Onlayn ictimai-siyasi qəzet
“Atlantic” jurnalının baş redaktoru Ceffri Qoldberq Vaşinqton administrasiyasının rəsmilərinin ABŞ-ın Yəmənə endirdiyi zərbələri müzakirə etdiyi qapalı messencer qrupuna daxil edilib, çünki onun nömrəsi ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Uoltsun tabeliyində olanlardan birinin telefonunda saxlanılıb.
Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı “Newsmax” telekanalına müsahibəsində deyib.
Baş verənlərin səbəbləri barədə danışan Tramp, "biz hesab edirik ki, kimsə icazəsi olmadan xəttə çıxıb. Kimsə Mayk Uolts ilə əlaqədə olan, aşağı səviyyədə onun üçün işləyən şəxs. Belə başa düşürəm ki, onun telefonunda Qoldberqin nömrəsi olub. Və hansısa formada bu adam söhbətə qoşulub".
Amerika lideri qrupda heç bir məxfi məlumat paylaşılmadığını deyib: "Heç bir məxfi məlumat yox idi. Heç bir problem yox idi. Hücum son dərəcə uğurlu oldu".
ABŞ Nümayəndələr Palatasının Demokrat azlıqlarının lideri Hoakim Cefris messencer proqramında hərbi planları müzakirə edən jurnalistlə bağlı insidentdən sonra ABŞ prezidenti Donald Trampa məktubunda müdafiə naziri Pit Heqsetin vəzifəsindən alınmasını tələb edib: "Pit Heqset Amerika tarixinin ən bacarıqsız müdafiə naziridir. Onun Pentaqonun rəhbərliyində qalması milli təhlükəsizliyi təhdid edir və bütün dünyada hərbi forma geyinmiş cəsur kişi və qadınlarımızı təhlükə altına qoyur".
Heqset isə jurnalistlərə deyib: "Heç kim o qrupda hərbi planlarla bağlı mesaj göndərməyib, bu barədə deyə biləcəyim tək şey budur".
CNN-in verdiyi məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard Senatın Kəşfiyyat Komitəsinin dinləmələrində söhbətdə məxfi məlumatların olduğunu təkzib ediblər.
Gabbard and içərək "bu söhbət qrupunda heç vaxt məxfi və ya kəşfiyyat məlumatı olmayıb" deyib.
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Fox News-a müsahibəsində messencerdə qrupun təşkilinə görə məsuliyyət daşıdığını bildirib: "Mən tam məsuliyyəti öz üzərimə götürürəm. Qrupu mən yaratdım”.
Lakin Uolts Qoldberqin qapalı qrupa niyə daxil edildiyini bilmədiyini deyib. O, əmin edib ki, bu jurnalistlə tanış deyil.
Xatırladaq ki, martın 24-də Qoldberq martın 11-də Mike Uolts adlı istifadəçidən “Signal” messencerinə qoşulmaq üçün müraciət aldığını bildirib. İki gün sonra jurnalist ABŞ administrasiyasının üzvlərinin Yəmənə zərbələri müzakirə etdiyi qrup söhbətinə əlavə olunduğu barədə bildiriş alıb. Martın 15-də redaktor qeyd edib ki qrupda, Pet Heqset (Pentaqon rəhbərinin adı) adlı istifadəçi Yəməndə Ənsar Allah hərəkatının husi üsyançılarına qarşı qarşıdan gələn zərbələrin təfərrüatlarını, o cümlədən hədəflər, silahlar və zərbələrin gözlənilən başlama vaxtını özündə əks etdirən mesaj yerləşdirib.
Jurnalistin sözlərinə görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Brayan Hyuz ona Signal qrup söhbətinin həqiqiliyini təsdiqləyib.
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ