Onlayn ictimai-siyasi qəzet
Dünya qlobal keçid mərhələsinə sürətlə yaxınlaşır. Belə ki, 1945-ci ildən, yəni, ikinci dünya müharibəsindən sonra formalaşmış beynəlxalq siyasi-hüquqi sistem dağılmağa başlayıb. Hətta hesab etmək olar ki, formal xarakter daşıyan mövcud beynəlxalq siyasi-hüquqi sistem artıq işlək deyil. Çünki hazırda cərəyan edən qlobal proseslər mövcud beynəlxalq siyasi-hüquqi sistemin şərtləri ilə kəskin ziddiyyətlər təşkil edir. Və bu baxımdan, hesab etmək olar ki, müasir dünya artıq yeni beynəlxalq siyasi-hüquqi sistemə ehtiyac duyur.
Onu da qeyd etmək lazımdır ki, mövcud situasiyanın yeni tələbləri artıq beynəlxalq məkanda da etiraf edilməkdədir. Ancaq buna baxmayaraq, yeni siyasi-hüquqi sistemin hansı məzmun və keyfiyyəti daşıya biləcəyi hələlik qeyri-müəyyən xarakter daşıyır. Hər halda, hələlik bu barədə konkret təsəvvürlər mövcud deyil. Əsas səbəblərdən biri isə birmənalı şəkildə dünya nəhəngləri arasında davam edən kəskin qarşıdurma ilə bağlıdır. Və dünya nəhənglərinin yeni qlobal siyasi-hüquqi sistemi öz hegemonluq maraqlarına uyğunlaşdırmaq cəhdləri mövcud situasiyanı daha da qəlizləşdirir.
Belə anlaşılır ki, yeni dünya düzəninin formalaşma prosesi böyük ölçüdə məhz qlobal hegemonluq uğrunda mübarizənin nəticələrinə bağlıdır. Bu səbəbdən də, dünyanın qlobal keçid mərhələsində olması barədə iddialar tamamilə başadüşüləndir. Hər halda, qlobal keçid mərhələsinin real əlamətləri mövcuddur. Və bu prosesin təsəvvür ediləndən daha qısamüddətli ola biləcəyi də qətiyyən istisna deyil.
Məsələ ondadır ki, qlobal keçid mərhələsində avanqard qərarların verilmə hüququnun məhz ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın öhdəsinə düşə biləcəyi tamamilə inandırıcı görünür. Belə ki, hazırda ABŞ-ın şəriksiz dünya hegemonluğuna yönəlik hədəflərinin yeni Ağ Ev sahibinin beynəlxalq məkanda yürüdəcəyi siyasətin istiqamətlərinə bağlı olduğu o qədər də ciddi şübhə doğurmur. Və Tramp adminstrasiyasının xarici siyasət metodları da fərqli məzmun daşıya bilər.
Bayden administrasiyası son dörd il ərzində ABŞ-ın dünya hegemonluğunu daha çox hərbi və siyasi manevrlər ilə təmin etməyə çalışırdı. Belə ki, Ağ Ev ABŞ-ın geopolitik maraqları dalana dirənən regionlarda nəyin bahasına olursa-olsun, savaş vəziyyəti törətməyə üstünlük verirdi. Ardınca isə hərbi faktorları siyasi təzyiq mexanizminə çevirməyə cəhd göstərirdi. Və bununla da, Ağ Ev bir tərəfdən qlobal problemlər yaradırdı, digər tərəfdən də onların həllini öz üzərinə götürmüş olurdu.
Ancaq Tramp administrasiyasının bu xarici siyasət metodlarına sadiq qalacağı qətiyyən inandırıcı görünmür. Hər halda, ABŞ-ın yeni prezidenti, eləcə də, onun yaxın ətrafı Ağ Evin xarici siyasət metodlarının və hədəfə çatma alətlərinin böyük ölçüdə dəyişəcəyini biruzə verir. Ağ Evin yeni sahibi Bayden adminstrasiyasını dünyanı üçüncü dünya savaşına yaxınlaşdırmaqda suçlasa da, ABŞ-ın dünya hegemonluğu ilə bağlı planlarından imtina etmək niyyətində deyil. Və yeni seçilmiş prezident Donald Tramp ABŞ-ın itirilmiş beynəlxalq nüfuzunun bərpa olunacağını vəd edib.
Ona görə də, böyük ehtimalla Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına başlamasından sonra qlobal keçid dövrünün real istiqamətləri də aydınlaşmış olacaq. Üstəlik, bu istiqamətləri elə indidən təsəvvür etmək imkanları açan məqamlar da artıq müşahidə olunmağa başlayıb. Belə ki, Tramp administrasiyasının daha çox iqtisadiyyat mexanizmlırini ABŞ-ın xarici siyasət alətlərinə çevirə biləcəyi qətiyyən istisna deyil. Və Ağ Evin bundan sonra ABŞ-ın geopolitik maraqlarını iqtisadi-ticari mənfəət üzərindən təyin edəcəyi ilə bağlı ehtimallar daha inandırıcı təsir bağışlayır.
Tramp administrasiyasının mesajlarından belə anlaşılır ki, ABŞ-ın düşmənləri və dostları daha çox iqtisadi-ticari tərəfdaşlığa uyğun müəyyən olunacaq. Xüsusilə də, Ağ Ev ABŞ-ın dövlət büdcəsini qlobal qurumların maliyyələşdirilməsinə sərf etməyəcəyi şübhə doğurmur. Ağ Evin yeni sahibi artıq bəyan edib ki, Ümumdünya Səhiyyə Təşkilatı yarasız beynəlxalq qurumdur və ABŞ onu tərk etmək barədə düşünməli olacaq. Və bu, ABŞ-ın beynəlxalq məkanda qlobal təzyiq mexanizmi kimi təsir göstərə biləcək faktorlardan biridir.
Digər tərəfdən, yeni prezident Donald Tramp ABŞ-ın sərhəd qonşusu və NATO üzrə müvafiqi Kanadaya da birbaşa təzyiqlərə artıq indidən başlayıb. Belə ki, Ağ Evin yeni sahibi Kanadaya ABŞ-ın ayırdığı maliyyə yardımlarının tezliklə tamamilə kəsiləcəyini vurğulayıb. Onun fikrincə, Kanada indiki situasiyada ABŞ-ın ştatları sırasına qatılsa, daha doğru seçim olar. Və əks halda, Kanada ilə bağlı ABŞ daha yüksək gömrük standartları barədə düşünməli olacaq.
Maraqlıdır ki, prezident Donald Tramp Avropa Birliyinə qarşı da sərt mövqeyə malikdir. Belə ki, Ağ Evin yeni sahibi hesab edir ki, indiki siyasi-iqtisadi münasibətlər ABŞ-ın xeyrinə deyil və dövlət büdcəsindən əsassız xərcləmələrə səbəb olur. Xüsusilə də, prezident Donald Tramp Avropa Birliyi ölkələrinin öz milli təhlükəsizlik problemlərini ABŞ-ın hesabına həll etməsindən ciddi şəkildə narazıdır. Və bu səbəbdən də Avropa Birliyi ölkələrinə dərhal öz hərbi xərclərini artırmağı tələb edir.
Eyni zamanda, Ağ Evin yeni sahibi Avropa Birliyi ölkələrini ABŞ-dan enerji resursları idxalını artırmağa çağırıb. Üstəlik əgər, bu çağırışa pozitiv dönüş edilməzsə, ABŞ-ın Avropa Birliyi ilə ticarətə yeni gömrük rüsumları təyin olunacağını da qabardıb. Yəni, prezident Donald Tramp bir tərəfdən "qoca qitə" ABŞ-la ticarət dövriyyəsini artırmağa məcbur etməyə, digər tərəfdən də Avropa enerji resursları bazarını nəzarətə almağa can atır. Və buna əlavə olaraq da ABŞ büdcəni Avropa ölkələrinə maliyyə axınlarını bloklamaq niyyətindədir.
Təbii ki, bu, Avropa Birliyi üçün olduqca təhlükəli prosesdir. Çünki ABŞ-la mövcud iqtisadi-ticari münasibətlərin dəyişməsi birmənalı siyasi müttəfiqlik prinsiplərinə də təsir göstərə bilər. Belə ki, Ağ Evin yeni sahibinin hədəfləri Avropa Birliyinin məhz ABŞ-dan asılı vəziyyətə düşməsi ilə nəticələ bilər. Bu haldasa, hərbi-siyasi müttəfiqlikdən danışmaq çox çətin olacaq. Və Avropa Birliyi ölkələri Ağ Evdən gələn siyasi təlimatları qeyd-şərtsiz icra etmək məcburiyyətində qalacaq.
Nəhayət, prezident Donald Tramp NATO ilə bağlı da konkret planlara malik olduğunu qətiyyən gizlətmir. Belə ki, Ağ Evin yeni sahibi hələ bundan əvvəlki prezidentlik dönəmindən üzü bəri NATO-nun tarixi missiyasının sona çatdığına əmin olduğunu qətiyyən gizlətmir. Üstəlik, NATO-nun indiki maliyyələşdirmə sisteminin ABŞ büdcəsi üçün ağır yük olduğunu qabardır. NATO ölkələrinə öz hərbi xərclərini artırmağa və milli təhlükəsizlik maraqlarını ABŞ büdcəsindən kənarda təmin etməyə çalışır. Və ən əsası isə indiki formatda NATO-ya üzvlüyə ABŞ-ın hərbi-siyasi cəhətdən ehtiyacının olmadığını qabardır.
Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə qlobal siyasi-hüquqi sistemin tamamilə fərqli məzmun almağa başlayacağı şübhə doğurmamalıdır. Xüsusilə də, prezident Donald Trampın ABŞ-ın çiynində onilliklər boyu daşıdığı "yararsız yükləri" kənara ata biləcəyi istisna deyil. Hər halda, Ağ Evin yeni sahibi həm Avropa Birliyinə, həm də NATO-ya qarşı siyasi savaş açmaq üzrə olduğu müşahidə edilir. Və bu savaşda maliyyə-iqtisadi alətlər əsas zərbə mexanizmlərinə çevrilir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
23 Dekabr 2024
22 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ