılması ilə bağlı işi davam etdirmək, danışıqlar aparmaq lazımdır. Əlavəsini də edib: “Bunun alternativi sadəcə yoxdur”. İrəvanın Bakı ilə sülh sazişini “mümkün qədər tez imzalamağa hazır” olduğunu iddia edən Mirzoyan elə danışıb ki, elə bil “süddən çıxan ağ qaşıq”dır.
Ararat Mirzoyanın “sülhpərvərliyinin dozası” o dərəcədə kəlləçarxa çıxıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi onun iddialarına reaksiya verməkdən özünü saxlaya bilməyib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə birgə mətbuat konfransında səslənmiş əsassız iddialarını şərh edib.
Bildirib ki, Mirzoyanın guya Azərbaycanın sülh müqaviləsinin mətni üzrə razılaşma əldə edildikdən sonra yeni şərtlər irəli sürdüyü barədə iddiaları tamamilə əsassızdır. Zəruri xatırlatma edilib ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müddəanın aradan qaldırılması, habelə Minsk Qrupunun rəsmən ləğvi tələbi son iki il yarım ərzində danışıqlar prosesinin vacib mövzuları sırasında olub və bu, Ermənistan xarici işlər nazirinə yaxşı məlumdur.
Bizim də şübhəmiz yoxdur ki, Ermənistanın baş diplomatı statusunu daşıyan Mirzoyan Azərbaycan XİN-in xatırlamalarından bixəbər olub. Ötən ilin yayında Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi ki, əgər ölkəmizə qarşı ərazi iddiaları əks olunmuş konstitusiyaya və normativ hüquqi aktlara dəqişiklik edilməsə, sülh müqaviləsinin heç bir əhəmiyyəti qalmayacaq. Sülhdən gecə-gündüz danışan Mirzoyanın Azərbaycanı növbəti dəfə şərləməsi və Əraqçiyə yalan danışması faktı da sübut edir ki, Ermənistan üzərinə düşən öhdəliklərə, Bakının tələblərinə əməl etməsə, bu, qondarma ölkənin mindilli rəsmiləri ilə hər hansı anlaşmanın mənası olmayacaq! Növbəti sübut: 2020-ci ilin hələ 5 ildir icra olunmayan 9-ci bəndi, Naxçıvana sərbəst gediş-gəlişimizə əngəl yaradılması!
Azərbaycan XİN xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Konstitusiya, Ermənistan milli qanunvericiliyi, məhkəmə iddiaları və siyasi bəyanatlar barədə faktlar hələ 2023-cü ilin may ayında Vaşinqton görüşü zamanı Ermənistan tərəfinə təqdim olunub. Bu barədə üçüncü ölkələr də tam olaraq məlumatlıdırlar. Yəni istisna deyil ki, Mirzoyan yalan danışanda Əraqçi ürəyində onun yalanına gülsə də, üzdə büruzə verməyin, çünki İrana sərf edən mövqedir. Əgər belə olmasaydı, Azərbaycanın əraziləri 30 il ərzində işğalda qalan zaman “qırmızı xətt”dən danışmağı ağlına gətirməyən, ərazi bütövlüyündən bəhs eləməyən, donuz fermasının saxlandığı məscidləri belə, görməzdən gələn İran rejiminin təmsilçisi İrəvanda növbəti dəfə Ermənistanın ərazi bütövlüyündən danışmazdı.
Bakı növbəti dəfə tələb edib: “Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, vaxt itirmədən Konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, Minsk Qrupunun rəsmən ləğvi istiqamətində əməkdaşlıqdan boyun qaçırmamalıdır!” Tamamilə məntiqli və ədalətli yanaşmadır. Amma nədənsə Əraqçi bu barədə İrəvanda kəlmə də kəsməyib. Şablon açıqlamalarla, Tehranın guya sülh prosesini dəstəklədiyini bəyan etməklə işini bitmiş sayan iranlı diplomat niyə ayrı-ayrı paytaxtların “həmsədr” qiyafəsində regionda peyda olmasına son qoyulmasından məmnun deyil?
Məntiqlə ABŞ, Fransa və digərlərinin regionda “sülhyaratma” bayrağı altında qalmasına və həm də İrana qarşı planlarda hansısa formada mövcudluğuna son qoyan Azərbaycana minnətdarlıq ifadə olunmalı idi. Amma yox, İran bu gün ABŞ hərbçilərini, hətta Almaniyadakı hərbi texnikasını onun “qulağının dibinə” daşıyan, Avropa İttifaqının kəşfiyyat dəstələrinin daha iki il regionda saxlanmasına qərar verən Ermənistana daha çox minnətdardır. Heç Gorusda konsulluq açan Fransaya görə də narahatlıq yoxdur. Amma tez-tələsik Qərbi Zəngəzurda – Qafanda baş konsulluq açmışdı İran, “Azərbaycan təhlükəsini” önləmək üçün. Belə absurd mövqe sahibi ilə görüşdə Mirzoyan əlbəttə yalanları bir-birinə calamalıydı və calayıb da.
Maraqlıdır, Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı deyil, İrana qarşı ərazi iddiaları əks olunsaydı, o halda iranın baş diplomatı yenədəmi ermənicə kitab yazıb, onun təqdimatını İrəvanda keçirər, Ermənistan rəhbərliyinə indiki kimi sarılardı?..Yaxud İran onun ərazisinə konstitusiya ilə iddia edən ölkə ilə sülh imzalayardımı? Bildiyimizə görə, ABŞ-nin İrana qarşı ərazi iddiası yoxdur. Amma İran elə bu günlərdə Vaşinqtonla danışıq aparmağa belə, ehtiyac duymadı. Di gəl, müsəlman qonşumuz ərazilərimizə iddia edən ölkə ilə az qala gözlərimizi yumub, sülh müqaviləsi imzalamağımızı istəyir(mi?) Özü də təkcə Azərbaycana qarşı yox, ikinci müsəlman ölkəyə - Türkiyəyə qarşı da ərazi iddiası tələbi var Ermənistanın. Bu siyasət hansı kitabda yazılıb, desinlər, bilək...
ŞƏRHLƏRŞƏRH YAZ